Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü Varis Yolçiyev Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru təyin olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ədəbiyyatımızın beynəlxalq miqyasda təmsil olunmasına, xarici ölkələrdə azərbaycanlı müəlliflərin kitablarının nəşrinə, festival və müsabiqələrdə iştirakına dəstək olan, ədəbiyyat festivallarının və forumlarının keçirilməsinə, yazarların maddi şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən bir qurumdur.
Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu 1936-cü ildə yaradılıb, onun ilk rəhbəri həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqına sədrlik edən Məmmədkazım Ələkbərzadə olub.
Xatırladaq ki, Varis Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Beynəlxalq Yazıçılar Gildiyasının (İGOW Berlin, Almaniya), PEN klubun (PEN İnternational, İngiltərə) üzvü, Yazıçıların Beynəlxalq Nyu-York Konfransının iştirakçısıdır.
O, 2018-ci ildə BMT-nin himayəsi altında Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalının qızıl medalına layiq görülüb. Reqlamentə uyğun olaraq 2019-cu ildə növbəti – 4-cü festival qalibin vətənində – Bakıda Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə keçirilib.
Yazıçı müxtəlif illərdə Böyük Britaniya Yazıçılar İttifaqının (APPİA), Rusiyanın “Rossiyskiy kolokol” ədəbi nəşrinin versiyalarında “İlin Yazıçısı” elan olunub. Varşavada keçirilən Salavyan Ədəbiyyat festivalının və YUNESKO-nun Adam Mitskeviç medalına, Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” ədəbiyyat mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)