This image has an empty alt attribute; its file name is si-ed-300x200.jpg

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi

DƏYMƏSİN

Qızışıb döyəndə gözlə,
Döşünə soyuq dəyməsin.
Ağlını topla başına,
Huşuna soyuq dəyməsin.

Bitməmiş fürsət dalbadal,
Çıxmamış əlindən macal,
Özünə uyğun papaq al,
Başına soyuq dəyməsin.

Nəfsin laylasına yatma,
Xeyir var, şər var unutma,
Hər tikəyə ağız atma,
Dişinə soyuq dəyməsin.

Ayağınla düz yola get,
Yaxşı danış, yaxşı eşit.
Gözlərinə yiyəlik et,
Qaşına soyuq dəyməsin

Əndəlib, el qeydinə qal
Doğrulardan dərsini al.
Hər işdə haqqı yada sal,
İşinə soyuq dəyməsin.

GEDİRƏM

Gəldim günəşli bir gündə,
Dumanda, çəndə gedirəm.
İzimi görənlər bilər,
Nə halda, gündə gedirəm.

Gedən dostlarıma deyin;
Bu qədər yeyin getməyin,
Siz Allah məni gözləyin,
Dayanın, mən də gedirəm.

Eh dünya, nə sən unutma,
Çöp olub gözümə batma,
Qəbirlə məni qorxutma,
Mən ora gündə gedirəm.