– Lütviyyə xanım, Ümummilli lider Heydər Əliyevin 100 illiyini yaşadığımız bir zamanda onunla bağlı xatirələri olan ziyalılarla söhbət etməyi düşünürük. Belə şəxslərdən biri sizsiniz. Bilirik ki, Naxçıvanda Heydər Əliyev muzeyində çalışdığınız illəri ömrünüzün ən əziz və şərəfli dövrü hesab edirsiniz.
– Söhbətimizə dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin Moskvadan Bakıya, Bakıdan isə Naxçıvana gəldiyi həm çətin və məşəqqətli, həm də xoş günlərdən başlamaq istəyirəm. Həmin kəşməkəşli günlərdə 1990-cı il iyulun 22-də, ümummilli lider Heydər Əliyevin Moskvadan doğulub-böyüdüyü Naxçıvana, ağır vəziyyətdə olan vətəninə qayıdışı xalqın qurtuluşu oldu. Hamı ulu öndəri görmək üçün Naxçıvan şəhərinin mərkəzinə, “Tribuna” deyilən baş meydana axın etdi. Bu görüşdəki 30 min insanın içərisində anamla bərabər bütün ailəmiz də vardı. “Unudulmuş tənha ada”ya bənzədilən Naxçıvan artıq tək deyildi. Xalqın qəhrəman oğlu burada idi. Moskvadan vətənə qayıdan Heydər Əliyevin gəlişi ağır blokada şəraitində olan Naxçıvana yeni ruh gətirdi, insanlarda stimul yaratdı. Naxçıvanlılar bu böyük şəxsiyyətin ətrafında sıx birləşdi. Ulu öndərin bu illərdə döyüşlərin getdiyi Sədərəkdə dəfələrlə olması xalqla birliyi, insanların inam hissini gücləndirdi.
Ulu öndər Naxçıvanda təkcə Muxtar Respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Bütün naxçıvanlılar həmin illər Naxçıvanda dövlət müstəqilliyimizin bərpası istiqamətində taleyüklü qərarların; “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası”nın adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması, onun “Naxçıvan Muxtar Respublikası”, eyni zamanda Naxçıvan MR Ali Sovetini Ali Məclis adlandırılması (17 noyabr 1990), “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunun qəbul edilməsi (5 fevral 1991) və bu qanunla üçrəngli bayrağımızın yenidən respublikanın Dövlət bayrağı elan edilməsini, “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsinin işlənib hazırlanması və qərarın məhz Heydər Əliyevin siyasi nüfuzu nəticəsində qəbul olunmasını, “Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında” qərarın (16 dekabr 1991) və s. hansı çətin şəraitdə və necə qəbul olunduğuna şahidlik etdi. Ümummilli liderin ilk gündən atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən qurtardı.
Tarixi günlərin şahidi kimi deyə bilərik ki, xalqımızı bəlalardan qoruyan, işıqlı gələcəyini təmin edən ümummilli lider Heydər Əliyev, böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan, bütün həyatını Vətəninə, xalqına xidmətə həsr edən, ölkəmizin, eyni zamanda doğulduğu Naxçıvanın inkişafı və yüksəlişi üçün var qüvvəsi ilə xidmət edən fenomen şəxsiyyətdir.
– Bəs sizin Heydər Əliyev muzeyinə gəlişiniz necə reallaşdı?
– Əbu Turxan yazır ki, “Bəzən sən yolu seçirsən, bəzən də yol səni.” Taleyimə yazılan yol məni Naxçıvanda yenicə yaradılmış Heydər Əliyev muzeyinə gətirdi. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi, birbaşa şahidi olduğumuz dövrdə, bir az əvvəl sadaladığım, dövlət əhəmiyyətli, eyni zamanda taleyüklü qərar və sərəncamların, sənəd və materialların, imzaladığı məktubların, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətlərinin, ümummilli lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, foto şəkillər, müxtəlif illərdə təqdim olunan dövlət təltiflərinin surətlərinin, ulu öndərin 80, 85 və 90 illik yubileyləri şərəfinə buraxılmış marka və medallar, xatirə əşyalarının yer aldığı, həmçinin 1990-cı il noyabrın 17-də Naxçıvanda qəbul edilən dövlət bayrağının saxlandığı muzeydə çalışmaq xoşbəxtliyi nəsib oldu.
– Nə zaman yaradıldı Heydər Əliyev muzeyi?
