Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi Lütviyyə Əsgərzadənin “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı işıq üzü görüb.
Monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi Şurasının 17 mart 2023-cü il tarixli 2 saylı qərarı və AR Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının 4 may 2023-cü il tarixli 7 saylı qərarı ilə çap edilib.
Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. “Cavidşünaslığa yeni baxış, yaxud tənqidin tənqidi” başlıqlı ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımovdur. Rəyçi Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam Qəriblidir. İdeya müəllfi və redaktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.
Filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadənin bu kitabı dörd fəsildən ibarətdir. Monoqrafiyanın “Hüseyn Cavid: şəxsiyyəti və sənətkarlığı”, “Hüseyn Cavid: yaradıcılığı və Azərbaycan ədəbi tənqidi”, “Ya müttəfiq, ya ölüm: hücum-ədəbi münaqişələr, ədəbi məhkəmələr”, “Əbədi sənətkar və əbədi sənət” fəsillərində repressiya qurbanı olan filosof şair-dramaturq Hüseyn Cavidin bir romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri araşdırılır.
“Elm və təhsil” nəşriyyatında çap edilən kitab 360 səhifədir.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi