12 Noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü” adlı virtual sərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənəd, Azərbaycanın görkəmli şəxsiyyətlərinin konstitusiyamız haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilib.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Hakimiyyətlərin bölgüsü, insan hüquq və azadlıqlarının prioritetliyi prinsiplərinə əsaslanan Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradır, cəmiyyətdə humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit edir, vətəndaşların müxtəlif sosial qrupları arasında harmonik münasibətləri stimullaşdırır. Konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilib. Konstitusiyamız həm insan və vətəndaş hüquqlarının dönmədən həyata keçirilməsi, həm də dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsini təmin edir.