Tahir  Yusif oğlu Mehtiyev 
                 ömrünü-gününü  Kəlbəcərinə həsr eləsə də...

Təəssüf ki, bu günü görə bilmədi, çünki şərəfsizlər ömrünə qənim kəsilmişdi, onu da terrora məruz qoydular illər öncə…
Vətənə vətəndaş olmaq üçün əsas şərt o deyil ki, orada yaşayasan, onun havasını udub, təşnələnmiş sinəni suyu ilə soyudasan, yağışında, tufanında, boranında donasan, dağlarının gədiklərində, qayalar başında heykələ dönəsən. Bunlar onsuz da hər kəsə həmişə nəsib olmayan (amma bir zamanlar yaşanmış) bəxtəvərlikdir. Çünki Vətənin hər daş-qayasını, çöl-çəmənini od baxışlarınla oxşayırsan. Deməli, Vətən daşının, qayasının mamırı olmaq qürbət həsrətini yaşamamaq deməkdir. Sevimli şairimiz Məmməd Araz məhz bu baxımdan Azərbaycan təbiətinin hər qarışını, gülünü-çiçəyini, çölünü-çəmənini misralarında çələngə çevirmişdir. Məmməd Aslan isə özünü «təbiətin süd qardaşı» saymışdır.
Elin çoxşaxəli söz dühası, obrazlı deyim tərzi, sənət gülşəni nələr göyərtməmiş?! Buradan qida alanlara, bar-bəhrə yığanlara – bəşər mədəniyyətinn incilərini yaradanlara nələr verməmişdir, ilahi?! Demək, elin yaddaşında yaşayanlar həm tarixcə qədim, həm də el sənətinə bağlılığına görə zəngin material verir. El yaddaşnı dindirməyi bacaran, ondan ustalıqla faydalana bilən söz sərraflarının yaradıcılığı xalqın özü qədər ömürlü, dili qədər şirin, məntiqi inandırıcı və kəsərlidir.
İlham çeşməsini təbiətin əsrarəngiz gözəlliklər diyarında axtaranlar səhv etməyiblər. Belə əlçatmaz ülvi məkanlardan biri olan Kəlbəcərdə də yazıb-yaradanlar az olmayıb. Tarixlərə soraq salmaq, Vətən təbiətinin füsunkarlığından doğan haqlı qürur, sinəsi səngərləşən sərt dağlarımız, sal qayalarımız, şır-şır bulaqlarımız, soykökümüz, dünənimiz–bu günümüz, barımız-bərəkətimiz xalq poeziyasından yazılı ədəbi nümunəyə ayaq açmışdır.
Qəlbi poetik duyğulu insanın qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, sevinc çuğlayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucuları ilə bölüşməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır.
Kəlbəcər kimi cənnət-məkan bir diyarda yaşayanların da təbii ki, haqqı yox idi ecazkar mənzərəli təbiətindən ilham almasın, şer yazmasın. Bu behişt yurdun təbiətinin özü də şair idi, sanki. Tərtər, Tutqu, Qamışlı və neçə-neçə dağların mürgülü gecələrinin bağrını yaran dəlisov çaylar həm də burada gecə-gündüz mahnı bəstələyən bəstəkarları xatırladırdı. Sanki sinələrdə, düzənlərdə, yollarda, yamaclarda, yaylaqlarda yaranan və sayı-hesabı bilinməyən yollar-yolağalar, çığırlar-izlər yazılmış, lakin hələ oxunmamış neçə-neçə dastanın misralarıdır; şiş qayalar bu şerlərin «nida»sı, zirvələr «nöqtə»si, boynubükük bənövşə «sual işarəsi», nərgizin ləçəyi isə «vergülü»dür.
Belə bir ilhamverici diyarda böyüyüb başa çatan, pərvazlanıb uçan, zirvələrə qonmağa çalışan bir çox kəlbəcərli alimlər, şairlər, aşıqlar yazıb-yaratmış, çox şükürlər olsun ki, bu gün də öz peşələrini məharətlə, sənətkarlıqla davam etdirirlər.
KƏLBƏCƏR – sərvət yatağı
Kəlbəcərin sərvətlərini saymaqla qurtarmaz. Təbii sərvətlər diyarı olması artıq bəşəriyyətə məlumdur. Mənfur ermənilər məhz onun təbii qala olması ilə yanaşı, həm də onun sərvət yatağı olduğuna görə ora göz dikmişdi.
