Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri
Sənətkarın böyüklüyü yalnız əsərlərinin dərinliyində, yüksək bədii səviyyəsində deyil. Əgər onun yaradıcılığı cəmiyyətin həyatında mühüm rol oynayırsa, böyük bir mərhələ təşkil edirsə, mədəniyyət hadisəsinə çevrilibsə o zaman böyük sənətkar olur. Türk mədəniyyəti coğrafiyasının unudulmaz yazıçılarından olan Çingiz Aytmatov da belə sənətkarlardandır.
Əsində türk mədəniyyəti coğrafiyasının iki böyük Çingizi var: qərbdə Çingiz Dağcı, şərqdə Çingiz Aytmatov. Mədəniyyətimizdə “şərq” və “qərb”in əhəmiyyəti böyükdür.Əsrlərlə şərqdən qərbə axınlar olub. Bu eyni zamanda Türk qövmlərinin eyni mədəni mühitdə görüşməsi deməkdir. Əgər “Əlvida Gülsarı ” və ya “Gün var əsrə bərabər ” dən başlayıb ” Badam budağından asılı bəbəklər” yaxud da “Onlar da insandı” ya qədər getsək mədəni mühitdəki o görüş əsl mahiyyətini qazanmış olar.
Türk dünyasının bu gün ən böyük ehtiyacı coğrafi məsələlərə baxmayaraq, mədəni sərhədləri aradan qaldırmaqdır. Cingiz Dağcı və Cingiz Aytmatov Dunayla Sırdərya bir -birinə qovuşurmuş kimi görüşsə, yəni siz onların əsərlərini və fikirlərini mənimsəyərək qovuşdursanız o böyük coğrafiya sözün əsl mənasında “mədəniyyət coğrafiyası ” olar. Onlar yazdıqları əsərlərlə bir yandan həm siyasi həm də mədəniyyət tarixi olaraq böyük bir tarixi bizə xatırladır, bir yandan da xatirələrimizin və yaddaşımızın ən ağrılı hissəsini təşkil edən türk xalqlarına qarşı törədilmiş görünməmiş qəddarlıqları dünyanın gözləri önünə sərdilər. Bu gün mən bu iki nəhəng sənətkardan yalnız birinin-Cingiz Aytmatovun yaradıcılığına qısa bir nəzər salmaq istəyirəm.
Qırğızlar da belə bir deyim var : ” Canavar öz qidasını yoldan əldə edər və ya qurdu ayaqları bəsləyər.” Bizlər üçün bəslənmək M.Ə.Sabiri, C. Məmmədquluzadəni, Nizamini, Füzulini və adlarını saymaqla bitməyən başa ziyalılarımızla yanaşı Akifi, Yəhya Kamalı və digər türk mədəniyyətini təbliğ edən yazıçıların da əsərlərini oxumaqdır. Cünki yalnız həmrəy olmaqla, eyni fikir ətrafında birləşməklə güc əldə etmək olar. Həmrəy olaraq ciyin-ciyinə verməyin nə qədər vacib olduğunu çox aydın bir dillə izah edən məşhur deyim də söyləndiyi kimi “Tək ağacdan meşə olmaz”. Könülləri, fikirləri, hədəfləri birləşdirənlərdən olun deyə nəsihət edib atalarımız. Aytmatovun “Çingiz xanın ağ buludu” povestində buludun Çingiz xandan niyə küsdüyünü anlaya bilsək tək ağacın meşə olmayacağını daha yaxşı başa düşərik.
