Yazılarıma maraq göstərən çoxsaylı oxucularla bərabər bir-iki nəfər qulp qoyan da olur. Şübhəsiz, “Təhminənin son sirri” hekayəsinə ağız büzənlər kimi bu yazıma da irad tutanlar tapılacaq. “Təzə bir şey yaza bilmir, odur ki, köhnə yazılarını istismar edir” deyəcəklər.

Desinlər.

 Mən qəhrəmanlarıma canlı insanlar tək yanaşıram. Onlar sevirlər, sevilirlər, sevinirlər, kədərlənirlər, əzab çəkirlər və zamanında, bəzən də zamanından çox əvvəl, vaxtsız vəfat edirlər.

Qəribə görünsə də, mən bir müəllif kimi bəzən özümü personajlarım qarşısında günahkar hiss edirəm. Bu hissi izah da edə bilmirəm.

Bəlkə Təhminənin etibarına şübhəylə yanaşmaqda yanılmışam. Bəlkə Kəbirlinskiyə qarşı çox insafsız olmuşam.

 Bəlkə bu hekayə də elə günah hissini yumaq üçün yazılıb. Hər halda bu iki hekayəylə – “Təhminənin son sirri” və “Kəbirlinskinin son etirafı”yla mən bu personajlarımın taleyinə son nöqtə qoyuram.

Hekayəylə tanış olacaq oxuculardan bir xahişim var. “Dantenin yubileyi” povestimi oxumayıblarsa, əvvəlcə onu oxusunlar. Çünki orada cərəyan edən hadisələri bilmədən, ordakı xarakterlərlə tanış olmadan bu hekayənin mətləbi və məqsədi açılmayacaq.

birlinskinin son etirafı

Hekayə

Xəstəxananın iri qapılarından içəri girən kimi Həcər bura xas olan iyi duydu. Nə qoxusu idi bu? Dərman, formalin, irinli yaraların, ya yarılmış meyitlərin qoxusu? Yaxud xəstələrin özünün yodlu sarıqlarından gələn özəl bir qoxu?

Pilləkanların başında kiçik meydança və dəhliz adamla dolu idi. Bu insan qalabalığında əlil arabasında əyləşmiş, başı sarıqlı, yaxud qolu gipsli xəstələr də, onlara dəyməyə gələnlər kimi bikef və ümidsiz görünürdülər. Ailə üzvlərini, qohumlarını yoluxmağa gələnlər üzlərinə saxta mehribanlıq, nikbinlik masqası taxsalar da xəstələrin özləri kimi yorğun və bezikmişdilər. Hər kəs bu icbari görüş vaxtının tez bitməsini, yenidən min qayğıyla dolu olsa da, adət etdikləri həyata, televizor proqramlarıyla, telefon söhbətləriylə keçən ömürlərinə qayıtmağa can atırdı. Xəstələr rəngi qaçmış bozumtul pijamalarda idi. Üzlərinə ağrı və əzab izləri çökmş xəstələrlə də, onların yorğun, müalicə qayğılarından bezmiş müsafirləriylə də yaşıl xalatlı, hamar, rahat sifətli tibb bacıları təzad təşkil edirdi. İti, qıvraq addımlarla oradan buraya şütüyən gənc həmşirələrin sağlamlığı sanki xəstələrin taqətsizliyinə acıq verirdi. Həcər adamların arasından birtəhər keçərək Baş həkimin otağına yanaşdı. Katibəsi harasa çıxmışdı və Həcər fürsəti fövtə verməyib Baş həkimin otağına daxil oldu. Baş həkim orta yaşlı, tosqun və daz bir kişi idi. Daz başında bircə tükü qalmışdı, Həcərin haçansa eşitdiyi lətifə yadına düşdü. Bir kişinin başında yalnız iki tük qalıbmış, birini sağa, birini sola darayırmış. Bir gün tüklərin biri də düşəndə: – eybi yox, pırpız başla gəzərəm, – deyə özünə təsəlli verirmiş.

Hafizəsində qəflətən bu lətifənin canlanmasına özü də mat qaldı. Heç lətifə yeridi, sən Allah?

Baş həkimin masasının üstünə sərilmiş kiçik süfrədə çörək parçaları, kotletlər və bir baş soğan vardı.

Həcər:

– Olar? – deyə soruşdu.

– Day gəlmisən də, nə “olarbazlıqdı?”

– Mən Kəbirlinskinin arvadıyam.

– Kimin?

– Kəbirlinskinin – dedi və əlavə etdi, – məşhur teatr artist Feyzulla Kəbirlinskinin.

– Buyur, sözün nədi?

– Ərimin halını soruşmağa gəlmişəm. Yaxşılığa doğru bir irəliləyiş var?

– Çalışırıq. Hansı palatadadı?

– Yeddinci palatada. Yəni sağalmasına bir ümid var?

– Əlimizdən gələni edirik, bacı – telefon zəng çaldı. Baş həkim dəstəyi qaldırdı.

– Salam, salam, – dedi – nə oldu? – qulaq asdı – Əla. Mən deyirdim də…

Başının işarəsiylə Həcərə bildirdi ki, gedə bilər.

Həcər əlindəki zəmbili göstərib:

– Alma şirəsi gətirmişəm – dedi – olar da?

Baş həkim cavab vermədən başıyla razılıq işarəsi verdi, sonra telefona: – Yox əşşi? – deyə şaqqanaq çəkib güldü.

Əslində, Həcər ərinin halını soruşmağa gəlməmişdi Baş həkimin yanına. Vəziyyətini onsuz da bilirdi. Xahiş etmək istəyirdi ki mümnkünsə ayrı palataya keçirsinlər. Son iki gündə o palatadan iki nəfər ölü çıxmışdı.

