Azərbaycan Yazıçılarının XIII Qurultayı işgüzar şəraitdə uğurla keçirildi. Ədəbiyyatımızın hər nailiyyətini gözü götürməyənlər, Yazıçılar Birliyinə qənim kəsilmiş tək-tüklər yenə də bulanıq suda balıq tutmağa cəhd edirlər. Ayrı irad tapmayanda şəkillərə ilişirlər. Qurultayımızın Rəyasət Heyətində Nizamnaməmizə uyğun olaraq, Xalq yazıçıları, Xalq şairləri, akademiklər, AYB rəhbərləri oturmuşdular. Bu şəkilə etiraz edirlər. Bəs bunlar deyil, kim oturmalıydı? Əvvəllər yalnız müəyyən saytlarda və bəzi qəzetlərdə Yazıçılar Birliynə hücumlar edilirdirsə, indi bu «mübarək» işə bəzi TV kanalları da qoşulub. Yaşlı bir yazıçının məişət problemlərindən gileyini qəsdən şişirdərək, Yazıçılar Birliyinə qarşı yeni təxribata əl atırlar. “Yazıçılar Birliyi niyə həmin yazıçıya qayğı göstərmir” – deyə məsələni şişirdirlər, olayı TV kanalına çıxararaq, Birliyimizə qarşı məhkəmə qururlar. Bu şouda “Azərbaycanda yazıçı yoxdur”, “Mənim xalqım azərbaycanlılar deyil, min nəfərdi” sözləri səsləndi. Əvvəla onu anlamaq istəmirlər ki, Yazıçılar Birliyi yaradıcı təşkilatdır, İctimai təminat nazirliyi deyil, üzvləri olan 2300 yazıçının məişət məsələləriylə, maddi durumuyla, sağlamlıq problemləriylə məşğul olmaq öhdəliyimiz yoxdur. Bunun müqabilində «bəs onda bu Birlik nəyə lazımdır» sualını verənlər görünür yaradıcılıq problemlərinin nə demək olduğunu bilmirlər.

Yaradıcılıq məsələləri ədəbi əsərlərin müzakirəsi, yeni kitabların təqdimatı, ədəbi tədbirlər, yazıçı yubileylərinin keçirilməsi, xarici ölkələrlə ədəbi əlaqələrin qurulması, layiqli əsərlərin mükafatlandırılması, istedadlı gənclərin yetişdirilməsi və istiqamətləndirilməsi, ölkənin mühüm ictimai-siyasi prosseslərində mötəbər yazıçı sözünün səslənməsidir. Bütün bu vəzifələrin icrasına meydan verən ədəbi orqanlarımızın qorunub saxlanmasıdır.

Doğrudur, bundan başqa ən müxtəlif məişət, maddi durum, sağlamlıq, mənzil problemləriylə bağlı bizə müraciət edən üzvlərimizə də imkan daxilində yardım etməyə çalışırıq. Binamızın Birinci mərtəbəsinin icarəyə verilməsi məhz bu məqsədlədir və buna görə də başımız az çəkməyib. Bizə son iradlar onunla bağlıdır ki, ehtiyac olan yaşlı yazıçı Əlisa Nicatı təqaüdçülər siyahısına salmamışıq, amma Əlisanın özünün etiraf etdiyi kimi heç vaxt bu məsələylə bağlı bizə müraciət etməyib. Hər il 50 yazıçıya Prezident təqaüdü veririk. Hər il ən azı bu təqaüdə 200 iddiaçı ərizə verir. İndi özünüz insafla deyin, təqaüd üçün müraciət etməyən yazıçıya təqaüd versək müraciət edib almayanlara necə cavab verə bilərik?

 Müxtəlif səbəblərdən Yazıçılar Birliyindən narazı qalan kəsi dərhal dahi adlandırmaq da artıq dəb olub. Əgər bir-iki şeir ya mahnı yazmış, yaxud ifa etmiş adamların TV kanallarında dahi kimi təqdim edilməsini nəzərə alsaq, heç vaxt Azərbaycanda bu qədər dahi olmayıb. Hələ özləri özlərini dahi və istedadlı adladıranları demirik.

 Dahi Nizamidir, Füzulidir, Şekspirdir. Televiziya aparıcısı xanım qız bu sözü hər bir çağdaş yazıçıya aid edirsə, deməli, bu sözün mənasını bilmir. Ümumiyyətlə, bəzi TV aparıcılarında və şoumenlərində Yazıçılar Birliyinə səbəbsiz qəzəb onların ədəbi biliklərindən qat-qat üstündür. TV kanallarından biri təşkilatımıza qərəzli münasibəti açıq bildirməmək, gözdən pərdə asmaq üçün Yazıçılar Birliyinin bir təmsilçisini dəvət edərkən Birliyin fəaliyyətindən bixəbər ola-ola ona qarşı çıxış edənlərə meydan verir və təsadüfi adamlardan elə bir auditoriya yığır ki, «Yazıçılar Birliyi lazım deyil» deyəndə gurultulu alqışlar qopsun. Yaxşı, dağıdın, yox edin yazıçılar ocağını, binasını market, otel, hamam edin ya bir oliqarxın igamətgahına çevirin, qəzetimizi, jurnallarımızı bağlayın, burdan evinə çörək aparan yüzlərlə insanı işsiz qoyub dincəlin!

Xoşbəxtlikdən buna dişiniz batmaz.

Hər bir ədəbiyyatın magistral yolu doğma dildə yaranan söz sənətidir. Bu aksiomadır. Amma bununla belə müxtəlif tarixi və ictimai səbəblərdən doğma dilində deyil, başqa dildə yazanları milli ədəbiyyatdan silmək olarmı? Nizaminin, Xaqaninin farsca yazdığını bilməyən ya unudan birisi Çingiz Abdullayevin rus dilində yazdığına görə Azərbaycan yazıçısı saymırsa, təssəvür etmək olarmı ki, hansısa bir qazax ya qırğız şoumeni Çingiz Aytmatovu ya Oljas Süleymenovu rus dilində yazdıqları üçün milli yazıçı saymasın.

 Şoumen soruşur ki, Anar müəllim son otuz ildə nə yazıb? Bu suala cavab vermək üçün onu Yazıçılar Birliyinə dəvət edirik ki, Anar müəllimin son otuz ildə yazdığı kitabları ona təqdim edək. Amma hörmətli şoumen özüylə bir hambal də gətirsin. İyirmi qalın kitabı təkbaşına daşımaq ona çətin olar.

 88 yaşlı Azərbaycan Yazıçılar Birliyi Xalq və Dövlət tərəfindən dəstəklənərək fərəhli və şərəfli ömrünü davam edir. Heç bir təxribat, dedi-qodu, yalan və böhtan Azərbaycan Yazıçılar Birliyini Haqq yolundan, həqiqi ədəbiyyat yolundan, milli maraqlarımıza xidmət yolundan sapdıra bilməz.

 Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti

 5 dekabr 2022 

Mənbə: https://ayb.az/