Hansı adla xitab etsəm,
Eyni ünvan, eyni sənsən.
O gün səni çağırmaram,
hamı ilə eyniləşsən.

Çəkə bilmərəm adını,
“Ay filankəsin qadını”,
“Ay dostumun, doğmamın
övladını
dünyaya gətirənim”,
“Ay öz qismətini sevib,
bəxtini itirənim”…
-deyə bilmərəm sənə.

Deyə bilmərəm sənə
nə “sevgim”, nə “canım” daha.
Sevgimə şübhəm yaranar,
Olmaz həyəcanım daha…

İnan Allaha..,
yadıma düşə bilməzsən
ildə bir.
Bir olar hər şey mənimçün,
Tikan da bir,
gül də bir.

Bircə görüşsək,
nə olar?!
Bir az da demək çətindir.
İçini yeməyə nə var,
Sözünü yemək çətindir.

Sən hələ qal ürəyimdə,
Qal ayrıca, bir arzutək!
Baxaq görək, bizə zaman
nə verəcək?!
Baxaq, görək.