Hələ 1996-cı il aprel ayının 1-də bir qrup kəlbəcərli ziyalılarla görüşündə Ulu Öndər bildirdi ki, Kəlbəcərin nəinki təbiəti, insanları da sərvətdir. Bu, elə-belə, ötəri yerə nitqinə gəlməmişdi Ümummilli Lider Heydər Əliyevin. Doğrudan da Kəlbəcər torpağında boy atanlar vətənpərvərlikləri ilə də tarix boyu seçiliblər. Bu yerlərin igid, cəsur oğulları, düşmənə sipər qəhrəmanları da az olmayıb. Məhz buna görə zaman-zaman Kəlbəcərə diş qıcayan ermənilər bu dərəyə – dağların qoynuna girə bilməmişdi, ta satqınların el-obalarımızı perik saldıqları o günlərə kimi…
Tarixi və əlamətdar günlərimiz az olmayıb. Bunların sırasına yazılanlardan (əslində, mənim baxışımla) biri də11 dekabrdır. Əlbəttə, bu tarixi gün hər kəsin həyatında bir iz buraxıb gedib: kimisi dönüb ötən və itən illərinə boylanır – sevinib, yaxud heyfsilənməyindən asılı olmayaraq, kimi də gələcəyinin məhz bəlkə də bu gündən başlandığını güman edir.
Mənim həyatımda həmin gün iki şəxsiyyətin özəl ömür səhifələrində mənalıdır. Bunlardan biri Ulu Öndərimiz Heydər Əliyev, o birisi isə Kəlbəcərdə dünyaya məhz bu gün gəlmiş, həyatını sevdiyi xalqına bəxş eləmiş, millətinin milli müstəqilliyinə qovuşmaq üçün mücadilə yoluna çıxmış və qəfildən yarıyolda qalmış Tahir Yusif oğlu Mehtiyevdir.
Hər iki şəxsiyyətin adını ona görə qoşa çəkdim ki, onlar ömürlərini və yaşadıqları mənalı həyatlarını xalqına həsr etdilər, biri xalqının ümummilli lideri, Ulu öndəri kimi, o birisi isə…
11 dekabr tarixi bəlkə də bəşəriyyətdə çox hadisələrin şahidi olub. Mən isə onlardan yalnız ikisinin üzərində dayanmaq istərdim. Birincisi, ulu öndərin qərib ellərdən Vətəninə, canı qədər sevdiyi xalqına verilən qara xəbər olmuşdu. Digərinin isə düz 60 il öncə dağlar qoynunda, böyük və ulu bir nəslin ocağında türk çocuğunun dünyaya gəlişindən sevinmişdilər…
Bu, Kəlbəcərin Otaqlı kəndinin yubileylərini təmtəraqlı keçirə bilmədiyimiz Tahir Yusif oğlu Mehtiyev idi. 1954-cü il dekabrın 11-də Kəlbəcərin Otaqlı kəndində anadan olmuş, uşaqlıq və gənclik illərini Dikyurdda, Şirinbulaqda, Şişqayada, Bulanda, Göyçə gədiyində, Yaz yurdunda, Çanaqdaşda, Xəndəklərdə, Daşbulaqda, Ağbulaqda, Qazxanlıda, Qaraqayada, Yeddibulaqlarda, Alagöllərdə… saymaqla qurtarmayan yaylaqlarda, bulaqlar başında keçən Tahir Yusif oğlunun sonrakı ömür-günü barədə adi sözlərlə nəsə yaza bilmirəm.
Qısa tanışlıq:
Tərcümeyihalından sətirlər: Metiyev Tahir Yusif oğlu 11 dekabr1954-cü ildəKəlbəcər rayonunun Otaqlı kəndində anadan olub. 1972–ci ildə Bakı şəhərindəki fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirib. Ali təhsilini Azərbaycan Neft və Kimya İnstitunda başa vurub.
