ŞADMANOVLAR
Kəlbəcərdə mayası sözdən yoğrulanlar
Klassiklərimiz etiraf ediblər ki, Söz adamı barədə yazmaq həm çətindir, həm də asan. Onların adi həyatdan kənarda bir özgə dünyaları olur ki, qapılarını ancaq fitrətdən gələn ilahi təb aça bilir. Bu mənada hər kəs Söz adamı barədə nə isə deməyə bir çox hallarda cəsarət etmir…
Söz adamlarının qəlbini çağlayan-qaynayan bulağa – çeşməyə bənzədənlər də səhv etməyiblər. Bulaq yerin dərin qatlarından necə süzülüb saflaşıb çıxırsa, Söz də, əsil və kamil ifadə də beləcə doğulur: müəllifin ürəyinin cövhərindən, qəlbinin nurundan, duyğularının süzgəcindən süzülüb, qaynayıb-daşır.
Hər bir yaradıcı kəsin söz dünyasında xüsusi, onu riqqətə gətirən, düşündürən, incidən, əzən və sonda rahatlıq verən bir mövzu olur ki, onu oxucularına daha tez tanıdır və oxudur.
Bununla yanaşı, təəssüf ki, bəzən ədəbi aləmdə hiss olunan pərakəndəlikdən girəvəbazlar “məharətlə” istifadə edir, söz yığınından ibarət mədhiyyələr yazır, hətta, qalın-qalın kitablar da buraxırlar. Bu, ilk baxışdan o qədər də qəbahət sayılmır. Çünki illərlə xalqımızın istedadlıları senzuraların paslı qıfılı altında saxlanıb və sıxılıblar. Amma o da var ki, həmin “bolluğun” içərisində baş Sözün yanında boş sözlər də az olmayıb. Əlbəttə, belə “külliyyat”lar Azərbaycan ədəbi aləminə daxil ola bilməz, çünki həmin “əsər”lərin “müəllif”ləri xalqımızın Söz salnaməsini yaratmaq və qorumaq məsuliyyətində və qabiliyyətində deyillər.
Onu da bəri başdan deyək ki, Kəlbəcərdə doğulanların şeir yazmasına, qafiyəli danışmasına təəccüblə baxmayıblar. Bu mənada haqqında söz açmaq istədiyimiz Şadmanovlar ailəsində də istedad tanrıdan gəlmə, ilahi vergi kimi qəbul edilib.
Ailənin ağsaqqalı Yunis müəllimdir. Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsində 1940-cı ildə anadan olub. 1961-1966-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. 1988-ci ilə kimi Kəlbəcər rayonunun Zivel kənd orta məktəbində çalışıb. Bədii yaradıcılığa hələ erkən yaşlarından, əslində, tələbəlik illərindən başlayan Yunis müəllimin şeirləri “Kəlbəcər dünyası: yüz şairin bir kitabı” antalogiyasında dərc edilib.
Yunis müəllimin 5 övladı var. O, dörd oğlundan ikisinin (Əkrəm və Nəsimi) Vətənin keşiyində zabit kimi dayanmasından qürur duyur. Yaradıcılığı əsasən klassik aşıq şeirlərindən (divani, qoşma, gəraylı və s.) ibarət olan Yunis müəllimin və oğlanları Bəxtiyarla Nəsiminin könül duyğularından səhifələnən bir toplu var qənşərimdə: “Yoğrulmuşam Kəlbəcərdə”. Kitabın bütünlüklə məziyyətlərindən söz açmaq fikrində deyiləm. Lakin nümunə çəkəcəyimiz şeirlərin fəlsəfi yükünün altına çiyinlərimizi verməyə çalışacam.
Öncə xatırladım ki, buradakı şeirlər basmaqəlib deyillər, baxmayaraq ki, klassik janra daha çox yer ayrılıb. Çox hallarda müəlliflər düşünməyiblər ki, hansısa beyt və ya misra qəlibə sığmayır. Qəlibə sığmayan azad Söz isə fikri daha aydın və rəvandır, müxtəlif yozumlar daşıyır ki, bu da oxucunu düşündürür, fikrinin yüz yerə haçalanmasının fərqinə varmağa məcbur olur. Deməli, əsl qələm sahibləri oxucusunu düşündürməyi və məna ilə məzmunun bir-biri tamamlamasının fərqində olmasını bacarır. Yunis müəllimin “Heyf” rədifli qoşmasına diqqət yetirsək, fikrimizi aydınlaya bilərik:
Dərdlərin böyüyü mənimdir, mənim,
Qoyuldum hədəfsiz kamana, heyf.
