Şəhərin ən kənar məhəlləsində, qaranlıq bir küçədə yavaş addım səsləri durmadan küçəni döyəcləyirdi. Bu anda küçədə it-pişik səsləri də duyulmaqda idi. Zibil bu yerlərdə sanki küçənin hər tərəfinə səpələnmişdi. İt-pişiklərsə zibil qutularını eşələyir, özlərinə yem axtarır, nəyisə bölə bilməyəndə isə insanlar kimi dalaşmağa başlayırdılar. Onların hürüşməsi, arabir boğuşması yavaş-yavaş addımlayan adamı heç narahat etmirdi. Ara məhəllələrdən isə ətrafa pis tüstü hər axşam olduğu kimi yenə də yayılmışdı. Nədənsə bu şəhərdə hər kəs gün batandan sonra pis işlərini aradan qaldırırmışcasına onları yandırıb göyə sovurmağa can atırdılar. Pis qoxu isə bütün bu eybəcərliklərin ən dəhşətlisi kimi bu yerlərdə yaşayanların alın yazısına çevrilmişdi.
Addım səsləri şəhərin bu iraq məhəlləsindəki ən son qapının ağzına gəlib bir anlıq dayanmış kimi oldu. Qaranlıqdan üzü görülməyən bu kimliyi naməlum adam nə qədər qapını döyəclədi, açan olmadı. Heç bilmək də çətin idi ki, içəridə kimsə var, ya yox. Adam da bir neçə dəqiqə beləcə cəhd etdikdən sonra bir şey əldə etməyib yenidən üfunət dolu küçənin qoynuna atıldı. Bu andan sonra nəinki bu məhəlləni, bütünlüklə şəhəri kəskin soyuq da çulğamışdı. Dəhşətli dərəcədə hava sərt idi. Bu dəfə havanın sərtliyi insanların bu günlərdəki sərtliyi kimi kəskin və amansız idi. Bu havanın soyuqluğu necə olurdu ki, daha da sərtləşdirdi, amansızlıq qazanırdı?! Belə bir sual da insanların düşüncəsini heç məşğul etmirdi. Soyuq anlayışının əsl mahiyyətini düşünmədən onu yaşamağa adətkərdə olmuşuq, amma həqiqi mənada bilmirdik ki, soyuq əsl həqiqətdə nə olan şeydi.
Soyuq üşümək deyil, soyuq donmaq da deyil. Soyuq üşüdüyün, şaxtanın ən iti bıçaqtəkin səni isidəcək olan bir evinin, isti yuvanın olmadığı zaman duyduğun hisdir. Onu da yalnız belə havalarda qapılar üzünə bağlı olan bu kimi adamlar duya bilərlər. İsti yuvasında oturub isti çayını içənlər bilməz, onlarla evi boş olan, sadəcə birində yaşayan və digərləri qapısı qıfıllı qalan o insan deyilən varlıq isə heç anlamaz, anlamaq da istəməz. Bax belə bir soyuq, şaxtalı bir gün idi. Elə bir gün ki, dediyimiz insanlar onun dəhşətini anlamaqdan məhrum idilər, onlar isti evlərində oturub isti çaylarını ləzzətlə udumlayırdılar, hətta küçələrin, xiyabanların bəyaz qarına baxıb ləzzət də alırdılar. Belə bir gündə çöldə, doğrudan da, elə güclü külək əsirdi və dağlardan insan dərisini kəsən soyuq qar gəlirdi ki, sanki qəzəbi tutmuşdu. Bu qədər güclü bir soyuqda, qarlı-şaxtalı havada şəhərin küçəsində tək-tənha bir adamsa yoluna ara vermədən davam edirdi. Bu şəhərin ara-bərə məhəllələrində bir o idi, bir də olsa-olsa ins-cins…
Küçədə tək-tənha hərəkət edən adam olduqca fikirli-fikirli və özü də heç bilmədən hara gedirmişcəsinə bir döngəyə gəlib çıxdı. Küləyin vıyıltısı da, hansısa yaxın-uzaq dağların başından gətirdiyi dondurucu qar da sanki ona qənim kəsilmişdi. Adam arada bir öz-özünə “Sən nə istəyirsən bizdən, bizimki bizə bəs etmirmi?!” kimi cümlələrlə deyinirdi. Budur, o, döngəni dönəndə küncdə, zibil qutusunu özünə daldalanacaq etmiş bir əyyaşla da qarşılaşdı.
