Azərbaycan Yazıçılar Birliyi İdarə Heytənin üzvü, Prezident təqaüdçüsü,
Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru
BURASI SON MƏKANDIR
deyə qəflətdən oyanmaq
yorğun və çarəsiz düşdüyüm anda
əbədi dayanmaq
daha doğru qərardı bəlkə
hələ məskən salmaq üçün
özümə yer tapmıram
düşünüb-daşınmaq üçün
bir ömür bəs eləmədi.
Yüyrək atım
özümdən də həsrətli
ikimiz də inadla
o bildiyimiz uzaqlarda
dağıntılar altında
iniltisi xəfifcə eşidilən
azadlığın imdadına
qaçırıq nəfəs dərmədən.
Bir çox illər keçmiş olar
ruhumla tənimin
ayrıldığı zamanın üstündən
köçəri quşların
cənub küləyində gətirdiyi
azadlığın izində şəhid oldu
xəbərinə ağlarsınız.
Orda qaranlığı
hilal kimi titrədib
gecəni yatmağa qoymayan
qos-qoca bayrağam
köhnələn bir həsrətlə
əllərimi yellədib
yadlara dustaq olan vətənə sarı
meydan oxuyuram faniliyə.
ATAMIN DİLİNDƏN
ANLADIM SAVAŞLARI…
zor durumlarında
üzünü Tanrının ayağına sürtənlər
keyfli zamanlarında
çıxdılar Tanrının çiyninə
sanki ağ günə çıxmışlar daha.
Atamın dilindən eşitdim
savaş nədənlərini
ölüm qapıya dayansa belə
anlamaz insan torpağın dərdlərini.
Hər zaman acgöz savaşlarla
dünyanı qarışdırdı
şeytanın barmağı
və qarışdı günlərin qarasıyla ağı
fanilər
qafillər
şər orduları
özgə qismətə baxantək
baxdılar ata yurda
yer üzü savaşların
ayaqları altında qalanda
Tanrı çox uzaqdaydı.
Bu insan ovçuları
bu torpaq tacirləri
dünyanı dəniz
yer üzünü gəmi
insanları balıq bilib
qarmaq atdılar…
hər qarətdən və zəfərdən sonra
batdılar torpağa gözlərinədək
və onda o orqan tacirləri
yada saldılar Tanrının rəhmini
tövbə qapısında günahlarını
imdad diləyənlərin
göz yaşıyla yuyub
salavat çevirdilər.
Böyük canbazların
yapımçı olduğu
faşistlərin oynadığı
teatr səhnəsidi saşavlar
acımasız oyunlarda
el üçün ağlayanın
göz yaşını su kimi içmək
çocuqları yarpaq-yarpaq
iynəyə düzmək
fələyin siniriyə oynamaqdır
savaşlar gedərkən
və hər addımda ölüm varkən
əbəsdir itkisiz yaşamağı düşünmək.
Məzar boyda torpağı
vətən kimi qoruyanları
və qana bulaşan bayrağı
and yeri kimi öpüb
göz üstə qoyanları
ürəyinin başında saxlayar yığval.
ATAMIN MƏZARI BAŞINDA
Doğma Borçalıda
ata yurdum Saraçlıda
köhnə bir gorgahdayam
birdən fərqinə vardım
burda tək canlı olduğumu
yaşamaqdan yorulduğumu…
Hələ qar qalıb dağların başında
hələ ayazdı bozqurdlar odasında
atam Osmanın
balaca çəmənə bənzəyən
sinə torpağında
bahar gecikmiş kimi suçlu…
Qardaşımın əkdiyi
mixəyin qoxusunda
nərgizin sarısında
hələ həyat imzası var
unudulmamaq şansı qalır
və bir üzünü gün qızartmış
çiyələk kollarında
hələ yaşıldı yarpaq
hələ nəmli qalmış torpaq
bacılarımın göz yaşından.
Bu balaca çəmən
gündüz gün işıldayanda
gecə hilal doğanda
yalançı rüzgara aldanıb
gülləri oyadar yuxudan
başı üstündən
bir qara bulud
ustufca ötəndə
diksinib çiçəyini tökər.
