YURD BOYDA
Dərdi dərd üstə qoyanda,
Dərd boyda əyilir adam.
Içini qeyrət oyanda,
Mərd boyda əyilir adam.
Kor olanda mələkləri,
Alt- üst olur diləkləri,
Bağlananda biləkləri,
Qurd boyda əyilir adam.
Qəm sinədə salanda yurd,
Saçlarını yolanda yurd,
Tapdaq altda qalanda yurd,
Yurd boyda əyilir adam.
SEVGİDƏN GƏLİR
Dolaşıq xəyalim saçaq-saçaqdı,
Kədəri, qüssəsi qucaq-qucaqdı,
Illərdi gözümdən yuxum qaçaqdı,
Illərdi həsrəti sinəmi dəlir.
Ilahi, dərdə bax sevgidən gəlir,
Necə tilisimdi, sirdi bilmirəm,
Sehrdi, tələdi, tordu bilmirəm,
Haçan ürəyimə girdi bilmirəm,
Indi əzabıma əl çalıb gülür,
Ilahi, dərdə bax sevgidən gəlir.
Görəsən Məcnunun gözümü dəyib,
Görəsən Kərəmin közümü dəyib,
Bəlkə də Fərhadın dözümü dəyib,
Sevən dəli olur, alışır, ölür,
Ilahi, dərdə bax sevgidən gəlir.
Bəzən bir işvəylə naz ilə keçir,
Bəzən bircə kəlmə söz ilə keçir,
Bəzən bir baxışla göz ilə keçir,
Adamı qəfildən ilantək çalır.
Ilahi, dərdə bax sevgidən gəlir.
Sinəmi odlara qaladı eşqi,
Ömrümü su kimi caladı eşqi,
Bilmirdim dəvasız bəladı eşqi,
Bilmirdim, bilmirdim…axı kim bilir?
Ilahi dərdə bax sevgidən gəlir.
YOLLARI
Ayaq altda döşədik,
Yarpaq-yarpaq yolları.
Hərdən daşlı-çınqıllı,
Gah da torpaq yolları.
Üstündə qalıb nələr,
Şirin-şirin nəğmələr,
Tökülsün xatirələr,
Şal tək çırpaq yolları.
Onda qoşa göz idik,
Qədrimizi bilmədik,
Gizli-gizli gəzirdik,
Qorxaq-qorxaq yolları.
Səni məndən aldılar,
Sənsiz yola saldılar,
Sonda bizsiz qaldılar,
Axtar tapaq yolları.
Sonu əvvəli bizik,
Lal olmuş dili bizik,
Bəlkə hasili bizik,
Bəlkə çarpaq yolları.
TƏLƏSDİRMƏ
Mən yaşamaq istəyirəm,
Ürək, məni tələsdirmə.
Mən sevginin möhtacıyam,
Gərək, məni tələsdirmə.
Köklənib eşq üstə canım,
Sevgi üçün istə canım,
Daşımağa xəstə canım,
Xərək, məni tələsdirmə.
Dünya yol üstü olacaq,
Həsrətə sevgi qalacaq,
Asılmağa vaxt olacaq,
Çörək, məni tələsdirmə.
TƏLƏS BİR AZ
Göydə ulduz çiçək-çiçək,
Yerdə güllər ləçək-ləçək,
Darıxmağa qoyma ürək,
Tellər qara, gecə bəyaz.
Yaşamağa tələs bir az.
Zirvələrin yanağında,
Qayaların budağında,
Kəkliklərin dodağında,
Sevgi dolu min-bir avaz.
Yaşamağa tələs bir az.
Sevgisiz ömür bir heç,
Ürəyinə bir həmdəm seç,
Axşam üstü bulaqdan keç,
Baxışlardan ələnir naz.
Yaşamağa tələs bir az.
Vaxt dediyin axar sudu,
Sevib yaşa, həyat odu,
Ürəyində eşqin odu,
Üşütməsin səni ayaz.
Yaşamağa tələs bir az.
Qəmə-dərdə açma qucaq,
Yar ilə çat isti ocaq,
Ölmək üçün vaxt olacaq,
Ölümü gözləmək olmaz.
Yaşamağa tələs bir az.
BİLİRƏMMİ
Mənimdi, sənindi, onundu Vətən,
Bilirəmmi, bilirsənmi, bilirmi?
Səsləyəndə harayına oğul tək,
Gəlirəmmi, gəlirsənmi, gəlirmi?
Gül-çiçəkli bağlarını görəndə,
Əzəmətli dağlarını görəndə,
Bu sevimli çağlarını görəndə,
Gülürəmmi, gülürsənmi, gülürmü?
Soruşduqmu ağrısı nə, dərdi nə,
Taleyindən, qismətindən dərdi nə?
Şərik olub ağrısına, dərdinə,
Bölürəmmi, bölürsənmi, bölürmü?
Sevirikmi baharını, yazını,
Çəkirikmi torpağının nazını,
Çiçəyinin, yarpağının tozunu,
Silirəmmi, silirsənmi, silirmi?
Payımız nə qismətindən bu yurdun,
Şərəfindən, şöhrətindən bu yurdun,
Uzaqlarda həsrətindən bu yurdun,
Ölürəmmi, ölürsənmi, ölürmü?