Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyinin növbəti toplantısında birliyin pandemiya səbəbindən təxirə salınmış XIII Qurultayının tarixi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, toplantıda qurultayın 2022-ci ildə, yaz aylarında Şuşada, Vaqif Poeziya Günləri ərəfəsində keçirilməsi qərara alınıb. Qurultaya hazırlıq işləri ilə bağlı təkliflər səsləndirilib. Seksiyalara məruzələrin hazırlanmasının tapşırılmasına və məruzələrin yanvar ayında müzakirə edilməsinə, qurultay nümayəndələrinin yanvar ayından etibarən seçilməsinə qərar verilib. Toplantıda seksiyalara yeni təyinatlar da müzakirə edilib. Səyyad Aran nəsr seksiyasının, Kamran Nəzirili tərcümə seksiyasının sədri, İbrahim İlyaslı isə poeziya seksiyası sədrinin müavini təyin edilib.

Daha sonra Yazıçılar Birliyi üzvlərinin üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi müzakirə edilib. Qeyd edilib ki, üzvlük haqları borcunun silinməsinə baxmayaraq, 2020-2021-ci il üçün üzvlük haqlarını ödəməyən çoxsaylı üzvlər var. Bu üzvlərə xəbərdarlıq edilməsinə, üç il üzvlük haqlarını ödəməyən üzvlərin birliyin sıralarından xaric edilməsinə, üzvlük haqlarının ödənilməsinin asanlaşdırılması üçün Yazıçılar Birliyinin bank kartının elanlarda qeyd edilməsinə qərar verilib.

Mənbə: https://azertag.az/