– Muzey Ümummilli lider Heydər Əliyevin hələ sağlığında ölkəmizdə yaradılmış ilk muzeydir. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən muzey 1999-cu il mayın 10-dan, yəni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günündən fəaliyyətə başlamışdı. Qeyd edim ki, ümummilli liderin həyatı, ictimai-siyasi, dövlətçilik fəaliyyətini əks etdirən muzeyin yaradılması və fəaliyyəti Muxtar respublikamızın həyatında, onun gələcək quruculuq və inkişafında çox mühüm yol göstəricisidir. Naxçıvanda yaradılan Heydər Əliyev Muzeyi Naxçıvanın ən ağır blokada vəziyyətində olduğu illərdə naxçıvanlılarla birlik nümayiş etdirən və xilaskarlıq missiyasını yerinə yetirən Böyük Azərbaycanlıya, dahi şəxsiyyətə xalq tərəfindən minnətdarlıq duyğusunun ifadəsidir.
Muzeydə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materiallarından ibarət kitabxana yaradılmışdır. İlk öncə muzeydə ekskursovood kimi faaliyyətə başladığımdan (19 may 1999-cu il) bütün materiallarla yaxından tanış idim. Muzeyə gələn qonaqlara burada nümayiş etdirilən fotolar, stendlərdə qorunan qərarlar haqqında məlumat vermək mənim üçün həm məsuliyyət, həm də şərəf idi. Az sonra, 1 aprel 2000-ci il tarixindən Heydər Əliyev muzeyində direktor kimi fəaliyyətimə davam etdim. Muzeyə gələn qonaqların sayı-hesabı yox idi. Respublikaya gələn qonaqlar; səfirlər, millət vəkilləri, nazirlər, xarici qonaqlar, jurnalistlər və b. böyük bir maraqla muzeyi ziyarət edir, yüksək fikir bildirirdilər.
– Heydər Əliyevin özü muzeyə nə zaman gəldi, hansı duyğular içində ora təşrif buyurdu?
– Muzeyin ən yaddaqalan, unudulmaz günü Naxçıvan MR 75-illik yubileyi münasibəti ilə keçirilən bayram şənliklərində iştirak etmək üçün Naxçıvana gələn Ümummilli lider Heydər Əliyevin 1999-cu il oktyabrın 13-də muzeyə gəlməsi, ekspozisiya ilə tanış olması idi. Sevincimizin həddi-hüdudu yox idi. Böyük həyəcan içərisində idik. Səhər iş vaxtından da əvvəl işə gəlmişdik. Heydər Əliyevi çoxlu sayda dövlət işçiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri müşaiyət etsə də, Ümummilli lider öz muzeyinə bir neçə şəxslə daxil oldu. Biz tapşırıq verildiyi kimi, stendlərin yanında durmuşduq. Heydər Əliyev muzeyə daxil olan kimi, dedi: “Siz niyə orada dayanmısınız? Buraya gəlin.” Böyük bir sevinclə ona yaxınlaşdıq. Bizimlə görüşdü. Sonra Ümummilli lider muzeyi ziyarətə başladı. Ulu öndər özü muzeydəki şəkil və qərarlar haqqında böyük bir şövqlə məlumat verməyə başladı. Muzeyin girişindəki ailə fotosunun qarşısında dayandı: “Bu atam Əlirza Əliyev, bu isə anam İzzət xanımdır. Hər kəsi bir-bir adı ilə təqdim edən ulu öndər birdən dedi: “Bu da bizim yaxın qonşumuz olub, Xurşud xanımdır.” Ümummilli lider verdiyi məlumatlarla yanaşı, bizə tövsiyələr verirdi. O günü əbədiləşdirən çoxlu şəkillər çəkildi. Heydər Əliyev böyük şəxsiyyət olmaqla yanaşı, həm də çox səmimi insan idi. O gün həyatımızın ən yaddaqalan, unudulmaz günü oldu, deyə bilərəm. Doğrudur, sonralar da qatıldığım qurultaylarda (YAP II qurultayı-20-22 noyabr 2001-ci il və 2003-cü ildə keçirilən Azərbaycan Qadınlarının II qurultayı), müşavirələrdə, sessiyalarda bu böyük şəxsiyyəti görmək, çıxışlarını, tövsiyələrini dinləmək şərəfinə nail oldum. Lakin Ulu Öndərlə muzeydə keçirdiyimiz 2 saatlıq görüş ömürlük yaddaşıma yazıldı.
