Hələ uşaqikən televiziyada nə zaman Ulu Öndərin səsini eşitsəm yüyürərək “mavi, sehirli qutunun” qarşısına qaçardım və çıxışı bitənə qədər gözümü belə qırpmadan onu dinləyərdim. Yaşım az olduğu üçün dediklərini tam olaraq anlamasam da onun səsindəki ahəng, məğrurluq, qayğıkeşlik məni ovsunlayaraq ekranın qarşısına aparırdı. Bir dəfə televiziyadan yenə onu izləyirdim və Ulu Öndər, Səməd Vurğunun məşhur “Azərbaycan” şerini səsləndirirdi:

                                El bilir ki, sən mənimsən,

                            Yurdum, yuvam, məskənimsən,

                             Anam doğma vətənimsən!

                             Ayrılarmı könül candan?

                              Azərbaycan, Azərbaycan!

Onun nitqində bu şeir insanın ruhunu oxşayan bir ahəng ilə səslənirdi. Şerin son mısrasına çatanda isə çox kövrəlmişdi. O zamanlar bu qədər güclü və məğrur bir insanı kövrəldərək səsini titrədən səbəbin nə olduğunu anlamamışdım amma onu alqışlayanlarla birgə ekranın qarşısında məndə alqışlamışdım. Zaman keçdikcə Ulu Öndər haqqında öyrəndiklərim ona olan sayğımı ve sevgimi daha da artırdı. Artıq anlayırdım beş misradan ibarət olan o bir bənd şeirin onu niyə kövrəltdiyini. Axı o şeirdə Ulu Öndərin gözünün nurunu, ürəyinin hərarətini azadlığı üçün bəxş etdiyi Azərbaycanından bəhs olunurdu. Kim bilir bəlkədə bu misraları səsləndirdiyi zaman vətəninin keçirdiyi ağır günlər düşmüşdü yadına və ağrılı günlərdən sonra qazanılan müstəqilliyin sevinci idi yaşlarla birlikdə gözlərindən axan. Axı o bu günləri görmək üçün ən təhlükəli məqamlarda belə geriyə addım atmamışdı. Sanki adının mənası olan güc, qüvvət və vüqar bütün ruhuna zireh olaraq onu qorxusuzlaşdırmışdı. Hələ Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi zamanlarda minlərlə həmvətənlisini Stalinin vəhşi caynağından və soyuq üzlü, daş divarları məşəqqətli ölüm, əzablı işgəncə iyi verən hərbi düşərgələrdən, həbsxanalardan qurtarmağı bacarmışdı. O zamanlar Dövlət Təhlükəsizlik Komitəsində işləyənlərin sıralarında Azərbaycan xalqına qənim kəsilən erməni xislətlilər çoxluq təşkil edirdi. Bakıda isə Ürəyində vətəni üçün böyük arzu və istəkləri olan gənc  kapitan Heydər Əliyev yaşayırdı. O, Stalinin olüm hökmünü verdiyi insanların adı yazılan siyahıya əl gəzdirərək dəyişikliklər edib bəzi adları pozub yerinə çəkinmədən artıq dünyasını dəyişmiş insanların adını yazmışdı. Sonralar onun xilas etdiyi adamlar tanınmış şair, yazıçı və alim kimi məşhurlaşdılar. Belə bir addımı isə yalnız təmiz vicdan sahibi və ürəyində həqiqi vətən sevgisi daşıyan adam ata bilərdi. Hələ o zamanlar Ulu Öndərin atdığı bu cəsarətli addım vətənini böyük gələcəyə aparan yeni bir liderin meydana gəlişindən xəbər verirdi. Çünki onun bütün arzuları və istəkləri yalnız vətənlə bağlı idi. May ayında günəşli göy üzü altında dünyaya gələn Heydər Əliyev bu işığı vətəninə və bütün insanlara paylamaq üçün sanki and içmişdi.

       Onun mənalı ömür yolunu öyrəndikcə anladım ki, Ulu Öndər Azərbaycanın fikir dənizi, qürur dağıdır. Uşaqikən səsini hər eşitdiyimdə qeyri-ixtiyari ekranın qarşısına qaçaraq anlaya bilmədiyim bir sevinclə izlədiyim Ulu Öndər, mənim gözümdə öz ilıq şualarını bütün yer üzünə təmənnasız paylayan və nurundan hamıya pay düşən Günəş kimidir. Həm də Qafqazdan dünyaya doğan Günəş !

