Şəhid Əkbər Hüseynlinin xatirəsinə
Ömrünü yarıda qoydu şəhidim,
Çiçəklər tökəntək şux ləçəyini.
Solmayan əbədi cənnət gülütək,
Yaşatdı vətənin gül-çiçəyini.
Atalar fəxr edər oğul gücünə,
Mərdliyi, qeyrəti tarix yazıbdır.
Gənc yaşda başdaşı qoyulan şəhid,
Ana ürəyində məzar qazıbdır.
Vətənin səngərdə doğan günəşi,
Yüksələn bayrağı, şərəfi oldun.
Sənin yüksəlişin dəldi göyləri,
Cənnət məqamına qədəmin qoydun.
Sən idin vətəni qoruyan mələk,
Vətənə sinəni sipər edərək.
Xain ayaqlardan azad etdiyin,
Torpağa sarıldı anan, öpərək.
Ömrünü yarıda qoyan Əkbərim,
Yaşatdın gələcək nəsilləri sən.
Vətənim sağ olsun! -dedin və getdin,
Qoxladın əbədi o gülləri sən.
Şəhid Mayor İlkin Rzayevin xatirəsinə
Vətən, məni bağışla…
Şəhidlik zirvəsinə daha erkən ucaldım.
Məni Tanrı apardı, özüm vətəndə qaldım.
Qanımı qurban verib, düşmənlərdən öc aldım,
Zəfərlə addımladım, azadlığa yol aldım,
Məni Murov dağına sancın bayraq yerinə.
Oğul, məni bağışla…
Yanında olmasam da tarixdə yaşayacam,
İgidliyin, mərdliyin adını daşıyacam.
Murovda aslan kimi, əzmlə vuruşmuşam,
Vətənin qucaqında şəhadətə çatmışam.
Bağışla məni Əli, yarım qalan ömrümə…
Qızım, məni bağışla…
Fələyin çevirdiyi saat sükuta doldu,
Səni xoşbəxt etməyim ürəyimdə köz oldu,
Sən gözümün Nurusan, nurun mənə göz oldu.
Baxma ki gözlərimdə həyat çiçəyi soldu,
Kaş kədər toxunmasın o gülən gözlərinə.
Ana, məni bağışla…
Ağarmış saçlarına toxuna bilməyəcəm,
Sənlə keçən ömrümü səndən əsirgəyəcəm.
Bağışla məni ana, daha mən gəlməyəcəm,
Ahh, o xumar telinə sarılıb öpməyəcəm,
Vətənin torpağını öpmüşəm qanım ilə..
Şəhid Elçin İsmayılov İlqar oğluna
Fəxr edirəm, vətən oğlu,
Min igid var, biri sənsən.
Hər igidin min hünəri,
Min hünərdən nəri sənsən.
Nə gözəldir bu torpağın,
Duz-çörəyi, naz-neməti.
Həm qüvvəti, güc-qüdrəti,
Səndə olan şux qeyrəti.
Mərd əlində qalxar bayraq,
Yüksəkliyə ucaldıqca.
İgid əsgər vətəninin
Düşmənindən öc aldıqca.
Sən cənnətin beşiyində
Bir gül idin, qoxladıq biz.
Ulu torpaq keşiyində,
Elçin, adın saxladıq biz.