Gənc mütəxəssis kimi təyinatını Bakı Kondinsioner zavoduna veriblər. O vaxtlar institutda hərbi kafedra olduğu üçün oranı bitirənləri hərbi xidmətə aparmırdılar. Tahir Mehtiyev SSSRİ Müdafiə nazirinə müraciət edərək könüllü hərbi xidmətə yazılır. 1980-82-ci illərdə Rusiyanın İrkutsk vilayətinin Serçenko rayonunda hərbi xidmətdə olur və Vətənə baş leytenan hərbi rütbəsi ilə dönür. Sanki nə vaxtsa Vətəninə ixtisaslı hərbçi lazım olacağını bilirdi…
O vaxtlar Bakıda gənc mütəxəssis kimi çalışmaq və ev növbəsinə yazılmaq hər adama nəsib olmurdu. Amma Tahir Mehtiyev Kəlbəcərə o qədər bağlı idi ki, Bakıdakı bu imkanları yox, doğulduğu torpağa qayıtmağı seçir.
1983-90-cı illərdə o, “İstisu” mineral sudoldurma zavodunda, Kəlbəcər Rayon Elektrik şəbəkəsində, Kəlbəcər Rayon Sovetinin, və Kəlbəcər Rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışır.
Birinci Qarabağ müharibəsi başlayan gündən “Könüllülər” batalyonunu yaradır və Kəlbəcərin müdafiəsində fəal iştirak edir. 1993-cü ildən 1996-cı ilə qədər o, Kəlbəcər rayon hərbi komissarı, Şamaxı rayonunda hərbi komissarın müavini və nəhayət, Samux rayon hərbi komissarı vəzifələrində şərəflə xidmət göstərdi…
TAHİR, istərdik dönək o illərə…
Onunla uşaqlıq illərini keçirən dostları və tələbə yoldaşları, həmfikirləri belə həyacansız danışa bilməzlər. İstərdim dönək o illərə.
… Dikyurdda yaylaqdayıq. Tahirgilən eyni məhəllədə (Çökək məhlədə) alaçıq qurmuşduq. Səhər, günorta, axşam dana-buzov qovurduq. Biçənəklərdəki min bir ləçəkli çül-çiçək zəmisini ayaqyalın-başaçıq dolaşırdıq. Ayrımın biçənək qoruqçuları bizim “nəfəsimizi kəsir” – dana-buzov “Düz bulağ”a enən kimi gəlib “atdöşü edərək” kəndə aparardılar. Biz də arxasınca 10-12 km yolu qaranəfəs qaçar və hətta şallaq yeyib, yalvarıb-yaxarıb geri qaytarardıq.
Bu işlədə yolgöstərənimiz, hazırcavabımız, baməzəmiz, qaynayıb-qarışanımız Tahir olardı. Necə də bəxtəvərlər imişik, Allah! Atası, dili quran kəlməli Yusif dayının qonaq-qarası ocağının başından əskik olmazdı. Azərbaycanın, hətta Göyçəmizin hər yerindən dostları-qonaqçıları olardı. Bu ailə həm ziyalılığı, həm ağsaqqallığı, həm də səxavətliliyi ilə seçilərdi. Yusif dayının atası Mehti kişinin də adının gələndə arvad-uşağın özünü yığışdırmaları barədə az eşitməmişdik. Amma bu ocaqda sonradan dünyaya gələn uşaqlarda həmin zəhm hiss olunmurdu. Onlar kasıb kənd uşaqlarına özlərini elə sevdirmişdilər ki, hamımız onları çox istəyirdik. Böyükləri mənim gəlinbacım (əmim Əlinin ömür-gün dostu ) Şükufə xanım idi. Bacısı Şüşən, qardaşı, Zakir, Məhəmmədəli (sonradan eşitdik ki, adı Zahid imiş), Əbülfəs və sonbeşik Zərqələm idi. Anaları Gülzar xala xalq təbabətinin bilicisi kimi tanınırdı.
Tahir Mehtiyev Azərbaycan Neft-Kimya İnstitunu bitirdikdən sonra hərbi xidmətdə zabit kimi qulluq etdi. İxtisasına uyğun Kəlbəcər Elektrik Şəbəkəsində (“İşıq İdarəsi” deyərdik) çalışırdı.
Zaman və dövran dəyişdi. Bu yerdəyişmələrdə qanlı hadisələr qaçılmaz oldu. 70 illik sovet rejimindən qurtulmaq, azadlığın şirinliyini dadmaq üçün milli istiqlaliyyət uğrunda mübarizə başlayanda Tahir Mehtiyev də öndə gedənlərdən biri kimi sinəsini irəli verdi. Xalq Cəbhəsinin Kəlbəcər rayon şöbəsində 3-4 nəfərdən biri kimi tanındı. Bu, sadəcə, tanınmaq demək deyildi, Tahir Mehtiyev azadlıq aşiqi olduğunu hiss etdirir, stereotiplərə qarşı barışmazlığını ortaya qoyurdu.
