Sənin pəncərəndə göyərən ağac
Bu körpə,balaca, inadkar yolun
Kökü gözlərimin yaşını dərib.
Döşənib ayağın altına sənin,
Sənin pəncərəndə gəlib göyərib.
Sənin pəncərəndə göyərən ağac,
Hər gecə dəhşətli yuxular görür.
Yastığın üstünə dağılmış saça,
Yorulmuş qoluna baxıb hönkürür…
Gecə köynəyinin yaxası açıq,
Bəyaz göyərçinlər az qala uça.
Sanki qəfəsindən çıxmaq istəyir,
Qoşa qanadları gərilib azca.
Pəncərən önündə bitən ağacın
Hər səhər quruyur qol-budaqları.
Həsrətin çəkməkdən çəkilib suyu,
Dur götür baltanı qır budaqları.