Yeniyetməydik, gənc idik, biləndə ki, filankəsin  40, ya 50 yaşı var, sanki qədim, hansısa uzaq dünyadan əks-səda eşitmiş kimi birtəhər olurduq. İndi Arif Buzovnalının 50 yaşı tamam olur. “Necə keçdi bu illər?” – cavab almaq üçün vermirəm sualı. “Necə tez keçdi bu illər?” – bu sual da təəssüf və cavab üçün deyil. Eləcə Arifi düşünə-düşünə özümlə danışıram.

Buzovna sözü (bəlkə də daha çox səslənişi) mənimçün yeganə yer adı və sözdür ki, şeirlə bağlıdır, çox sevdiyim şeirin bir parçasıdır, lap dəqiq desəm, uşaqkən unudulmaz Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini eşidəndə (!) bu sözün yer adı olduğunu bilmirdim; sonradan biləndə isə yenə ilk səsləniş və ilk təəssürat ötüb-keçmədi. Odur ki, 50 yaşını qeyd etdiyimiz dostumun adı, təxəllüsü onu şəxsən tanımayanda belə şeir parçası olub mənim üçün və şairliyi məndə həmişə təbii hadisə təəssüratı yaradıb.

***

Arif Buzovnalı oxunmaq, yadda qalmaq kimi “klassik nigarançılığı olmayan” çağdaş şeirimizin görkəmli təmsilçisidir. Mənə görə klassik ədəbi ənənələrin təkrarsız davamçısı, o böyük şairlərimizin, qəzəlxanlarımızın yadigarıdır.

Arifa, bilməsə də özgəsi, dostlar biləcək,

Qədrini bir necə beytə sığışan arzuların.

Arifindir. O Arifin ki, öyrəndiyi ustadlar kimi yaxşı bilir:

Hər hərfin öz ahəngi olur sözdə, unutma

Hər kəlmədə vardır çəki, bihudə danışma…

Arif Buzovnalı indi təkcə ustad qəzəlxan deyil. O, indi klassik ədəbi irsin təfsirçisi, yorulmaz təbliğçisi, şeirşünasdır. Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin sədridir və bu məqamında onlarca gənc şairin, əruz aşiqlərinin, qəzəl müəlliflərinin müəllimidir. Hər həftə, hər ay təşkil olunan, özü də təşkil olunmaq xətrinə təşkil olunmayan, təblə, çoşqun şeir havasıyla dolu şeir məclislərinin mərkəz nöqtəsi, ilhamvericisi, aparıcısıdır.

Arif Buzovnalı, adı çəkiləndə ehtiram edilən, haqqında ciddiyyətlə söz edilən bir ədibdir – bunu mən dəfələrlə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi ilə söhbətlərdə də, həmkarlarımızın iştirakıyla fərqli şeir məclislərində və dostanə yığıncaqlarda da sezmişəm.

Yol-yoldaşı olmuşuq. Dəfələrlə geniş, əhatəli söhbətimiz olub. Klassik, milli ədəbiyyatdan da, dünya, xüsusən rus ədəbiyyatından, şeirindən də, elə dünyanın özündən, “gərdişi-dövrani kəcrəftar”dan da danışmışıq… dindən, irfandan və daha nələrdən. Arif Buzovnalı yaxşı, layiqli tərəf müqabilidir.

***

Şuşadakı ikinci günümüzdü. “Qarabağ” ötelinin qarşısındakı parkda II Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunan ilk tədbir, rəsmi kitab təqdimatları bitmişdi. Kiçik bir fasilə elan olunmuşdu deyə, hərə bir tərəfə dağılmış, Arif də öz otağına qalxmışdı. Parkdakı kitab köşklərinin birinin qarşısında musiqi çalınır, muğam-təsnif səsi gəlirdi. Gülyanaq xanımdı oxuyan. Həmkarlardan biri terrasdan Arifə zəng elədi, dedi ki, aşağı düşsün, bir az gəzişək. Az sonra Arif düşdü: – Mürgü aparmışdı məni, səs eşidirdim, elə bilirdim radiodur oxuyan, pəncərə açıqdı, sonra başa düşdüm ki, Gülyanaq xanımdı… Gedim təşəkkür edim… – dedi. Təvazö göstərib oxunan qəzəlin ona aid olduğunu söyləməsə də, biz bunu bilirdik.

Sonradan məlum oldu ki, Arif ora yaxınlaşar-yaxınlaşmaz  Gülyaz xanım bacısı Gülyanaq xanıma: – Bax, səhərdən qəzəlini ifa etdiyin şairdir, Arif Buzovnalı, – deyibmiş Arifi təqdim eləyərək. Yoxsa, ifaçı onu  tanımayacaqmış… Maraqlı, gözəl hadisədir: səni şeirinlə tanıyırlar.  Sağkən belə bir hadisəyə şahidlik eləmək hamının nəsibi olmaz. Ümumiyyətlə isə şairin taleyi yox, şeirin taleyidir ədəbiyyat və ədəbiyyat tarixi. Eləcə də Arif Buzovnalının şeirlərinin.

Çox yaşa, dostum!

Mənbə: https://edebiyyatqazeti.az/