TAHİR doğulduğu yurdun, el-obanın müdafiəsinə qalxdı!
Bu, həmin günlər idi ki, Kəlbəcər keçmiş imperiyanın işğalçılıq siyasəti nəticəsində təklənmişdi, yolları bağlı, sinəsi dağlı dağlarda hamı vahimə və qorxu içərisində idi. Məhz həmin günlərdə o, əyninə hərbi paltar geyinərək, silaha sarılaraq ermənilərin Kəlbəcərə hücumlarının qarşısının alınması üçün yaradılan yerli özünümüdafiə dəstəsində doğulduğu yurdun, el-obanın müdafiəsinə qalxdı!
…Bu da Kəlbəcərin işğala məruz qaldığı günlər – 2-3 aprel 1993-cü il. Murovdağdan aşan yol da erməni vertolyotlarının nəzarəti altındadır. Kəlbəcərlilərin sonuncu ümid və nicat yolu da bağlanmaq üzrədir. Aşağı Qılınclı kəndində ev-eşiyini tərgidib, canını qaçırmaq istəyənlərin karvanının qarşısı kəsilib! Bakıdan intizar dolu ümid gözləyənlərin də ah-naləsi Tərtər çayına qarışıb axır. Tərtər daha nəğmə oxumur, namusunu erməni vəhşilərindən qurtarmaq üçün özlərini qayadan çaya atan kəlbəcərli qız-gəlinin dilindən söylənilən ağılar qulaqlarda uğuldayırdı. Birdən Tahir Mehtiyev haradansa peyda oldu və qışqırdı:
-Satqınlar, alçaqlar, kəlbəcərliləri aldadan nadanlar bizi təklədi!!! Buraxın bu yazıq, yesir insanları, barı əsir düşməsinlər, girov aparılmasınlar!
Lakin gec idi, çox gec… O, özü də inana bilmirdi ki, bu günə kimi “gözləyin, Bakıdan kömək gəlir, yerinizdə möhkəm dayanın!”,- deyənlər kəlbəcərliləri çıxılmaz vəziyyətdə qoysunlar. Axı, o, özü də camaata hər gün ürək-dirək verənlərdən biri idi. Həm də ona daha çox inanırdılar.
Kəlbəcər Ərazi Müdafiə batalyonunun yaradıcılarından biri olduğu üçün ona daha çox inanırdıq. Baş-leytenant rütbəsi ilə oktyabr 1991-ci il tarixdən Azərbaycan Ordusunun ilk bölmələrindən olan Kəlbəcər Batalyonunun ilk qərərgah rəisi vəzifəsində fəaliyyətə başlamış, onun təşkilinə rəhbərlik etmiş Tahir Mehtiyev Ağdərə və Kəlbəcər bölgələrində erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdi. 1992-ci ildən hərbi komissarlıqda xidmət göstərirdi.
…İllər keüçdi, amma yel və quş qanadında yox…
Kəlbəcərlilərin didərginlik illərinin uzunömürlülüyünü o görmədi… Nə yaxşı ki, görmədi. Ona görə “nə yaxşı” ki, biz çəkdiyimiz müsibətləri o çəkəmməzdi, dözəmməzdi!!!
TAHİR üçün üzlər şırım-şırım, yanaqlar qan rəngli idi…
Bu da 1996-cı il. Tahir Mehtiyevin 42 yaşının işığı… 60 yaş! Az yaş deyil! Amma, O, bu 60-ı yaşadımı?! Hiss etdikmi Tahiri ağsaqqal, müdrik yaşını?!
Birdən işıqlar söndü. Hamı dəydi bir-birinə:
-Ay aman, noldu? Ermənilər Ağdərədən söndürdü?!
-Ə, yox eyyy, bu sönən işıq Tahirin qəlbininkiydi. Söndürdülər. Həmişə el-obaya işıq payladan, haradasa xəttə nasazlıq olsa özünü ora birinci yetirən Tahirin bu dəfə köksündən işıq yox, qan seli axırdı. Gəncə başdan-başa onun qanına bələnmişdi dedilər. İşıq yandırmaq olardı? Yusif dayının beli bükülmüşdü. Gülzar xala, çaş-baş qalmışdı. Qardaş-bacılar baxırdı evin başçısının üzünə. Həmişə ondan ağsaqqal sözü eşitmişdilər. Bu dəfə də hamının qara qanı axıb Tahir Mehtiyevin qıpqırmızı qanına qarışırdı: üzlər şırım-şırım, yanaqlar qan rəngli.
