Üzünü ağ etmir üzgörənliyin,
Üzünün suyunu töküb gedirsən.
İçindən bulanıb üzünün suyu,
Suyunda lillənib çıxıb gedirsən.
O qədər üz görüb üzün dünyada,
Üzünün ağlığı üzdə qalmayıb.
Üzünü çevirib üzlər üzündən,
Üzünə üz tutan üz də qalmayıb.
Üzünün suyundan gözüm su içmir,
Üzündə bozarır saxta qürurun.
Səndə bu üz ki var,çətin durula
Üzündə,gözündə Məhəmməd(s.) nuru.
Üzünə tutmağa ələk gəzirsən,
Üzündə üz varmı ələk tutası?
Hələ söz deməyə bir üzün də var-
Üzünə çökdükcə içinin pası?!
Çevirib astarın üzünə üzün,
Üz varmı bir daha üzə çıxasan?
Çətin ki qədərin bataqlığından,
Nəfsinin üzündən üzə çıxasan.
Azərbaycan.Quba.
30.05.2000.