Bəs şəhərdə tez-tez rastlaşdığımız bu əyyaş kim idi, bilirsinizmi?! Yox, onu tanımazsınız, yəqin. Bilmirsiniz, bəlkə, bəziləriniz görübsünüz, amma onu ötəri tanıyırsınız, bilirsiniz. Axı siz hər zaman bir əyyaşa ötəri baxmısınız, ona heç diqqət yetirməmisiniz. İcazə verin biz deyək: Əyyaş insanın ən aşağı nöqtəsidir. Bir insan özünə nə qədər rəhimsiz ola bilər, bax o, o zaman əyyaşa çevrilər. Bu gəzən adamın qarşısında da belə bir insan, daha doğrusu, insanın ən aşağı nöqtəsində bərqərar olmuş bir varlıq dayanmışdı. Adam-sərkərdan və Əyyaş. Necə də ağır bir qarşılaşma!
Adam ona yaxınlaşdı və xeyli səssiz-səmirsiz baxdıqdan sonra soruşdu:
-Adın nədir?
Əyyaş isə başını qaldırmadan cavab verdi, dedi ki, adım Vəhşi, Xortdan, Atılmış… Heç özüm də bilmirəm adımı.
Bu həyatdan küsmüş, özündən nifrət edən adamın cavabı adamı narahat etdi, axı onun da bu gün gəldiyi vəziyyət beləcə əyyaşlıqla başlamışdı. Əyyaş cavan oğlan idi, amma düşdüyü bu çirkab onu sanki ahıl bir insana çevirmişdi. Üzünə diqqətlə baxanda bir zamanlar onun necə də gözəl olduğu, gənc xanımların diqqətini necə çəkə biləcəyi sezilirdi. Amma indi o günlərdən əsər-əlamət qalmamışdı.
-De görüm, neçə yaşın var?
-Yaş? Məni ələ salırsan. Nə yaş!
Əyyaş güldü:
-Mən yaşayırammı ki, yaşım da olsun. Rədd ol burdan! Nifrət edirəm insanlara.
Əyyaş bir insan belə görmək, səsini duymaq istəmirdi. O, əlindəki butulkadan son xortumu da çəkib bədəninə adama doğru fırladır:
-Rədd ol, dedim sənə!..
Adam tək-tənha yoluna davam etməyə başladı. Soyuq yenə güclü idi, təbiətə hakim kəsilmişdi. Səhər də yavaş-yavaş açılmaq üzrədir, insanlar daha isti çaylarını içib küçələrə axışmağa başlamışdılar. Bir azdan küçələrdə uşaqlar da gözə dəyir, onlar qar topu oynayırdılar, səslər, şən gülüşlər isə ətrafa yayılmışdı. Artıq günortaya doğru yeməkxanalardan isti hava, gözəl qoxular da yayılırdı küçələrə. Adam arabir dayanır, istinin və yeməyin qoxusunu içinə çəkirdi. Bəs yolda tək-tənha gəzən bu adam kimi idi? Nə vaxtsa bir nəfərə içini açıb tökmüşdü:
-Mən bir sərkərdanam, dilənirəm, həm də evsiz-eşiksizəm. Döşəyim oturacaqlar, beton döşəmələr, ən yaxşısı yaşıl örtüklərdi. Yastığım yoldan tapdığım bir plastik su butulkası. Yorğanım yayda olmur, payızda səxavətli ağacların yarpağı, qışda buludlar və illər öncə itirdiyim qızımın bəyaz libasıtək ağappaq olan qar olur. Dostum yoxdu, hamı mənə xor baxır. Düşmənim isə bir vəfasız dünyadı. Birinə yığıb yığıştıra bilməyəcəyi qədər verib, digərini lüt-üryan buraxıb. Birinin onlarla içi boş qalan ev-eşiyi, imarəti, digərinin gecələməyə bir daxması da yox. Dünya budu…
Adam düşüb şəhərin küçələrinə, insan yığını çox olan yollara. Dilənir:
-Allah xətrinə məni geri çevirməyin. Acam, istəyirəm…
Biri heç baxmırdı üzünə. Belələrindən o incimirdi heç, digəri söyür, təhqir edirdi. “İtil cəhənnəmə”… “Rədd ol burdan…” “Əclaf…”. Bir kimsə də pul verirdi, on qəpik, iyirmi qəpik… Bir manat… çox zaman da itə atar kimi.
