Mənim vecsiz dünyanın bir kəsiylə işim yox,
Mən haqqa tapınmışam – mənim Allah varımdı.
Mən yazanlar şeir yox, Tanrının möcüzəsi –
Ağaca, daşa, suya, oda məktublarımdı!
Qələm, dəftər – dörd divar,
Sevinc, qəm, giley güzar…
Şeir qoşmağa nə var?! –
Şair olmaq zülümdü!
Tanışlıq
Kimə nə, kiməm, nəçiyəm? –
Hər gələn baxır, adamam.
Dünyanın ən bəd əməli
Adamdan çıxır – adamam.
Göyə tor atan deyiləm,
Yerdə qarsatan deyiləm.
Nə vurub-tutan deyiləm,
Nə elə fağır adamam.
Sinəm – qalxan, dilim – süngü,
Qəddim – ağac, əllərim – gül.
Mən dumandan, çəndən yüngül,
Mən dağdan ağır adamam.
Doğranıram budaq-budaq,
Tökülürəm yarpaq-yarpaq.
Mən kefi kök, damağı çağ,
Mən könlü yağır adamam.
Haqqın görkü – ODam, SUyam.
Haqqa varan bir yolçuyam.
MƏNəm, SƏNəm, Oyam-buyam,
Adamam, axır, adamam.
Kimdi məni səsləyən
Tanrım, görən mən kiməm,
Nəçiyəm bu dünyada? –
Bir payı quru torpaq,
Üç payı su dünyada!
Adım peyğəmbər adı,
Özüm adi bir adam.
Bir də bu adilikdən
Bezib çıxan fəryadam.
Qənşərində durduğum,
Aynadakı mənəmmi?
Ruhum mənə dardımı,
Mən ruhuma binəmmi?
Əvvəl-axır deyilən
Bir ölçü-biçi varmı?
Varsa bəs ölçüsüzlük
Nədi, bilmək olarmı?
Bu cismi-can varlıqdı,
Yoxluq divanəsiyəm.
La İlahə İlləllah! –
Kimdi məni səsləyən?!
Sənin qovuşmalı
iki yerin var
Nə tez inadına daş dəydi belə,
Nə tez inamına dəyib qayıtdın?
Yenəmi ağlını ürəyin kəsdi?
Yenəmi baxtını söyüb qayıtdın?
Qoşulub getdinmi durna dəsinə,
Bir kimsə yolundan saxlamadı ki?
Buludlar üz qoydu Yer kürəsinə,
Göy üzü yerindən laxlamadı ki?
Hər şeyə ad varsa, ad qoyan da var, –
Bəlkə dağlar dərə, dərələr dağdır?
Bəlkə bu ağlardı elə qaralar,
Bəlkə bu qaralar elə dümağdır?
Gülürsən, gülməli burda nə var ki? –
Ancaq ağlamalı bir şey də yoxdur.
Görürəm, gözünü göynədir rəngi, –
Bir az bu söhbətin işığı çoxdur.
Hə, bir də azadlıq deyirdin axı,
Elə bir söz-söhbət gəzir arada.
Sənin azadlığın içindən axır,
İçindən axacaq bundan sonra da.
Əlində olsaydı öz ixtiyarın;
Çoxdan ilim-ilim itməliydin ki.
Axı bu ürəklə canım-ciyarım,
Sən hansı mənzilə yetməliydin ki?
Bu mizan-tərəzi düzələr çətin,
Yəni bu görklər də ağ yalandımı?
Ənəlhaqq! – çığıran bir məmləkətin,
Yenə səltənəti yağmalandımı?!
Nə bir kömək dilə, nə təsəlli um,
Ondan adamlarda yığın-yığındı.
Sənin qovuşmalı iki Yerin var, –
O sənin Tanrın və Tənhalığındı.
Məni bu qələmdən qoru, ilahi
Küfr mənlik deyil… Əstəğfürullah! –
Sənə can atıram, sənə, ilahi!
Şeytan bardaş qurub kürəyimizdə,
Aman vermir gələk dinə, ilahi!
Burdan daşlayırsan, o yandan çıxır,
Ordan təpinirsən, burda hazırdı.
Dünən gözlərimlə gördüm, masamda
Əyləşib yerimə şeir yazırdı.
İşə yüyürürsən – iş yerindədi,
Dükana girirsən – vitrindən baxır.
Meyxanadan qovub rədd eləyirsən,
Məscidin önündə qarşına çıxır.
Gah əziz dost kimi girir qollara,
Gah qarşı səngərdə top dalındadı.
Gah dilənçi misal çıxır yollara,
Gah milyonçu misal qul halındadı.
Bir əli göydələn saraylar tikir,
Bir əli ehmalca qazır altını.
Söyürəm, əlimdən özgə nə gəlir,
Hərçi-pətərinin yeddi qatını.
Elə qucaqlayıb yer kürəsini,
Bir küncü-bucağı çıxmır yadından.
Şərqdə müharibə alovlandırır,
Qərbdə dil-dil ötür “barış” adından.
Yerdə sahibidi küll-ixtiyarın,
Bildiyi məkrdi, duyduğu kindi.
Şahlar ən sevimli oyuncaqları,
Rəiyyət ovcunda plastilindi.
Yoxmu bu gedişin dönüşü, yoxmu,
Yoxmu bu gərdişin sonu, ilahi?!
Bu şeirdə şeytan barmağı varsa,
Məni bu qələmdən qoru, İlahi!
İndi
Çəkdim qəmini də, nəşəsini də,
Tükətdim, dünyada bekaram indi.
Nə qəlbim ağrıyır, nə könlüm gülür,
Heç nəynən uyuşmur heç haram indi.
Röyada pir babam sözünü dedi,
Söz demədi, sözün özünü dedi.
“Yığma göy üzündən gözünü”- dedi,
Yerə şah, göylərə nökərəm indi.
Dərviş olamadım, dərvişmisalam,
Ayıbıma koram, ağlıma lalam.
Hörülüb hasarım, qurulub qalam, –
Adım İbrahimə şikaram indi.
Gəl, könlünə bir söz deyim
Mənim yüküm ağırdı, dost,
Mənnən yola varamazsan.
Mənim göyüm sağırdı, dost,
Sən altında duramazsan.
Mən gah yoxam, gah da varam,
Qarda odam, odda qaram.
Quluna aciz hünkaram,
Niyə, nədən – soramazsan.
Nədi əyrində düz – deyim,
Nədi birində yüz – deyim.
Gəl, könlünə bir söz deyim:
Bir də məni aramazsan!
Mənbə: https://edebiyyatqazeti.az/