Özümdən kəsildi özümə qənim,
Canlar həsrət qaldı canana, heyf.
Nə qədər yurdumdan yoxdu xoş soraq,
Yüklənir çiynimə qəm qalaq-qalaq.
Cansıza can verən loğmana bir bax,
Möhtacdır bir udum dərmana, heyf.
Şimşəklər oynadı başımın üstə,
Mənasz il gəldi yaşımın üstə.
Yunusam, qayıtsam daşımın üstə,
Yuvama demərəm viranə, heyf!
Göründüyü kimi, şair bu qoşması ilə dərdlərini, yurd ağrılarını – kəlbəcərsizlik həsrətini qoşalaşdırıb. Demək, bədii yaradıcılıq nümunələri, əslində, milli-mənəvi dəyərlərdəndir. Çünki, heç bir əsər təsadüfdən yarana bilməz. O, yarandığı dövrün ictimai hadisəsinin ifadəsidir. Burada da şair yağılar tərəfindən yağmalanan yurdunun həsrətini dilə gətirir və əgər o yerlərə dönəcəksə, dağıdılmış, tar-mar edilmiş, külü göylərə sovrulmuş yurdunu viranə adlandırmayacağını dilə gətirir. Yunis müəllimin adıçəkilən kitabda yer alan lirik ağrıları janr etibarı ilə də fərqlənir. Bir gəraylıya da diqqət yetirək:
İnsan oğlu al-qumaşa
İstəyir ki, bükə dostu.
Gəda gəlib keçsə başa,
Hesab etməz tükə dostu.
Əfsanədir dövlət-var da,
Sınaşasan boran, qarda.
Səni qoyub qaçar darda,
Şirin loxma, tikə dostu.
Şəmiloğlu üzə gülməz,
Qəddin əyməz qədirbilməz.
Dil desə də, ürək gəlməz,
İmtahana çəkə dostu.
Əlbəttə, məqsədim yalnız Yunis müəllimin yaradıcılığından ətraflı söz açmaq deyil, bu ailənin timsalında kəlbəcərlilərin ilahi vergili olmasını bir daha dilə gətirməkdir. Bu ailədə ikinci qələm adamı kimi tanınan Bəxtiyardır. Bəxtiyarı digər ailə üzvlərindən fərqləndirən xüsusiyyətlər azdır. Kəlbəcərə, doğma ailəsinə (ata-anası başda olmaqla, qardaşlarına və bacısına, eləcə də əmisigilə, Kamran müəllimin balalarına) olan sədaqəti ilə seçilir. Hərdənbir səbirsizliliyini də hiss etmək mümkündür ki, bu da onun haqsızlığa dözümsüzlüyüdür. Bütün bunlarla yanaşı, Bəxtiyar söz və könül adamıdır, duyğusaldır, hissi güclüdür. 1977-ci ildə müəllim ailəsində Kəlbəcərdə anadan olub. 1984-cü ildə Kəlbəcərdə 1-ci sinfə getsə də, orta məktəbi doğulduğu doğma yurdda deyil, didərgin düşdüyü 1993-cü ildə Murovun bu üzündə bitirib. Uzun müddətdir ki, Xırdalan Pivə Zavodunda çalışır. İctimaiyyətçidir. Kəlbəcərlə bağlı bütün ictimai, bədii-kütləvi tədbirlərdə iştirak edir. Onun da şeirləri ”Kəlbəcər dünyası: yüz şairin bir kitabı”nda dərc edilib.
Atası kimi, oğulun da əzəli-əbədi dərdi, dilinin acılı-şirinli kəlməsi doğma yurd-yuvadan perik düşməsindən, o yerlərin həsrətindən boylanan qəm-möhnətdən yoğrulub. Bunu hiss eləmək o qədər də çətin deyil, Tanrısına xitabən yazdığı “Kəlbəcərə göndər məni” qoşmasında olduğu kimi:
Dünyanı yaradan Tanrı,
Kəlbəcərə göndər məni.
Dəlidağın zirvəsində
Bir qayaya döndər məni,
Kəlbəcərə göndər məni.