Adam dəmir, bəzən də kağız pullar alırdı. Amma o, əslində, bu pulları heç istəmirdi, istəmirdi bunu insanlardan. “Axı, mən pul üçün dilənmirəm”,-deyirdi.
Bəs bu sərkərdan və o Əyyaş nə istəyirdi?! Ah, onları bir anlaya bilsək, dünya qurtuluşa varacaq. Onlar, təbiətin bütün insanlar kimi onların da payına verdiyi ruzidən, bərəkətdən istəyirdilər. İstəyirdilər ki, onları da anlaya bilək. Onlar birdən-birə belə bir insana çevrilməyiblər ki, bu vəziyyətlə bizlərin heç mi günahı yoxdur? İnsan yaradılmışların ən əşrəfi deyilmi?! Yaradılmışların ən əşrəfi olan insan beləmi hörmətə, rəftara layiq görülməlidir? Heyhat! Heyhat ki, heyhat!
…Adam bax belə bir dünyada, belə bir soyuq, qarlı-şaxtalı gündə etinazsızlıqdan payını almışdı, ona əzab verən, bəlkə də, havanın soyuqluğundan çox insanların biganəliyi, soyuq münasibəti idi. Belə bir vəziyyətdə o, ağır-ağır yolunda davam edirdi, çox düşüncəli idi, sanki hər kəsdən, hər şeydən ümidini kəsmişdi. Siz heç hər kəsdən, hər şeydən ümidini kəsən adam görmüsünüzmü?
Hava isə getdikcə soyumaqda davam edirdi. Təbiəti isidən Günəş bu nəhs gündə qəribəlikdən heç doğmadı da. İnsanlar isti evlərindən çıxdılar, işə gedən qayıtdılar, yollar, küçələr, xiyabanlar dolub-daşdı və artıq gün başa çatmaq üzrə idi. Budur, şəhərə qaranlıq da çökməyə başlayıb. Hər kəs isti yuvasına tələsir. Şaxtalı hava kimi onlar da necə sərt və soyuqdurlar, ilahi. Adam isə yenə küçələrdə tək-tənha. O, özünə sığınıb, üşüyür, yox daha üşümək mərhələsini də çoxdan adlayıb, o donurdu. Addımları da yavaşıyıb, artıq ayaqları addımlamır, onun sözünə baxmır, sürütlənirdi. Bir azdan adam yerə yıxılır, o, artıq ölümün pəncəsində idi. Bu yetmiş yaşına lövbər vurmuş bu kişi indi yıxılıb yerə. Qar da amansızcasına yağmaqda davam edirdi. İnanmayacaqsınız, adam ölüm ayağında gözlənilmədən istini hiss edir, bədəninə bir istilik hopmağa başlayıb, bədən artıq donmurdu. Bu anda onun gözündən yaş axdı. Sən demə, bu həyatın ona son zərbəsi imiş. Bu əcəl təri imiş onu basıb. Və ölüm, bir gün hamını haqlayacaq o əcəl gerçəkləşdi. Siz necə, düşünmüşdünüzmü ki, ölüm qurtuluşdur?! Adam beləcə qurtuldu ona əzab verən həyatdan. Amma yenə tək-tənha idi. Yanında onu sevən, onun üçün ağlayan, ah-nalə qoparan yox idi. Bəlkə də, beləsi daha yaxşı idi.
…İndi qar daha güclü yağırdı. Budur, bir azdan o, adamın üstünü sanki ağ kəfən kimi örtmüşdü.
Naxçıvan Muxtar RESPUBLİKASI.