Həmin günün gecəsiydi. Goranboyun Qızılhacılı kəndində Ayna xalamın da ürəyi dayandı. Bu, Tahirə sevgidən idi. Qızı Esmira Tahirin qardaşı Məhəmmədəlinin ömür-gün yoldaşı idi. Tahir özünü qohum-əqrabaya elə sevdirmişdi ki, həmin günlər kəlbəcərlilər mərsiyə deyir, sinə döyürdülər. Göygöl şəhərinin yenicə salınan Şəhidlər xiyabanında Tahir üçün son mənzil hazırlanmışdı. Onun tabutu Samuxdan Gəncəyə, oradan isə Göygöldəki Şəhidlər xiyabanına çiyinlərdə aparılırdı. Onda cüt balası Turalla Zülfiyənin ağlı hələ kəsmirdi nələr baş verdiyindən. Nə biləydilər ki, ataları birdəfəlik gedir, həm də ruha dönüb Kəlbəcərinə qovuşmaq üçün…
Ömür-gün yoldaşın Südabə müəllimə sənin təsəllini onlardan və bir də qazanıb qoyub getdiyin xatir-hörmətdən alır, qardaş! Elə bildim ki, bu misraları Südabə müəllimə pıçıldayır, hamının eşitməməsi üçün. Axı, büküm-büküm olmuş ürəyinin yarasını kimsə görmürdü. Nə olmuşdusa ona olmuşdu. Bir də bu evin qapısını açmayacaqdın, könülləri oxşayan gülüşlərinə həsrət qalmışdı.
Onda bu misralar gecə məni dara çəkirdi:
Qınamayın məni, ellər,
Bulaq tək gözüm ağlayır.
Neçə ildir tapdaqdakı
Dərəm, həm düzüm ağlayır.
Nəsibimiz ağrı-acı,
Tahir idi nəslin tacı.
İllərdir ki, acı-acı
Səbrlə dözüm ağlayır.
Dərdim olub büküm-büküm,
Budur qəlbimdəki yüküm.
Necə yıxım, necə söküm,
Dilimdə sözüm ağlayır.
Yurdun sönən çırağına,
Tarixin bu varağına,
Paslanan yas-yarağına
Ocağım, közüm ağlayır.
Hanı Famil, ya Mirzəli,
Bu yuxunun yox əzəli.
Kəlbəcər dünya gözəli,-
Tapdanan izim ağlayır.
…İstəyirdim deyim ki, yaşasaydı 60 illik yubileyinə yığışardı qohumlar, dostlar… Təəssüf, amma, “yaşasaydı” kəlməsini dilimə gətirə bilmirəm. O, yaşayır! Tahir Mehtiyev daim yaşayacaq, həm də qürurla, bizi kimi – ölə-ölə, can çəkə-çəkə yox!!! O, düşməndən qisasını alıb getdi!
Bir dəfə mənə qayıtdı ki, düşmənə nifrətimizi şeirnən necə deyə bilərsən? Mən şeir yazmadığımı deyəndə, həmişəki kimi, elə güldü, yanaqları batdı:
-Bilmirəm ki, yazırsan-yazmırsan? Bax mən birini deyim, sən sonrasını düzəldərsən:
Dönüb gözlərimdə yaşa,
Axam Kəlbəcərdən ötrü.
Övlad ola bilmədimsə,
Yoxam Kəlbəcərdən ötrü!
Allahım! Sanki şair deyirdi sinədən. Amma sonrasını demədi. Bilmədim ki, o birisi bəndləri də deyəcək, ya deyib. Sonrasını mənə tapşırdı. İllər keçəndən sonra həmin yarımçıq şeir belə alındı:
Yığmışam dərdi ürəyə,
Qəmnən əriyə-əriyə.
Dönsəm də sümük-dəriyə,
Toxam Kəlbəcərdən ötrü?
Qurbanam dərə-düzünə,
Döyməsin bizsiz dizinə.
Düşməninin sağ gözünə
Oxam Kəlbəcərdən ötrü.
