ü

Əlisa Nicat: «AYB-də mənə qarşı soyuqluq o vaxt Rəsul Rzaya balıq aparmamağımın nəticəsidir». Müsahibə. 1 Dekabr 2022

 – Anarla münasibətləriniz necədir?

 – Yazıçı kimi işim yoxdur. Amma münasibətlərimiz isti deyil. Bunun da səbəbi var. Mənim bir səhvim üzündən Rəsul Rza məni çox incitdi. 10 il Yazıçılar İttifaqına üzv olmağa qoymadı, nəhayət, 1973-cü ildə Mirzə İbrahimovun göstərişi ilə üzv ola bildim. Bundan əlavə Rəsul Rza «Qızılbaşlar» romanımın çapına uzun illər mane oldu. Roman nə zaman çapa gedirdisə, rəy yazmağa qoymurdu.

 – Hansı səhvdən söhbət gedir?

– Rəsul Rza məndən balıq istəmişdi, mən də axmaq kimi onun bu istəyini qulaqardına vurmuşdum. Xahiş etmişdi ki, cənub bölgəsində yaxşı balıqlar olur, mənə də bir dənə gətirərsən, mən də elə bil tilsim düşdüm, balıq aparmadım. Sanki kimsə qarşımı kəsib balıq aparmağa qoymadı. O vaxta qədər mənimlə münasibəti yaxşı idi və hətta poemamı oxuyub ön söz yazacağını və məhz özünün çapa verəcəyini demişdi. Amma bir ədəd balıq mənim bütün həyatımı, həyat yolumu dəyişdi. Düşünürəm ki, AYB-də mənə qarşı bugünkü soyuqluq da məhz onun davamıdır. Mövcud situasiya onu göstərir ki, Anar da soyuq münasibətilə, laqeydsizliklə balıq ədavətini davam etdirir.

 Birinci şərh: Sizcə bu sözləri deyən adamın ağlı yerindədir? Bu sayaqlamanı başlığa qoyanların, buna inananların necə?

 –  Bəs son illər Anar sizinlə maraqlanırmı?

 – Yox, qətiyyən. Nə yubileylərimi, nə doğum günlərimdə heç bir zaman yada salmayıb. 7-8 il əvvəl Prezident təqaüdü üçün Prezident Administrasiyasına müraciət etmişdim. Çünki Azərbaycanın sırf fəlsəfi yazıçısı mənəm (Görəsən fəlsəfi romanları da bu müsahibəsi səpgisindədir?), mənim bu qədər romanlarım, əsərlərim, məqalələrim var. Amma Fatma Abdullazadə Prezident təqaüdü almağımın qarşısını aldı. O zaman Prezident Administrasiyasına ünvanladığım müraciətimin mətnini mənim necə yazıçı olduğumu müəyyənləşdirmək üçün Azərbaycan Yazıçılar Birliyinə göndərmişdilər. İnsafən deyim, Anar da cavabında yazmışdı ki, AYB Əlisa Nicatın Prezident təqaüdü almasına etiraz etmir. Anar onun sürətini mənə də göndərmişdi. Çox sağ olsun. Anarın mənə pisliyi keçməyib, amma eyni zamanda yaxşılığı da dəyməyib.

 İkinci şərh: Yəqin Anara bir dəfə balıq göndərdiyi üçün təqaüd almasına etiraz etməyib və yəqin daha balıq göndərmədiyinə görə başqa yaxşılığı dəyməyib.

Amma elə də sadəlöhv olmayın. Əlisa Nicatın ağlı yerindədir. Elə olmasydı kiçik bir incikliyini ümumxalq müzakirəsinə çıxarmazdı, kitablarını piar edib satdırmazdı və öz etirafına görə bir gecədə küllü miqdarda ianə qazanmazdı.

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN MƏTBUAT XİDMƏTİ

 5 dekabr 2022

Mənbə: https://ayb.az/