Həmin günün axşamı Naxçıvan incəsənət ustalarının iştiraki ilə keçirilən böyük bayram konsertində iştirak etdik. Dahi insanın çıxışını dinlədik. Bu görüşün, Ümummilli liderin müzeyi ziyarət etdiyi günün təəssüratı ilə mən Heydər Əliyevə 3 şeir həsr etdim. Bir haşiyə çıxmaq istəyirəm. O zaman həm Azərbaycanın televiziya kanalları, həm də Naxçıvan televiziyası tez-tez verilişlərini birbaşa muzeydə çəkirdi. Bir gün muzeyə bir nəfər gəldi. Dedi ki, “Lütviyyə xanım, mən sizi “Şərq qapısı” qəzetinə verdiyiniz; “Siz mənə ismətli qadınlar verin, mən sizə gələcəyi bəxş edim” başlıqlı müsahibənizdən tanıyıram”. Məlum oldu ki, bu şəxs MR Ali Məclisinin deputatı, “Qeyrət” nəşriyyatının direktoru, eyni zamanda NDPU-nin müəllimi mərhum Vaqif Məmmədovdur. Sonradan bu adam mənim “Dünya başdan-başa nağılmış demə” adlı ilk kitabıma ön söz də yazdı. Söhbət zamanı məlum oldu ki, Vaqif müəllimin muzeyə gəlməkdə məqsədi “Çinar ömrü” adlı verilişin çəkilişi ilə əlaqədardır. Müsahibəmdən mənim də yaradıcılıqla məşğul olduğumdan xəbərdar olan Vaqif müəllim Heydər Əliyev muzeyində çəkiləcək “Çinar ömrü” adlı verilişə məni də dəvət etdi. Həmin verilişdə mənim Heydər Əliyevə yazdığım şeirlərə də toxunuldu. Qeyd etdim ki, o şeirləri yazmaq üçün məqamı yaşamaq lazım imiş. Ümummilli lideri yaxından görmək, o böyük şəxsiyyətin tövsiyələrini dinləmək, ondakı böyük səmimiyyətə heyran olmaqdan keçirmiş şeirin yaranma prosesi. Yazdığım 3 şeirin birinə Naxçıvan MR Əməkdar İncəsənət xadimi Şəmsəddin Qasımov musiqi bəstələdi. Mahnı Ümummilli liderin 80 illik yubileyində xor tərəfindən ifa olundu. Elə həmin ildə keçirilən “Heydər Əliyev siyasəti, Heydər Əliyev müdrikliyi” müsabiqəsinin qaliblərindən biri odum. Ulu öndərin 80 illik yubileyinə həsr olunan müsabiqədə isə “Ən yaxşı analitik yazılar üçün” ayrılan mükafata layiq görüldüm.
– Heydər Əliyevin Naxçıvana sonrakı səfərlərində də görüşünüz baş tutmuşdumu?
– Bəli. Məsələn, Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında kursantlarla görüşündə, Şəhidlər Xiyabanını ziyarətində, Bəhruz Kəngərlinin ev muzeyinin açılışında mən də iştirak edirdim. Tədbir iştirakçısı kimi Ümummilli lideri yenidən yaxından görmək şərəfinə nail olurdum. Belə tədbirlərdən biri də18 iyun 2002-ci il Naxçıvan MR Ali Məclisində Muxtar Respublikanin Dövlət hakimiyyəti orqanlarinin nümayəndələri ilə keçirilən müşavirə oldu. Müşavirədə Ulu Öndər geniş nitq söyləyərək Naxçıvana gəldiyi ağır günləri xatırladı, ona göstərilən sevgi və qayğıdan vəfadarlıqla söz açdı. Həmçinin özünün Naxçıvanda həyata keçirdiyi mühüm işlərə işıq saldı. Bir məsələni qeyd edim ki, bu müdrik insan Azərbaycanda ikinci hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasında görülən genişmiqyaslı işləri daim dəstəkləmişdir. Burada aparılan kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etmişdir ki, bu səfərlərin üçünün yaxından şahidiyəm. Mən onun tərcümeyi-halının ləyaqətli səhifələrini muzeydə meydanda olan tarixi, əyani sənədlərdən öyrənmişəm daha çox. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarət olan, zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılan muzeydə çalışmaq, hər gün dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiya zalında gəzmək, ekskursiya keçmək, gələn qonaqları qarşılamaq, ulu öndərin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, Muxtar Respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü əks olunan zəngin materialları vərəqləmək xoşbəxtliyi hər adama qismət olmur.
– Bu günün prizmasından baxanda Heydər Əliyevin idealları hansı mənəvi-siyasi əhəmiyyət daşıyır?
– Bu suala ən dəqiq cavabı ölkə başçısı verib. Çıxışlarının birində vurğulayıb ki, 1990-cı illərin ağır, çətin, bəzi hallarda ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı bugünkü yerinin müqayisəsi ulu öndərin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını və xalqımızın təhtəlşüurunda özünə dərin iz buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır. Zaman su kimi axıb gedir. Bu axıb gedən zamanın içərisində insan, insanın ömrü də zamana qarışaraq sanki yoxa çıxır. Xilaskarlar isə gəlir, zamana hökm edir, tarix yazır və tarixə yazılır.
Mənbə: https://edebiyyatqazeti.az/