YAŞAYIR
(Böyük şairimiz M.İsmayılın yubileyində deyə bilmədiyim şeir)
Səni unudammaz bu dağ, bu dərə,
Çoxun çırpılsa da, azın yaşayır.
Göylərə uçsa da, şair dostların
Hamının sözündə izin yaşayır.
Gözəl xatırlayır «Natəvan» səni,
O masa, o kürsü, o tavan səni.
Həsrətlə gözləyir yurd-yuvan səni,
Kül örtmüş ocaqda közün yaşayır.
Taleyi ovcunda yazılan şair,
Sözləri yüz cürə yozulan şair.
Vətəndə sözündən asılan şair,
Qürbətdə ömrünü qızıl yaşayır.
İçində boylanır bir kənd uşağı,
Qar kimi saflıqdan var yaraşığı.
Şükür ki, yurdunda yar yaraşığı,
Oğuldan qeyrətli qızın yaşayır.
Məni də bu dünya üzüb, üzdürüb,
Hayıf o yerlərdən, hayıf, küsdürüb.
Baloğlan adını Məmməd yazdırıb,
Gedərəm, bilsəm ki, sözüm yaşayır.