Pərzad arvad iyirmi doqquz yaşından dul qalıb. Əri öləndən sonra əlinə kişi əli dəyməyib. Bunu bütün rayon bilir. Şəxsən mən nənəmə o qədər arxayın deyiləm, nəinki Pərzad xalaya. Hələ neçə illər əvvəl çox adam xəbər göndərsə də, istəyənləri çıxsa da, rədd eləyib. Oturub-durub bircə kəlmə deyib: “Yetimlərimi böyüdəcəm!”
Pərzad xala bütün ömrü boyu adına toz qondurmayıb. Hələ onun bu məsələlərdə həssaslığı görün bir dəfə nə ilə nəticələnib?
Deməli, Sovet hökuməti vaxtı rayona qəşənq, yaşıl donlar gəlibmiş. Univermaqda həmin dondan vur-tut ikicə dənə qalıbmış. Axırıncıların birini bizim Pərzad xalanın qardaşı öz bacısına, birini də Aşıq Ədalət öz məşuqəsinə alır. Tarixi mənbələr qeyd edir ki, Pərzad arvad geyindiyi donun eynisini aşığın məşuqəsinin əynində gördükdən sonra evə getmiş, donu əynindən çıxarmış və bir daha geyinməmişdir. Çox gözəl, çox pakizə! Eşq olsun, baş əyirəm, bu qadın sədaqətinin qarşısında! Amma… bir “amma” var.
Mən gözümü açandan Pərzad xala rayonda gözəgəlimli, məmələri yenicə pırtlayan, ağıldan qıvraq qızları detektiv kimi izləyir. Hansı blokda hansı qız hansı oğlanla görüşdüsə, ağzıma daşlar, öpüşdüsə Pərzad xalam onun adını rayonla bir eləyir. Xeyirdə-şərdə həmin qızın özü və ailəsi barədə notalar verir. Hətta öz bacılarının nəvələri barədə elə şeylər danışır ki, adamın əti ürpəşir. Deyirsən, İlahi, bu qadın özününkülər haqqında belə şeylər deyirsə, gör onda bizimkilərdən nə dastan bağlayar.
Vallah, biz rayona gedəndə, yeddinci sinifdə oxuyan xalam qızına dönə-dönə tapşırıram: “Nə badə, olmaza-bilməzə, şəhərdə geyindiyin əl boyda “şortik”ləri geyinib Pərzad arvadın qabağına çıxasan haaa! Babamın goru haqqı, bizi elnən bir eləyər!”
Mən hələ onun dilindən gözəl, gənc bir qız haqqında işıqlı bir cümlə eşitməmişəm. İndi ortaya sual çıxır: Olmazdımı ki, Pərzad xala o vaxtı elçilərə “Hə!” deyərdi, yaxud bir kişiylə xudmani-xudmani görüşəydi… İndi də yazıq qızların gözünün odunu alıb bizə hər gün Ziqmund Freydin atasına rəhmət oxutdurmazdı…
Hay?