1533150_672733326111760_899121006_n

YAZIĞIM GƏLİR

Acı həyatımı qoyub sapanda,
Səni görən günü uzağa atdım,
Elə sevinmişdim səni tapanda,
Sanki itirdiyim kimsəmi tapdım.

Ömrüm keçibsə də, qəmlə, əzabla,
Səni gördüm atdım dərdi, nifrəti,
İndiyədək qəlbim dolub sazaqla,
Dedim ki, bağlaram sənlə ülfəti.

Həyat qatarına atıb könlünü,
Özün də bilmirsən hara gedirsən,
Bataraq üzürsən sevgi gölünü,
Sazağa gedirsən,qara gedirsən.

“Şehli səhərimsən”, demişdim sənə,
Dediyim sözümə yazığım gəlir,
Sənin yollarına baxdığım üçün,
Mənalı gözümə yazığım gəlir.

SƏNİ SEVMƏMİŞDİM İTİRMƏK ÜÇÜN

Nələr gəldi sevgimizin başına,
Leysan yağdı, kipriyinə, qaşına,
Yol gedirəm, bir işığın tuşuna,
Harayımı sənə yetirmək üçün,
Səni sevməmişdim, itirmək üçün!

Sənsən sevgi dünyam, belə deyirdin,
Gümanıma, bir aydınlıq gətirdin,
Hardan sən özünü mənə yetirdin?!
Qızılgül bəslərəm, bitirmək üçün,
Səni sevməmişdim itirmək üçün!

İndi ki, belədir, unut beləcə,
Gözləyəcəm sınıq bəxtim gülüncə,
Bir sevgi istərəm, gəlsin gizlicə,
Nisgili aradan götürmək üçün,
Səni sevməmişdim itirmək üçün!