(“Tələbəlik illəri” silsiləsindən)
Atamın əlinə baxıram,gülüm,
Özüm qazanmıram çörəyi hələ.
Dost-tanış yanında gödəkdir dilim,
Rahat nəfəs almır ürəyim hələ.
İyirmi yaşımı haqlasam belə,
Əl tuta bilmirəm ata-anama.
Bacara bilmirım ürəyim ilə,
Hələ tələbəyəm məni qınama.
Mən ki bir ocağı qoyub gəlmişəm,
Orda məndən həsrət gizləyənlər var.
Demirəm-obamdan doyub gəlmişəm,
Yolumu ümidlə gözləyənlər var.
Hələ ki sevinci qüssə dalayır,
Hələ ki arzular çeşmə-çeşmədir.
Arzuya yön olan yollar dolayı,
Ümidlə yaşanan ömrüm çeşmədir.
Hələ bu cahandan tələblərim çox-
Hələ ev tikməli,ad almalıyam.
Səndəsə gözləmək hövsələsi yox…
Görünür mən sənə yad olmalıyam.
Çəkmə imtahana baxışla məni,
Qınama ürəkdən gələn sözümü.
Bağışla gözəlim,bağışla məni,
Hələ ki,gəzirəm özüm-özümü.
Atamın əlinə baxıram,gülüm,
Özüm qazanmıram çörəyi hələ.
Dost-tanış yanında gödəkdir dilim,
Rahat nəfəs almır ürəyim hələ.
Azərbaycan.Bakı.1984