Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun doğum günüdür. O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 139-cu ildönümü tamam olan görkəmli bəstəkarın yazdığı əsərlər bu gün də böyük sevgi və maraqla qarşılanır.
Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Z.Hacıbəyov ilk biliyini xalq musiqisindən alıb.
O dövrdə – yəni XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi əsərlərdən biri “Aşıq Qərib” operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi.
Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır. O, ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib.
Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır. O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmamışdır.
XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.
Zülfüqar Hacıbəyli 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələyib. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaradıb. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazıb. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.
Onun yaradıcılığı rəngarəngdir. Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur. İstedadlı bəstəkarın əsərlərinin hər birini ayrı-ayrılıqda sənət məbədimizin qızıl kərpici hesab etmək olar.
Təəssüf hissi ilə qeyd edək ki, o dövrdə – 1937-ci il repressiyasının acı yelləri Hacıbəylilər nəslindən də yan keçmir. Bu görkəmli nəslin gözəl yadigarları doğma yurd-yuvalarından pərən-pərən düşür. Bəziləri mühacirət edir, ömürlərini qürbətdə başa vururlar…
Çox keçmir ki, İkinci Cahan savaşı başlayır. Müharibə acı rüzgarın səmtini dəyişir. Ölkədə vətənpərvərlərə, milli təəssübkeşlərə qarşı bir az yumşalma hiss olunur. Lakin 37-ci ilin ab-havası, yəni qorxusu tam çəkilməmişdi… Buna baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları qarşılaşdıqları ədalətsizliklərə, ziddiyyətli münasibətlərə mətanətlə sinə gərirlər. Böyük dözümlülük göstərərək milli musiqimizin inkişafında əllərindən gələni əsirgəmirlər. Həqiqətən də, onların yazdıqları bir çox əsərlər dövrün təqiblərinə, qadağalarına məruz qalır, illərlə arxivlərdə saxlanılır. Ancaq sonda haqq-ədalət öz yerini tutur – hər iki bəstəkar qardaşın xidmətləri qiymətləndirilir. Zülfüqar Hacıbəyov milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülür.
Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.
Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Z.Hacıbəyova vaxtsız əcəl başladığı işləri tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında dünyasını dəyişir. Ancaq Zülfüqar Hacıbəyovun adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik qaldı.