“Bədbəxt kişi, – deyə düşündü – vaxtında zvaniyadan – zaddan bir şey versəydilər, indi daha yaxşı palatada qalardı. Ya elə daha yaxşı xəstəxanada yatardı.

Həcər palataya girdi. Buranın havası daha da boğuq, kəsif idi. Palata cürbəcür səslərlə doluydu: aramsız öysürən kim, kəsik-kəsik xoruldayan kim, zarıyan, arabir mamasını çağıran kim?

Feyzulla sistem altında gözüyumulu uzanmışdı. Həcər bilirdi ki, gözləri açıq olanda da hər şeyi duman içində görür, sifətləri güclə sezir.

Həcər:

– Xoş gördük, Feyzulla, – dedi – Necəsən? – Maşallah, qıvraq görünürsən. Həkim də dedi ki, tezliklə duracaqsan.

Feyzulla gözlərini açıb zəif səslə:

– Hardan? – dedi – Day mənim hay-hayım gedib, vay-vayım qalıb.

– Elə danışma, sağalacaqsan da, yenə teatr çıxaracaqsan da.

– Düz-əməlli vaxtında teatra lazım olmadım. İndi lazım olacam? Kor ərəbin mahnısını oxumağa?

– Niyə elə deyirsən? Teatrdan zəng etmişdilər. Halını soruşurdular. Dedilər nə lazımdı, çəkinməyin, deyin. Dedim sağ olun. Heç nəyə ehtiyacımız yoxdu.

Feyzulla:

– Kim zəng eləmişdi? – deyə soruşdu.

– Kim? Nə bilim, tanımadım.

– Kişidi, arvaddı?

– Hm. hə… yox, kişi idi. Dedi bir ehtiyacınız varsa…

Feyzulla:

– Sağ olsunlar – dedi

Sükut çökdü, xəstənin zarıltısı eşidilirdi:

– Öldüm, ay məmə…

Anaxanım:

– Bilirsən Anaxanımgildə nə həngamə qopub?

Feyzulla dinmədi.

Həcər davam etdi:

– Sultan arvadına ad günündə çox bahalı bilərzik alıb…

– Sultan kimdi?

– Buy… Anaxanımın oğludu da, diş həkimi. Anaxanım bir mərəkə qoparıb, gəl görəsən. Deyir biz bacının cehizini yığa bilmirik, sən yad qızına belə bahalı hədiyyə alırsan. Sitarə də…

– Kim?

– Sitarə də, Sultanın arvadı… demə bu söhbəti öz qulağıyla eşidib, yığışıb gedib dədəsigilə.

Fərrux da ki…

– Fərrux kimdi?

– Oyunun olsun, Feyzulla, gəl məni də tanıma, Anaxanımın əridir də, qapıbir qonşumuz. Onunla o qədər nərd atmısan ki…

Feyzulla:

– Qonşuların dərdini çəkəsi halım yoxdu, Həcər – dedi. – Buranı görürsən də, Həcər, sən də çox – yubanma, get…

– Sənə alma şirəsi gətirmişəm. Həkim də icazə verdi. Dedi xeyri olacaq.

– Sağ olun, sən də, həkim də.

– Tamam yadımdan çıxmışdı. Bir şad xəbər də var axı…. Eldar institutu əla diplomla qurtardı. Sabah gəlir Moskvadan.

– Sağ olsun. Di get, Həcər. Yuxum gəlir, yatacam.

– Eldar da gələcək sənə dəyməyə.

– Eldarı mənim adımdan təbrik elə.

Feyzulla gözlərini yumdu. Həcər vidalaşmadan asta addımlarla (guya kimisə narahat etməməkçün) otaqdan çıxdı.

Az sonra Kəbirlinski doğrudan da yuxuya getdi, yuxu gördü. Gördü ki, Eldar ona dəyməyə gəlib, amma sifəti tamam dəyişib. Saqqal saxlayıb. Eldarı belə aydın gördüyünə təəccüblənirdi, axı son vaxtlar hər şeyi duman içində azacıq sezərək görürdü. Təbii, yuxuda dərk etmirdi ki, yuxudadır. Yuxuda hər şeyi, hər kəsi əvvəlki kimi aydın görürdü.

Düşündü ki, Eldara bunu mütləq deməlidir. İndi də deməsə haçan deyəcək? – Eldar, bilirsənmi mən sənin atan deyiləm. Sənin atan məşhur alim İsgəndər Muradəliyevdir. Anan yazıqla avtomobil qəzasında həlak oldular. Sən körpəydin, salamat qalmışdın. Səni Həcər xalanla biz böyütdük.

Eldar gözünü qırpmadan:

– Təzə xəbər! – dedi. – Mən bunu çoxdan bilirdim.

– Bilirdin?

– Əlbəttə, amma mənim atam sənsən, anam də Həcər.

Feyzullanın boğazı tutuldu. Udqundu.

– Mən?

– Əlbəttə… ata

Feyzulla qəhərdən kəsilə-kəsilə:

– Sağ ol… – dedi

Bir müddət hər ikisi susdu.

Sonra Eldar qəfilcə:

– Mən həmişə səninlə qürur duymuşam – dedi.

Feyzulla hələ də yuxudaydı. Amma gözlərindən iki damla yaş yanaqlarına süzüldü. Sifətində xoş bir təbəssüm əmələ gəldi.

Qonşu yataqdakı kişi hələ də zarıyırdı:

– Hardasan, ay məmə, öldüm axı…uuuuu…

Gecə saat iki radələrində Feyzulla Kəbirlinski keçindi. Üzündə elə həmin xoş təbəssüm qalmışdı.

7 iyun 2023

Mənbə: https://edebiyyatqazeti.az/