Çingiz Ayıtmatovun ən bariz xüsusiyyətlərindən biri milli olanı kəşf edərək onun arxasına ümumbəşəri dəyərləri qatmasıdır. Həsrət ümumbəşəri bir duyğudur amma İssık-Göldə üzən ağ gəmidə atasının gedib gəldiyini xəyal etmək və bu xəyalın üstünə ata həsrətinin romanını inşa etmək milli duyğu yaratmaq mənasını verir. İlk orta ali təhsilini baytarlıq sahəsi üzrə alan Aytmatov öyrəndiklərini yerli mədəniyyətlə birləşdirərək demək olar ki,bütün əsərlərində heyvan qəhrəmanlarına yer verib. ” Əlvida Gülsarı”dakı Gülsarı (ayğır), ” Ağ gəmi”dəki Buynuzlu Maral Ana, “Gün var əsrə bərabər”dəki Qaranər ( dəvə) və Sarala (at), “Dişi qurdun yuxusu”ndakı Əkbər (qurd) və Taşçaynar (qurd) və başqa heyvanlar yazıçı tərəfindən insan qəhrəmanları qədər yaxşı tanınaraq ustalıqla qələmə alınmışdı. Onların bəziləri zəngin mifoloji arxa fona da sahibdir. Elə məhz “Ağ gəmi”nin “Buynuzlu Maral Ana”sı Qırğızıstanın dirçəliş əfsanəsindən götürülmüşdür. Əsərdə bir nağıl qəhrəmanı kimi yerləşdirilmiş Buynuzlu Maral Ana Qırğız cəmiyyətinin dəyərlərini əks etdirən fərdi arxetipdir. Nağılda Enasay çayı sahilində yaşayan qırğızların məruz qaldığı soyqırımdan geridə qalan biri qız və biri oğlan olan iki uşağın İssık-Göl sahillərində məskunlaşaraq yenidən Qırğız cəmiyyətini yaratmalarından bəhs edir. Burada yazıçı milli olan bir hadisəni bəzi simvollarla ümumbəşəri səviyyəyə qaldırır. Burdakı Maral obrazı azadlığı əlindən alınan türk boylarının müstəqillik simvolu olaraq qarşımıza çıxır.
Çingiz Aytmatovun bütün dünyada geniş əks-səda doğuran “Gün var əsrə bərabər ” romanı ürəkləri parçalayan,tükləri ürpərdən bir fəryaddır. Amma ümidsiz bir çırpınış deyil,əsarətə, zülmə,sürgünə qarşı meydan oxumaqdır. Yazıçı bu romanında insanı yox sayaraq robotlaşdırmaq istəyən sistemin nə üçün çökməyə məhkum olduğunu böyük ustalıqla göstərməyi bacarmışdır. Bu əsər dövrümüzdə də öz aktuallığını qoruyub saxlayır. Çünki bu gün bir çox xalqların dilinə,mədəniyyətinə qadağalar tətbiq olunduğunu, tarixlərinin təhrif edilərək yaddaşlarının məhv edilməyə çalışıldığına şahid oluruq. Öz soyundan, kökündən, milli və mənəvi dəyərlərindən, uzaqlasdırılan xalqlar “manqurdlaşdırılmağa” məhkum olunur. “Gun var əsrə bərabər” əsəri inkar və məhv etmə siyasəti ilə qarşı -qarşıya qalmış bütün xalqların özləri üçün nəsə tapa biləcəyi cox dəyərli romandır.
Çingiz Aytmatovun əsərlərinin çoxunu ata yurdunun dastanlarıyla, əfsanələriylə qidalandırıb. Onun yaradıcılığı mifoloji materiallar ilə zəngindir. Mifologiya isə xalqların əsirlərin süzgəcindən keçmiş və bir çox yönüylə mücərrəd bir hal almış subyektiv tarixidir. Aytmatov bundan uğurla istifadə etməyi bacarmışdır. O , yalnız bir Qırğız yazıçısı deyil bütün türk dünyasının unudulmaz sənətkarıdır .
Aytmatov indi “Atabeyit” də əbədi yuxusundadır. Əsərləri isə mədəniyyət coğrafiyamızın ən parlaq məşəllərindən biri kimi fikir dünyamızı aydınlatmağa davam edir.
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin
“Jurnalistika ” ixtisası üzrə IV kurs tələbəsi