Xəyalə SEVİL.Yeni şeirlər (2026)

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

* * *

Onda payızdı havalar,-
Qış da oldu, yaz da oldu.
Bitdisə, nə fərqi günah
Sizdə oldu, bizdə oldu.

Həsrətin yol yorğunudu,
Ürəyimə dinc düşübdü.
Dörd divarın içində
Mənə bircə künc düşübdü.

Nədir ki, bu bəlirsizlik,
Ya tut məni, ya at məni.
Sənin dalınca göndərsəm,
Yarıdarmı həyat məni?!

* * *

Bir addım irəli, bir addım geri,
Yenə eyni çıxır yolların sonu.
Mənə bu havada üşümək qalır,
Bir də ki, bir də ki, düşünmək onu.

Təzədən doğulur bu ruh, bu bədən,
İlahi, silinir yadım, yaddaşım.
Əlim telefona gedir, qayıdır,
Görən nə düşünür xəttin o başı?

Gecənin yarsına qurum saatı,
Oyanım darıxım, yatım darıxım.
Bu yaşda ərköyün ruhun başını
Bilmirəm mən necə qatım… darıxım.

Ya bir də görməsəm, məni sevməsə?
Əsən ürəyimdi, yel deyil əsən.
Mən elə bilirəm səadət odu,
O nə bilir, necə bilir, görəsən?