Dünya qayğılarından,

Tanış-biliş, qor-qohum,

ya sevgi uyğusundan

sıyrılıb şimşək kimi,

ayrılmağı bacardı…

Dövrü, dövlətiylə də

kəsdi ilişgiləri.

Şöhrət, hörmət, vəzifə

gördü ki, boşunadı.

Hamıyla haqq-hesabı

bitirib birdəfəlik,

yaşamağa başladı.

Milyarderlərin belə,

kəndinə qıymadığı,

ağla gətirmədiyi

keflər sürdü, yaşadı.

Sufi babalar kimi

“alçaq könüllü” oldu.

Hankı səmtə yürüsən,

Allaha doğru yoldu.

Cındırından cin hürkdü,

Gördü fikir də yükdü.

İçdi buz bulaqların

şır-şır axan suyundan,

Bağçalarda bayıldı

Çiçəklərin iyindən.

Cır meşə meyvələri

naharı, şamı oldu.

Şax-şəvəldən qurduğu

yatağı, damı oldu.

Gül-çiçəklə oynadı

kəpənək, arı kimi.

Ağaclara sarıldı,

həsrətli yarı kimi.

Hərdən də, quş quşladı,

ov ovladı özüyçün.

Çır-çırpıdan çatdığı

ocaqda kabab yedi.

“Nə qədər ki, sağam mən,

Şaham, sultanam” – dedi.

Bir gün mənsiz olacaq

Onsuz da, qoca dünya.

Guya ki, var olanda

almışdı vecə dünya?

Gələndə nə gətirdim,

gedəndə nə aparım?

Dünyamızın dadını

hər anımda taparım.

Yaşı əllini keçmiş,

Qəlbi uşaq qəlbidir,

Onun dayandığı yer

Himalaydan qəlbidir.

Körpə uşaqlar kimi

bulduğuna sevindi,

Hər anında var oldu –

Dəm indidir, dəf indi.

Köhnə velosiped də

tapdı bir gün özünə,

düşdü gözəlliklərin

cığırına, izinə.

Könlündən nə keçdisə,

Onun peşinə düşdü.

Gözündə nə güldüsə,

onun eşqinə düşdü.

Bir ay çobanlıq etdi,

bir ay odunçu oldu.

Bir ay şahmat oynadı,

bir ay tütünçü oldu.

Dağda kərənti ilə

ot da çaldı bir ara,

Canından axan tərə

dəyərdimi pul-para?

Ən gözəl musiqi də

təbiətin səsiymiş.

Ən ağıllı adam da,

bunu duyan kəsiymiş.

Məsciddə gecələrdi,

ya da karvansarada,

hərdən yoldaş olardı

bomju, avarası da.

Varlığa sevinərdi,

hər haya haylanardı.

Öz-özündən dəmlənər,

özündən hallanardı.

Yayda çayda çimərdi,

qış qarla yuyunardı.

Ürəyi təbiətlə

həmahəng döyünərdi.

Nə bir istəyi vardı,

Nə də ki, bir arzusu,

olmuşdu olacaqlar

hərisi, tamarzısı.

Sözə də sevinərdi,

Gözə də vurulardı,

Bu saflığa tuş gələn

özü də durulardı.

“Ruh bədəndən nə vaxtsa

uçacaqsa, indidən

ruhuma yardım edim,

niyə vaxtı ləngidim?” –

Sorğusuna varınca,

ucalmışdı gözündə

cücü, mücü, qarınca.

Nəfəsim də, ruhum da,

canımdan çıxacaqsa,

Sevdiyim hər şey məni

yandırıb yaxacaqsa,

qorxu-sorğularımdan

soyunub yaşamalı.

Yenidən bu dünyanı,

bütün bu kainatı

geyinib yaşamalı.

Dünyada əriməli,

dünyada kiriməli,

İlahi dərgahına

dünyadan yürüməli.

Hər şey sona doğrusa,

Hər şey “O”-na doğrudur.

Hər şey əbədiyyətə,

O bir ana doğrudur.

O bir anın sevgisi,

sonun sorağındayam.

Sonum Yeni dünyadır,

“SƏN”in sorağındayam.

Hər şey əgər “SƏN” isə,

“SƏN”də hər şey var isə,

axı nəyimə gərək,

“MƏN”im mənə dar isə.

“Hər şeydə varam” – deyib,

bu dünyayla barışdı,

Gözəllik aşiqiydi,

sevgilərə calaşdı.

Bu da, bir ömrün sonu –

Özünü tanıyandan

haqqı əyən olmadı.

Günlərin bir günündə

Qeybə çəkildi sanki –

O gündən bir də onu

“Gördüm” – deyən, olmadı.

Mənbə: https://edebiyyatqazeti.az/