Qulaq ver səsimə,duy harayımı,
İndi təsəlliyə ehtiyacım var.
Viranə qoyublar qəlb sarayımı,
Səntək gözəlliyə ehtiyacım var.
Gəlmişəm hal-əhval edim səninlə,
Dalğalar ruhumu alsın aparsın.
Gəlmişəm baş alıb gedim səninlə,
Bu zalım dünyadan canım qurtarsın.
Bəs sənə nə olub niyə durğunsan?!
Gözümə birtəhər dəyirsən bu gün.
Bir az kədərlisən, bir az yorğunsan,
Bir az da qəddini əyirsən bu gün.
Vaxt ötür, hər şeydən bezirsən,dəniz,
Nifrət eləyirsən dünya varına.
Sən də mi ölümü gəzirsən dəniz,
Yazığın gəlmirmi dalğalarına?!
Sanki yadlaşmısan,uzaqlaşmısan,
Elə bil dünyadan qovublar səni.
Sən ki qatilinlə qucaqlaşmısan,
Çirkab sularında boğublar səni.
Gəmilər dönübdür başdaşlarına,
Qəbrini qoynunda qazdırıbdılar.
Məhəl qoymayıblar göz yaşlarına,
Səni diri-diri basdırıbdılar.
Sənə nə deyim ki,güldürüm,dəniz,
Söylə sonuncu kəz nə vaxt gülmüsən?!
Gəlmişdim özümü öldürüm,dəniz,
Gördüm ki, sən məndən əvvəl ölmüsən!