Orda yoxluqdan qorxmuram,
Burda toxluqdan qorxuram.
Qartal üçün darıxıram,
Ağlat məni, güldür məni,
Kəlbəcərə göndər məni.
Vurğun dolaşan dağlara,
Ötən-itən o çağlara.
Yetir məni bulaqlara,
Dirilt məni, öldür məni,
Kəlbəcərə göndər məni.
Bəxtiyara olub zülüm,
Yolları kəsibdi zalım.
Mamır olub daşda qalım,
Sən yuvama endir məni,
Kəlbəcərə göndər məni.
Bəxtiyar Yunusoğlunun şeirləri sadə dildə yazılsa da belə, onun hər sətrinin altında bir fəlsəfə yatır. O, sözü bir-birinə söz xatirinə calamır, qafiyə qovmur, çox güman ki, qələminə gələnlər xəyalının dolmuş buludundan damanlardır – dumdurudur, çünki göylərin göz yaşıdır. O, əslində, şeir yazmaq üçün oturub dirsəyini dizinə söykək eləmir, gözləri yol çəkdimi, dumanlı xəyalında səfi pozulmuş durna qatarına bənzər misralarını görür. Əl uzadıb onları bir sıraya düzür, elə bilir ki, bu durnaqanadlı qatarla doğma yerlərə yollanacaq:
Eli köçmüş yurda bənzər,
O haldayam, ağrın alım.
Ruhum hər an yurdu gəzər,
Xəyaldayam, ağrın alım.
Ləl yatağım Kəlbəcərdi,
Vətənsizlik dərd, kədərdi.
İndi yuvam Biləcərdi,
Gör hardayam, ağrın alım!
Fəna dünya dəyirmanı,
Üyüdüb çox pəhləvanı.
Bəxtiyaram, hər bir anı
Zavaldayam, ağrın alım.
Günah olardı xatırlamasaq ki, qardaşların hər birinin saza-sözə mehr-məhəbbəti çoxlarına nümunədir. Əslində, qardaşların hər bir keyfiyyəti örnəkdir. Bəxtiyarın qardaşlarından biri də sazı sinəsinə basanda din-imana qovuşan Cavanşirdir. Məlahətli səsiylə incə zərif barmaqları pərdələrlə eyni ruha köklənəndə telli saz zilli-bəmli yandırıb-yaxır. Elə Bəxtiyarın da kövrələn anlarında ona poeziya diliylə müraciəti bundan irəli gəlir. Bax, bu da bir ailənin musiqili dünyasıdır: yazan, saz çalan və ifa edən bir ailə. Gözdən-nəzərdən uzaq olsunlar… Bəxtiyar yazır:
Cavanşir, qardaşım, bir “Dilqəmi” çal,
Ömrüm körpəlikdən qəm içindədi.
Gen düşəndən ellərimdən, obamdan,
O gündən gözlərim nəm içindədi.
Gün-gündən əriyir qəlbimin yağı,
Sinəmə çəkibdi namərdlər dağı.
Bir də geri dönməz ömrün gənc çağı,
Elə bil varlığım şəm içindədi.
Bəxtiyaram, sinəm hədəf, dərdim ox,
Nə yerdəyəm, nə göydəyəm, məkan yox.
Müəmmadı, mənzil yaxın, kirə çox,
Amalım sirli sitəm içindədi.
Vətənə zabit kimi qulluq edən mayor Nəsimi Şadmanov isə mayor qardaşı Əkrəmdən bir qədər fərqli mövqeyi ilə seçilir, baxmayaraq ki, qulluq göstərdiyi hərbi xidmətdə də o, üzərinə düşən Vətənə xidmət borcunu layiqincə, şərəflə yerinə yetirdiyi üçün saylıb-seçilir (Əkrəm Şadmaov kimi) və komandanlıq tərəfindən dəyərləndirilir. Az-az hərbçi tapmaq olar ki, ruhunda poeziya yuva qursun.