       Bu Günəş öz ilıq, qayğıkeş, nəvazişli baxışlarını vətənin gələcəyi olan gənclərdən ayırmırdı. O istəyirdi ki, bu körpə fidanlar sağlam təfəkkürlə böyüyüb vətənin gələcəyini aydın sabahlara daşısınlar. Çünki gənclik elə bir qüvvədir ki, ən çətin dövrü belə dəyişmək gücünə malikdir. Bunun üçün isə ilk növbədə  təhsil almaq, savadlı, bilikli olmaq lazım idi. İlk hakimiyyətə gəldiyi 1969-cu ildən bəri məhz Ulu Öndər daha yaxşı gələcək üçün gənclərin təhsilinə xüsusi diqqət ayırdı. Onun təşəbbüsü ilə gənclər  respublikadan kənarda vətənə ən çox lazım ola biləcək ixtisaslar üzrə təhsil almağa göndərilirdi. O, yaxşı bilirdi ki, hər bir xalqın elmi nailiyyətləri, sənət inciləri, mədəniyyəti həmişə onu yüksəldir, bütün dünyaya tanıdır, mənəviyyatını zənginləşdirir. Elə bu səbəbdən də Heydər Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində elmin və mədəni mühitin yaradılmasına xüsusi önəm verirdi.

       O, hər bir gəncin  xalqın namusu, tarixi, vicdanı olan ana dilini mükəmməl bilməsini istəyirdi. Çünki millətin millət kimi formalaşmasında dil əvəzsiz rol oynayırdı. Axı dil bir milləti milli kimliyi və baş tacıdır. Qılıncdan kəsərli, hər şeydən kəskin və qüvvətli olan sözün hikməti və qüvvəti yalnız ana dilini doğru bilənlərin nitqində özünü göstərir. Ulu Öndər bütün vurğulara, intonasiyaya, söz düzümündə ardıcıllığa, bölgü sistemlərinə zərgər dəqiqliyi ilə əməl edən  bir sözlə öz ana dilini bütün incəliklərini dəqiqliyi ilə bilən gənclik görmək istəyirdi. O, 70-ci illərdən başlayaraq özünə ana qədər əziz bildiyi, övlad məhəbbəti ilə ürəkdən sevdiyi, yad dillərin qarışığından qoruduğu doğma ana dilimizin tətbiqinə xüsusi diqqət yetirirdi. Hələ sovet hökümətinin dövründə ana dilində danışmağın qadağan olduğu bir vaxtda o bu dilə olan sevgisini qorxmadan, çəkinmədən ali kürsülərdən xalqa bəyan edirdi. Bununla həm də gəncliyə, gələcək nəsillərə öz milli mənəvi dəyərləri uğrunda hər şeyi gözə alaraq necə mübarizə aparmağı öyrədirdi.

       Sovet ittifaqı dövründə hərbi kadr seçimində azərbaycanlılara göstərilən biganəliyə də Heydər Əliyev son qoydu. O vaxtlar çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Bunu qadağan edənlər bilirdilər ki heç bir türk, heç bir azərbaycanlı sonsuza qədər kimlərinsə qılıncının altında qala bilməz. Bir gün mütləq öz azadlıqları üçün ayağa qalxacaqlar. Məhz bu səbəbdən azərbaycanlıların hərbi biliyə yiyələnməsinə mane olunurdu. Lakin Ulu Öndərin təşəbbüsü və uzun mübarizəsindən sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbin əsası qoyuldu. Beləcə yüzlərlə azərbaycanlı gənc hələ sovet hakimiyyətinin dövründə öz ana dilində və öz doğma vətənində hərbi sirlərə yiyələndi. Sonralar Azərbaycan yenicə müstəqillik qazandığı zamanlar Ulu Öndər müasir Silahlı Qüvvələrin yaradılması istiqamətində müəyyən çətinliklərlə üzləşdi, lakin o bütün çətinlikləri dəf edərək Azərbaycana döyüş bacarığı və müharibə aparmaq iqtidarı olan güclü ordu bəxş etdi. Heydər Əliyevin memarı olduğu və böyük ümidlər bəslədiyi Ordumuz azad, müstəqil Azərbaycan üçün 2020-ci ilin payızında illərlə qazandığı biliyi, ağlı və gücü ilə ayağa qalxaraq  30 illik işğala son qoydu. Torpaqlarımız öz azadlığına qovuşarkən Ulu Öndərin arzuları gerçəyə döndü. Artıq reallaşan arzuların işığıyla addımlayırıq Qarabağda, Şuşada.

       Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndərin uzaqgörən siyasəti əfsanəvi Promoteyin odu kimi vətənimin hər qarışında öz şöləsini saçaraq bizləri zülmətdən aydınlığa qovuşdurdu. Onun ideyaları bu gün də ,sabah da yaşadığımız hər bir günün, hər bir anın üzərinə gur işıq salaraq vətənimizi gələcəyə, inkişafın ən yüksək zirvəsinə aparacaq.

İLAHƏ ALLAHVERDİYEVA,

Naxçıvan Dövlət Universitetinin “Jurnalistika” ixtisası üzrə IV  kurs tələbəsi,

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri.