İlahi
Göy üzünə ulduz səp,
Naxış olsun, İlahi.
Arxamca bir cam su səp,
Yağış olsun, İlahi…
“Qaranlıqlar yarılsın”,
Nə sorğun var sorulsun;
Axırımız durulsun,
Alxış olsun, İlahi.
Xatirəmi ağ saxla,
Gözlərimi sağ saxla,
Qoy keçmişdən sabaha
Baxış olsun, İlahi.
2023
Gəl
Torpağı sərinəm, gəl,
Kədəri dərinəm, gəl;
Yüz ildən anrıdasan,
Min ildən bərinəm, gəl…
Gəl, quş qonan budağıq,
İlk iz düşən yolağıq;
Sabahlardan sorağıq,
Sən mənsən, mən sənəm, gəl…
Dənizəm – gəmin üçün,
Bütöv ol – kəmim üçün;
Sən bayraq ol, səninçün
Yel olub əsənəm, gəl!..
2023
***
Qarışıq texnikalı ağ şeir
Dağ başına yağdı qar,
Yamacda gül üşüdü…
Bu dünyada hər nə var,
Qar işi, gül işidi…
Deyirlər, bütün ilklər –
Həm sevincdi həm kədər…
Sizə, ey, ilk çiçəklər,
Qar çiçəyi demişdik…
Özgə kimi var qışın?
O Günəşi batmışın…
Hər qış ilk qış sayılsın,
Ocaqları yandırın,
Yandırın, kül üşüdü…
Dağ başına düşdü qar,
Ətəkdə gül üşüdü…
Bu dünyada hər nə var,
Qar işidi, gül işi…
Qar qışın gülüşüdü…
2023
***
Qarışıq texnikalı şeir
Gecələrə Günəş,
gündüzlərə Ay…
Say, zalım əfəndim,
ömrümü gəl say…
Eşq dolu – sevdaya ac,
bir körpə nazlı turac,
Ömrümü etdi tarac,
Nə “uf” derim, nə də “oy”…
Yağış yağmaz Günəşə…
Kimdi gələ gənəşə?..
Ətimi çəkməz şişə,
Tənimi eyləyər zay…
Yağış, Günəş və hava,
Hər dərdə olsa dəva;
Ollam daşa dost, valla,
Demə, olduq nəyə tay…
Eşq dolu – sevdaya ac,
o körpə nazlı turac,
Ömrümü aldı xərac,
Nə “uf” deməm, nə də “oy”…
Gecələrə Günəş,
gündüzlərə Ay…
Say, zalım əfəndim,
ömrümü gəl say…
2023
Şuşa alqışı
Şuşada açmışam sabahı bu gün,
Şuşamıza şükür, sabaha şükür.
Dolaşdım, toxundum, gördüm-götürdüm,
Özümə tapdığım cavaba şükür.
Ucada görmüşəm bayrağımızı,
Ondan öyrənmişəm növrağımızı,
Gündüzü cilvəli qutsalımızı,
sığala yetişən axşama şükür.
Yaddaşım oyandı, tərpəndi lay-lay,
Gah aypara oldum, gah da dolunay…
Xankəndi tərəfə boylandım bir az,
Orda çatacağmız tonqala şükür.
Əkbər, hər şəhərin öz gözəlliyi,
Burdakı gözəllik döz gözəlliyi…
Daha aramadım söz gözəlliyi,
İdraka, iqbala, amala şükür!..
İyul-2023, Şuşa
***
“Yüz ev tikən cənnətini
bu dünyada qazanar” –
Eşitdim ki, mən yaşayan şəhərdə
nə zamanmış belə inanc varıymış.
O inancla evlər tikib adamlar –
səksən olub, doxsan olub,
yüzü görən olmayıb…
Kainatın cilvəsidir elə bil:
Olmur, cənnət sınaşıqla olmayır… –
Amma yenə o inancın işığı
ev tikdirib adamlara,
ev tikdirir bu gün də… –
Əgər kimsə bilə-bilə yalan danışıbsa da,
Yenə kimsə o yalanı bu şəhərdə yayıbsa,
cənnət olsun məqamı!
Mənim gözəl şəhərimdə ayrı bir inanc da var –
Deyərlər ki,
“Bir ev yıxan
cəhənnəmi bu dünyada satın alıb
elə bil”…
Gəl görəlim, yenə evlər yıxılır…
Cəhənnəmi satın alır
gözgörəsi
tanıdığmız adamlar…
O qaranlıq niyə çəkir adamları? – bilmirəm…
Görən, onlar özlərini aldadırlar nə ilə?..
Yenə evlər tikilir,
Yenə yıxılır evlər…
Tikin, qardaşlar, tikin,
Bəlkə, yüzə çatmadınız,
cənnət görmədiz, bəlkə…
Amma
evyıxanın yeri bəlli
cəhənnəmsə,
demək,
evtikənləri
unutmayıb Yaradan…
Eviniz yıxılmasın…
2023
***
Nə zamansa işim qalıb çətinlərdən çətində,
Gözgörəsi qəm qarışıb ən sonuncu ümidə,
Təvəkkül eyləmişəm…
Olmadığım ürəklərin boylanmadım gözünə…
Güzgüyə də baxmadım heç –
baxdım dostun sözünə…
Təvafüq eyləmişəm.