Tanıyaqmı cənab şair-zabitimizi? 1981-ci ildə Kəlbəcərin Zivel kəndində dünyaya göz açıb. 1987-ci ildə Ziveldə orta məktəbə getsə də, həmin doğma məktəbin məzunu olmaq çoxları kimi, ona da Nəsimiyə də nəsib olmayıb. Kəlbəcər erməni-rus qoşun birləşmələri tərəfindən 1993-cü ildə işğal ediləndə onların da ailəsi doğma yurd-yuvadan perik düşüb. Bir müddət Göygöl rayonu ərazisində sığınacaq tapıblar. Sonralar Xırdalana köçüblər. Nəsimi də Xırdalanda sığınacaq tapan Kəlbəcər 20 saylı orta məktəbin səkkizinci sinfini 1994-cü ildə, C. Naxçıvanski adına hərbi liseyi 1998-ci ildə, H. Əliyev adına Ali Hərbi Məktəbi isə 2002-ci ildə bitirərək Hərbi Akademiyada təhsilini davam etdirib. Nəhayət, o, cəbhə bölgəsində Vətənə xidmətə yollanıb. Hazırda Vətənə zabit kimi qulluq göstərən Nəsiminin də qələmindən şeir-sənət nümunələrinin süzülməsi ilk növbədə gendən, soy-kökdən gəlmə ilahi vergisidir. Nümunə üçün Nəsimi Şadmanovun qardaşı Bəxtiyara ünvanladığı bir qoşma-məktuba nəzər salmaq kifayətdir deyək ki, o, əsl söz adamıdır – qəlbi poetik duyğularla silədir, bulaqdır:
Mən sənlə həmişə fəxr eyləmişəm,
Yalan niyə deyim düzə, qardaşım?!
Qohum yüz olsa da, bunu bilmişəm,
Dəyərsən əlliyə, yüzə, qardaşım.
Acı günlər gördük şirin həyatda,
Şirin loxma yedik kasıb büsatda.
Acılı-şirinli bu kainatda
Acı yedirmədin bizə, qardaşım.
Sınmadın zamanın məngənəsində,
Gəzərkən tayların eşq həvəsində.
İtirib-tapsan da hər dəfəsində,
Döymədin heç zaman dizə, qardaşım!
Qibtəylə baxırlar çoxları bizə,
Gəlməsin ailəmiz nəzərə, gözə.
Nəsimi, deyilən acı, düz sözə
Hər kəsə gərəkdir dözə, qardaşım.
Nəsiminin Bəhmən Vətənoğluya ünvanlı bir qoşmasına da diqqət yetirək:
Bəhmən əmi, niyə elə deyirsən,
Hamıya bəllidir, bil, sənin ağlın.
Bir aləmdi, bir şeirdi, bir də sən,
Salır ürəklərə xal sənin ağlın.
Sən arifsən, sən alimsən, sən loğman,
Sözlərin hər kəsə olubdu dərman.
Ürəklər odlara qalanan zaman
Qaynayan bulaqdır, sel sənin ağlın.
Nəsimi söyləyir səndə gördüyün,
Bu nə ahdı, bu nə ufdu, bu nə ün?!
Söz mülkündən bürcü-qala hördüyün
Dilsizə gətirər dil sənin ağlın.
… Məncə, əlavə şərhə ehtiyac yox. Şairlik iddiası olmayan bir ailənin üç nəfərinin şeir-sənət nümunələrindən kiçik bir sovqat ərmağan eləmək istədik…
Sözün yaradıcısı İlahi olduğundan, onu qorumaq da ruhən, qəlbən göylər səltənətinə bağlı olanların payına və qismətinə düşüb. Bu, əlbəttə, şərəfli missiyadır. Belə söz keşikçilərimiz zaman-zaman barmaqla sayılacaq qədər olsalar da, yaddaşlara yazılıblar, klassikləşiblər. Onlara qısaca belə ad vermək olar: ədəbi söz mülkünün sahibləri. Şairlər ailəsi kimi tanınan Şadmanovlar da məhz belələrindəndir – barmaqla sayılanlardandır. Ata və iki oğul yalnız başçısı olduqları ailədə deyil, ədəbi mühitdə də Söz sahibi kimi tanınırlar.
Əlbəttə, bir məqalədə üç el şairinin yaradıcılıq nümunələri sayılacaq şeirlərini təhlil etmək imkanımız xaricindədir. Yunis müəllim başda olmaqla (necə ki, bu gün nəslin başbiləni kimi sayılıb-seçilir, qədir-qiyməti bilinir, qulluğunda dururlar), bu ailənin qələm və söz adamlarına yaradıcılıq uğurları və doğma yurda qovuşmalarını diləyək.
Məhəmməd NƏRİMANOĞLU