“IWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə açılacaq “Su və rəng ahəngi-2022” adlı növbəti akvarel sərgisinə əsər qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə reallaşacaq.
18 yaşdan yuxarı Azərbaycan rəssamlarının qatıla biləcəyi sərgi üçün hər rəssam 1-2 əsər göndərə bilər. Əsərlər ölkəmizin mədəniyyəti, ənənələri, tarixi abidələri və mənzərələrini əhatə edən mövzularda olmalıdır. Plakat və kollajlar qəbul edilmir.
Son müraciət tarixi noyabrın 10-dəkdir. Akvarel işlərin fotoları iwsazerbaijan@gmail.com elektron ünvana göndərilməlidir.
Əsərlərin fotoları yüksəkkeyfiyyətli formatda 2-5mb olmalıdır. Jüri heyəti tərəfindən seçilmiş iştirakçıların siyahısı noyabrın 14-də elan ediləcək.
Qeyd edək ki, sərgi Xətai Sənət Mərkəzində təşkil olunacaq.
Mənbə: https://azertag.az