SƏN DÖNYAYA YARAŞIRSAN
Zeynəb bibinin nəvəsi balaca Zeynəbə
Hər ananın arzusudur,
Qismət olsun ona nəvə.
Hər atanın arzusudur,
Qismət olsun ona nəvə.
Gözləri göy, xumar Zeynəb,
Hər kəs sənə baxar, Zeynəb.
Baxan gözlər axar, Zeynəb,
Sən dünyaya yaraşırsan.
Saçı, qaşı sarı qızdır,
Özü şirin, yaşı azdır,
Hər hərəkəti bir nazdır,
Sən dünyaya yaraşırsan.
Sevir səni atan, anan,
Hər zaman dərdinə yanan.
Böyüdükcə, sən də inan,
Sən dünyaya yaraşırsan.
Gülüşün özüntək gözəl,
Gəl qucağıma, uzat əl.
İlk dediyin söz “Ata, gəl”,
Sən dünyaya yaraşırsan.
Həbibi səntək gözələ
Şeir yazdı gülə-gülə.
Sən də yaşa gülə-gülə,
Sən dünyaya yaraşırsan.
15.06.2003.Gürcüstan
XƏYALIMDAN KEÇƏN GÖZƏL
Gecələr çox tənha idim,
Bir şərab, bir badə idim,
Xəyallarda səni sevdim,
Xəyalımdan keçən gözəl.
Şahısan yuxularımın,
Şöhrətisən sən şanımın,
İlhamısan qəm dünyamın,
Xəyalımdan keçən gözəl.
Arzular var ürəyimdə,
Məhəbbətdir istəyimdə,
Sənsən mənim diləyim də,
Xəyalımdan keçən gözəl.
Dağdan axan şəlaləsən,
Eşq şamıma pərvanəsən,
Sən mənimçün bir dənəsən,
Xəyalımdan keçən gözəl.
Badə doldu göz yaşımla,
Tufan qopdu harayımla,
Vida etdim xəyalımla,
Xəyalımdan keçən gözəl.
02.07.2003.Bakı