Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın Novruz bayramı ilə bağlı tətil günlərində bölgələrə qastrol səfərləri həyata keçirilir.
Qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Qastrol proqramına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Şəki teatrsevərlərinin qonağı olub. Kollektiv martın 27-də – Beynəlxalq Teatr Günündə “Məlikməmməd” nağılı əsasında hazırlanan eyniadlı tamaşanı Şəkidə nümayiş etdirib.
Böyük maraqla baxılan səhnə əsərinin quruluşçu rejissorları Əməkdar artist Nicat Kazımov və rejissor Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədov və Könül Kərimovadır.
Tamaşada Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Elçin Əfəndi, Şəhla Əliqızı, Vüsal Mustafayev, Corc Qafarov, Elsevər Rəhimov, Rada Nəsibova, İlahə Həsənova, Lalə Süleymanova, Tural İbrahimov iştirak edirlər.
Mənbə: https://culture.gov.az