Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqimizin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. L.İmanovun adı ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi məşhurdur.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən biri, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 95 ili tamam olub.
İndi musiqini sevən, lakin L. İmanovu tanımayan adama çətin rast gəlmək olar. Vokal sənəti həvəskarları onunla ilk olaraq 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində (Azərbaycan incəsənəti ongünlüyündə) əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən tanış olublar.
F.Əmirovun “Sevil” operasında Balaş, C.Cahangirovun “Azad” operasında Ayaz, R.Mustafayevin eyniadlı operasında Vaqif, M.Maqomayevin “Nərgiz” operasında Əlyar, V.Adıgözəlovun “Ölülər” operasında İsgəndər, S.Ələsgərovun “Bahadır və Sona” operasında Bahadır müğənninin parlaq şəkildə yaratdığı opera obrazlarıdır.
L. İmanov dünya klassik operalarında məharətlə çıxış etmiş, J.Bizenin “Karmen” operasında Xoze, P.Çaykovskinin “Qaratoxmaq qadın” operasında German, C.Verdinin “Aida”sında Radames, “Otello” operasında Otello, Ofenbaxın “Hofmanın nağılları” operasında Hofman, Ş.Qunonun eyniadlı opearsında Faust, “Toska” operasında Kavaradossi obrazları o dövr mətbuatı tərəfindən yüksək qiymətləndirilib.
Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən L. İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti L. İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırıb.
Xarici ölkələrə qastrol səfərləri 1960-cı ildən Hindistandan başlayıb. Hətta həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirib və onları hər iki dildə ifa edib. O, Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanınsan, Rumıniya və b. ölkələrdə konsertlər verib.
Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı- “İstiqlal” ordeni ilə təltif edilib.
Görkəmli opera müğənnisi 2008-ci il yanvarın 21-də vəfat edib.
Mənbə: https://azertag.az/