SƏN ORDA, MƏN BURDA TƏNHA QALANDA

“Səni düşünəndə hərdən elə bil,
Nəyimsə çatmayır mənim yanımda”.
Müəllif.

Ömrümün günləri bir qatar kimi,
gəlib bir anlığa gözümdən keçir.
Sən orda, mən burda tənha qalanda,
elə bil əyninə fələk don biçir.

Axı sən olanda mənimlə birgə,
dünyanın xoşbəxti oluram yenə.
Elə ki, ayrıldın mənim yanımdan,
yenə də hey fikrim yönəlir sənə.

DALĞALAR, DƏNİZLƏR İTİR GÖZÜMDƏ

Dalğalar, dənizlər itir gözümdə,
sən açıb gözünü yumana kimi.
Düzünü söyləyim başqalaşıram,-
köməyi özgədən umana kimi.

Güldən-çiçəkdən də incəsən, gülüm,
yasəmən, bənövşə hüsnünə çatmaz.
Açmasan gözünü səhərlər, inan,
Fəqət bu dünyada günəş də batmaz.

YENƏ DƏ GÖZLƏRİM BU GÜN YOL ÇƏKİ

“Sən məni bu qədər gözlətməmişdin,
belə qoymamışdın gözümü yolda”.
Nəriman Həsənzadə

Özgəsi sənədə bu gün qol çəkir,
Doğrunun yerini əyri sananda.
Yenə də gözlərim bu gün yol çəkir,
Səni düşünəndə, səni ananda.

Sənlə keçən gündən xatirələr var,
Bir də ki hamısı eyni deyil ki.
Könlümün ən həssas duyğuları da,
Sanki pıçıldayıb mənə deyir ki,-

Haradsan sən qayıt dünyama mənim,
Hissimi, duyğumu oyat yenidən.
Sən orda, mən burdaayrı düşsək də,
Qoy gülsün üzünə həyat yenidən.

SƏNİN QULLUĞUNDA HEY DURURAM MƏN

Çiynimi dağlara söykəyən zaman,
Dərdimi-sərimi unuduram mən.
Sübh çağı yuxudan sən oyanmamış,
Bir şeir sarayı hey qururam mən.
Nazını çəkməkçün, nazını, inan,
Sən qulluğunda hey dururam mən.

* * *

Günəş boylanmasa səhər sübh çağı,
Görünməz, inan ki, divarda kölgə.
Çoxdandı gəlmirik üz-üzə yenə,
Bölərdim dərdimi səninlə birgə.

Görəydin dərdindən illər uzunu,
Şair qələmimlə nələr çəkmişəm.
Əridib həsrətdən yerin üzünü,
Kim bilir bəlkə də başa çəkmişəm?!

Leylini gözləyən bir Məcnun kimi,
Səni düşünmüşəm, səni anmışam.
Sevgini yollarda axtaran gündən,
Yenə də eşqinlə alovlanmışam.

Dolsa da qəlbimə qəribəliklər,
Güc tapıb yanından mən düz keçmişəm.
Gör neçə döyünən qəlbin içində,
Həsrətli gözündə səni seçmişəm.

AXI SƏN GƏLƏNDƏ BAŞQADI DÜNYA

Sən gələn yollara gərək sevinib,
Xəbəri göndərim özümdən qabaq.
Gəl, harda qalmısan darıxdım sənsiz,
Ürəyim söyləyir gözümdən qabaq?!

Axı sən gələndə başqadı dünya,
Narahat duyğular yerdə qalmayır.
Kim sənə dedi ki, sənin gözündən,
Şairin qələmi ilham almayır?!

Gəlməsən, yolları şair ilhamım,
Özümdən də əvvəl fəryad qoparır.
Nə bilim, bəlkə də sənin göz yaşın,
Mənim hisslərimi haqq aparır?!

TƏBİƏT KÖNLÜMÜ ÖZÜ ALIBDI

Yenə səssizlikdi mənim könlümdə,
Elə bil dərdimi soruşan yoxdu.
Misralar içndə, kəlmə içində,
Adından bir dastan danışan yoxdu.