Qırıq cama su tökmürəm,
yaş keçəndən qırxları,
“Bu dünyaya ağır gələr,
bir qırıx qəlb hesabı” –
Tərənnüm eyləmişəm…
Coşan dəniz, yatan sahil…
qarışqaynan balığı
bir-birinə ruzi qılıb… – nədi başa saldığı?.. –
Təfəkkür eyləmişəm.
Bir köklücə yaşıl ağac
budaq-budaq quruyub,
Kölgəsində böyüyənlər
çıxıb gedib, unudub…
Təəssüf eyləmişəm.
Əzəl başdan bir sevdiyi olmalıdı insanın…
Sevib yetə bilmədiyim gələn ömrümə qalsın…
Tərəddüd eyləmişəm…
İnsanoğlu, çiyinlərin iki günə yarayar:
Dərdli başa yastıq olar, bir də tabut daşıyar…
Təsadüf eyləmişəm…
Nə ki yaxşılıq etmişəm
– unutmuşam, çox şükür,
Nə yaxşılıq görmüşəmsə
– yaddaşımda görünür…
Tədarük eyləmişəm…
2020
Həsrətin hekayəti
İl yarım olmuşdu biz ayrılalı,
İl yarım deyirəm, zarafat deyil.
Şeytanın qıçını sındırdıq axır,
İkimiz də kövrək, ikimiz dəli…
Bilmirəm, həsrəti necə keçirib,
Bilmirəm, o zalım nə yeyib-içib?
Özümə çəkilib o aylar boyu,
İçimi yemişdim mən gizlin-gizlin.
Bilirəm, daha çox həsrət çəkən var,
Bilirəm, tez küsüb-barışıb kimsə.
Söz var: od düşdüyü yeri yandırar,
Bizim ilyarımmız bəs edər bizə…
Deyirdim, nə geyər bugün üçün o,
Qırmızımı geyər, qaramı, ağmı?
Qapqara geymişdi günü ağ olmuş,
Kəməri, çantası qıpqırmızıydı.
Deyirdim, ilk sözü nə olacaq, nə?
Sinəmə sığmırdı yarımcan ürək.
O gəldi,
mən baxdım,
ikimiz susduq…
unutduq ilk sözü…
Nə deyəcəkdik?..
Sonrası…
Sonrası “itotu, bağayarpağı”… –
Elə bil dünəncə sağollaşmışıq…
Ah, mənim ilyarım yaşadıqlarım,
Ah, mənim hələ də yaşamadığım…
***
Sən necə soyundun ayaqlarını?.. –
Ah,
elə soyundun ayaqlarını,
Sanki soyunmayır, əzizləyirdin!
Ayaqların isə ərkələnirdi…
Qoy mən təşəkkürlər edim onlara,
səni mənə,
səni mənə gətirib…
Var olsun, var olsun ayaqlarını!
Gözlərim ayrılmır ayaqlarından:
Yeriyən, “düşünən”, “döyünən” ayaq…
Ağ ayaq, gül ayaq, ətirli ayaq…
Ha yana baxsam da, görünən ayaq…
“Gümüş topuğunda xal, sənə qurban” –
hələ yüz il öncələr Müşfiq belə yazırdı.
Əlbət, Müşfiqdən öncə,
əlbət, öncədən öncə,
qadın ayaqlarından vəcdə gələnlər olub.
Düşünə bilirsənmi, dünyanın ilk qadını
ilk dəfə ayaq açır,
yeriyir bu Yer üstə –
Qadın ayaqlarıyla tanış olur torpaqlar…
Bax, bəlkə də o vaxtdan
işvə, naz qarışıbdı torpağın canına da,
yəqin, ona görə də
qapqara torpaqlardan ağappaq güllər çıxıb,
çiçəkləyib Yer üzü…
Və
ilk qadın addımı
ilk kişiyə doğruydu… –
İnsanlıq doğulurdu…
Budur,
min illər sonra
sənsən ayaq yiyəsi,
qalxıb mənə gəlmisən.
Gəlmisən, xoş gəlmisən!..
Qoy
bircə doyunca baxım onlara –
Qoy
bir də, qoy bir də baxım onlara…
“Ayaq” dediyimiz başabəlaya.
Ah, hələ barmaqların,
Ah, rəngli dırnaqların,
Ah, bir də topuqların!.. –
“Xallı, gümüş topuqlar”…
Bu gün sən səbrsizsən,
qayğılıyam bu gün mən;
Ta Adəmdən-Həvvadan
dönüb gələn fikirlər
ayaqda tutur məni…
Söylə,
yeni söz söylə
ayaq verək keçidə…
***
Dostum və qardaşım
Yolçu üçün
Bir gün, əlbət, bir gün
olanlar olmayacaq,
olmayanlar olacaq.
Nə qurşun atdıq bir kəsə,
nə qurşun atdılar, ölək;
Ömür deməm ömürə,
yol yoxsa, cavan ölümə…
Onsuz da olanlar olmayacaq,
olmayanlar olacaq…
Nə qurşun atdılar, ölək,
nə qurşun atdıq bir kəsə;
Ömür dedim ölümə,
özüm dedim özümə:
bütün ömürlər
ölümə aparır…
Baxma, hər ölünü bir qoşun aparır,
kim dünyadan nə götürür?
Qoy desinlər,
bir şair
dünyadan qurşun aparır…
Mənbə: https://edebiyyatqazeti.az/