Hər yazın sonunda
doğmaların ziyarət anında
sinə torpağında
göz yaşı içən çiyələk kolu
elə bil nədənsə
qürur duyar
qurumuş meyvəsinin
köçəri quşlara
yem olmasından.
Və burda
gündüz günəş eyni gülümsər üzüylə
gecə hilal eyni üzütü hissiylə
yürüyüb uzaqlaşmaq istər
hər gəlib gedənin arxasınca.
TANRININ GÖRK YERİDİ
HƏR KƏSİN SON MƏNZİLİ…
hər kəs sağ ikən
əbədi olduğuna inanar
və ayağına daş dəyincə
ölüncə belə yaşar
sevəndə də
əzab verəndə də
kimsə sonu düşünməz
insan min illərcə
səssiz qalmağa
daş olmağa razı
amma könüllü köçməz dünyadan.
Hər kəsin son mənzili
Tanrının görk yeridi
həyatın sonu bəlli
amma yenə
bir möcüzə bəklərik səndən
qardaşım fələk.
Bezsək də
eyni yollarda yürüməkdən
üzülsək də usanmadıq
aldığımız yaralardan
qismətdən
aqibətdən
razı qalmadıq.
Gercəklər acı da olsa
həsrətini çəkdik
birimiz himn kimi söylədik
birimiz pis xəbər kimi gizlətdik
duymaq istəmədik
bir doğrunu
bir də yalanı.
Bir şablon arzudur
həyatın gizli siması.
Tanrının görk yeridi məzarlıq
burda hər kəsin bir qibləsi var…
və hüzn törənlərində
iblis də mələyə dönər
hər Allahsız insana da
tərəddüdsüz rəhmət oxunar burda…
və sonunda sağ qalan hər kəs
görəvinin başında oyanıb
yoluna davam edər.
Tanrı da
insan da
iblis də öz işinin başında.
BİR ŞEİR YAZDIM…
günlərlə gözlədim
hava durumuna baxıb
bir öfkəsiz səmt küləyində
gecəykən dostlara ismarladım.
Eşidənlər karlığa
oxuyanlar korluğa
vurdular özlərini
qaçıb gizləndilər
güvənli saydıqları yerdə.
Bir az zirək olanlar
zamanı qabaqlayanlar
gözlərini qapadı
bir az hiyləgərlər
bir az çoxbilmişlər
bir az da fürsətçilər
odasında işıqları söndürdü
kəsildi bütün təmaslar.
Səsləndim Tanrıya sarı
ey qoca yaradan
taleyimə yazdığın
o əziz türk kimliyi
sanki ən böyük kabusmuş
mənim kəlmələrimdə
mənim adımla
pantürkçülükdə ittiham edilib
asıldı düşmən dilindən…
YALAN-GERÇƏK…
elə olaylar gördüm
qələmin yazmağa
gözlərimin oxumağa
yaddaşımın saxlamağa
gücü çatmır
nə də dünyada özümdən sonra
qoyub getmək istəmirəm
zor-xoş yaşadığımız
fani həyatı
yalan-gerçək anlatmağa
bəzən can atmır insan.
Tanrı alın-tale yazarıdı
o da heç vədə tələsmir
ürək eyləmir tamamlamağa
oyunun sonunu…
senzor fələk və şeytandı
keçici qərar belədir:
insan üçün
hələ tale yarımçıq
və aqibət məxfi saxlanılsın…
DOĞUŞDAN ÖLÜMƏ
YOLU TƏKCƏ YÜRÜDÜM
yeri döydüm
göyü döydüm
açan olmadı
vurnuxdum son nəfəsədək
yerlə göyün yaxasında
varla yoxun arasında.
Hansı yurdda yaşadımsa
bir dilsiz daş kimi
ora-bura atıldımsa
yenə susdum
səbrimi basdım daimi
öz ruhumla qol-boyun
alnı yazısız dolaşdım
xəstəliklə savaşdım
əcəlimlə uğraşdım
məni Tanrı görmədi
ölüm-itim oldu
dostlarla
doğmalarla aramızda
təkcə anılar salamat qaldı
onlar da hələ yaralı
və o anıların
qansız dodaqlarında
buna da min şükür kəlamı
laxtalanıb qurumuş.
Mənbə: https://edebiyyatqazeti.az/