rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

Qaranlıq çökübdür, al sabahıma,
Ağ bulud örpəkli dağ itirmişəm.
Əlac tapılmayır mənim ahıma,
Barlı, bəhrəli bir bağ itirmişəm.

Hər gecə yuxuma girirsən mənim.
Nə ola gerçəkdən gələsən, nənə.
Durula göz yaşım, çəkilə çənim,
Doğan günəş olub dönəsən, nənə.

Baxır çərçivədən gözəl bənizin,
Ruhum da, canım da, yenə sənlədir.
Gözlərin əkizi mavi dənizin,
Nəğməli dalğalar ürək inlədir.

Xəyallar götürür məni birbaşa,
Xar tutun altına, çay süfrəsinə.
Baxıram pendirə, sacda lavaşa,
Ocaqda qaynayan daş küftəsinə.

Yüksəlir süfrədən qəhqəhə, gülüş,
Əlvan xalı üstə halay vurulur.
Yığışır qonşular dost, tanış-biliş,
Gecə yarıyadək məclis qurulur.

İndi qəlbimizə kədər əkilib,
Quzey qarı kimi günəşə həsrət.
Nağıl, bayatılar ərşə çəkilib,
Qalmışıq sığala, gülüşə həsrət

Hər gecə yuxuma girirsən mənim.
Nə ola gerçəkdən gələsən, nənə.
Durula göz yaşım, çəkilə çənim,
Doğan günəş olub dönəsən, nənə.