Bu gün – 11 dekabr 2014-cü il tarixində vətənpərvər igid, qorxmaz, cəsur kəlbəcərli zabitimizin, bir vaxtlar güvəndiyimiz Tahir Mehtiyevin 60 yaşı tamam oldu. Kim bildi, Allah!? Biz ki, belə laqeyd olmamışdıq! Yox, Tahir Mehtiyevi yaxından tanıyanlar üçün o, həmişəyaşar qardaşdır, sirdaşdır, dostdur, atadır, babadır…
Ruhu narahat qardaş, mən də gecikdim sənin harayına! Bu dəfə də gecikdim. Dünən bu yazını yazıb qurtara bilmədim, ürək imkan vermədi. Bəlkə də bu, sonuncu yazımdır, bilmirəm. Amma yazmalıydım, yazdım! Yaza bilmədim, yazmaq istədiklərimin mində birini. Sənin dəfn günündə atan, rəhmətlik Yusif dayı hamımıza təsəlli verib deyirdi ki, oğul doğulur el-oba, Vətən üçün! Ağlamayın, Allaha xoş getmir! Sənin amansız, vaxtsız əcəlinin necə və haradan gəldiyini də bilmədik. Sən bir şəhid ailəsinə dayaq durmaq üçün tələsirdin, ya da əbədi yaşamaq üçün cənnətə qovuşmağa? Bu sualın cavabını kimsə verə bilməz…
Bu da 27 sentyabr 2020-ci il!
Vətən müharibəsinin başlandığı tarix!
Və 8 noyabr 2020-ci il – Şuşamızın qala qapısında üçrəngli bayrağımızın dalğalandığı gün!
Bu günü hamıdan, hər kəsdən (o dövr üçün) öncə sən istəyirdin, qardaşım! Ona görə də könüllülərdən ibarət batalyon yaratdınız. Sən də batalyonun qərargah rəisi idin! Kəlbəcərin 5 il mühasirədə qaldığı müddətdə ev-ailə, balalarının üzünə həsrət qaldın! Cəbhədaşlarından fərqli olaraq, Kəlbəcərin 1993-cü ilin qarlı-qanlı aprel aynın ilk günlərindən, hətta mart ayının ortalarından vəziyyətin ağır olğdunu görür və çıxış yolları axtarsan da, tapa bilmir, ikiəlli başınızı Aşağı Qılınclı kənd məktəbinin yaxınlığında, Kəlbəcərdən əli üzülən yurddaşlarının əliqoynunda qalan ağlargözlü karvanın qarşısında nə dayana bilirdin, nə də çəkilə, yol verə. Bakıya bağlanan ümidlərin də qırılmışdı. Murovdağın zirvəsində köməyə gəlmək istəyənlərin harayına yetə bilmirdi!
Hirsin-hikkən qəlbini parçalayır, yumruqların düyünlənmişdi. Anlayırdı səni kəlbəcərlilərin: tək qalmışdın meydanda!
…O günlərdən bizi 30 ilə yaxın vaxt ayırır, Tahir!
Bu gün Kəlbəcər də azaddır, kəlbəcərlilər də. Çünki uşaq vaxtı ayaqyalın dolaşdığın yerlərdə sənin ayaq izlərini axtarır Tural balan! Şirinbulaqda əmin Yəhya dayının əlləriylə düzəltdiyi, 28 il quruyan, suyu kəsilən bulağın gözünü doğmaların açanda bizim də gözlərimizdən axdı həmin su. İndi Şirinbulağın qonaq-qarası doğmalarıdır – Elman, Elnur, Elməddin Vaqif oğlular, Müzəffər, Seyfəli, Habil, Əfsəl, Qoşqar – bacın oğlanları, Seyfəli – əmin oğlu… Bircə Mirzəli yoxdu. Hələ də gözləyirik ki, qeybdən bir səs gələcək: “mən hələ də əsirəm, girovam, xilas edin məni”.
Samaya anasının gözləri yollara dikili qaldı, ötən ilə kimi. Elə bilirdi ki, Kəlbəcərdədir Mirzəlisi… Təəssüf… bax beləcə, itirə-itirə gedirik.
Yamanca ağır dərddir, qardaş! Amma, artıq şükr edirik ki, şərəfimizi erməni daşnaklarının tapdağından xilas etdik. Ruhun, bilirik, Kəlbəcərin səmasındadır, məzarın Göygöldəki Şəhidlər xiyabanında olsa da…