Baxma ki, keçibdi gün qatar kimi,
Yenə də qəlbimdə həsrət qalıbdı.
Yolun gözləyəndən bir körpə kimi,
Könlümü təbiət özü alıbdı.

Bir də bilirsənmi sənin yolunu,
Yenə gözləməkdən yorulmadım heç?!
Qəlbimi sevgiyə, şeri sevgiyə,
Bu gün səsləməkdən yorulmadım heç.

Dastan söylədiyim həmin o əsər,
Əslində sözünün kəsəriymiş, eh.
Bəlkə də dilindən çıxan bir kəlmə,
Şairin ən böyük əsəriymiş, eh.

GÖYNƏYİR QƏLBİMİN YARASI SƏNSİZ

Hər dəfə baxanda ulduza, aya,
Göynəyir qəlbimin yarası sənsiz.
Bütün varlığıyla fəryad qoparır,
Gözümün gah ağı, qarası sənsiz.

Şeir sarayımın uçub tökülür,
Çələngdən hörülmüş parası sənsiz.
Tarixi bir ana bərabər olur,-
Gecəylə gündüzün arası sənsiz.

Tökür göz yaşını bil, gilə-glə,
Dəli Koroğlunun narası sənsiz.
Yolun gözləməkdən usanıb artıq,
Yeni dərdlərimin çarası sənsiz.

GÖZÜMÜN AĞINDA, QARASINDASAN

Yanaqdan göz yaşı süzüləndə də,
Dastanlar torpağa düzüləndə də,
Həsrətdən dodaqlar büzüləndə də,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!

Sevinc göz yaşına dönsəm də belə,
Gözəlin qaşına dönsəm də belə,
Torpağın daşına dönsəm də belə,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyasının harasındasan?!

Torpağın canına hopub gələrəm,
Borana çevrilib qopub gələrəm.
Mən səni axtarıb tapıb gələrəm,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!

Yenə ərşə çatır şair harayım,
Çələngdən hörülən uçmaz sarayım.
Mən səni de, görüm harda arayım?!
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!

Yanaqdan süzülən yaşamı dönüm,
Həsrtədən çatılan qaşamı dönüm?!
Yurdumda dağamı, daşamı dönüm,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!

Kədərlər əriyib keçsin aradan,
Yenə dayağımdı UCA YARADAN.
Mən səni soruşum denən haradan?!
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!

KƏDƏRİ SEVİNCLƏ GÖZLƏRİNDƏN ÇƏK!

“Çəkdim həsrətin desəm, sənə mən,
Bəlkə inanmazsan sözlərimə sən?!”.
Müəllif.

Qəlbindən süzülən duyğularını,
Mənə söylədilər o vaxtı, gülüm.
Məndə ki, o vaxtı coşub-daşırdım,
Dəyişdi şairin bir baxtı, gülüm.

Səhərdən-axşama narahat qəlbdə,
Ən incə duyğular süzülüb gəldi.
Dastanlar qoşanda qəlbimdə artıq,
Torpaqdan qəlbimə düzülüb gəldi.

O gündən bu günə mənim qəlbimin,
Döyünən, çıpınan aynası oldun.
ALLAHA, “QURAN”a dastanlar qoşan,
TÜRKÜN ŞAİRİNİN DÜNYASI OLDUN.

Sevinc də, kədər də mənim ömrümün,
Səhərə can atan xəbəri oldu.
Sənin gözlərinə qəm ələnməyi,-
Sevgi sarayımın kədəri oldu.

Hər dəfə çələngdən dastan qoşanda,
Sən düşdün yadıma həmişəki tək.
Nə kədər, nə qüssə yaraşmır sənə,
Kədəri sevinclə gözlərindən çək.

ARAYARAQ DÜNYADA GÖZ YAŞINA DÖNÜRƏM

Gözəlliyin önündə əriyəndən qar kimi,
Dənələnib dünyada səpələnən nar kimi,
Hüsnü camalına mən heyran qalan yar kimi,
Arayaraq dünyada göz yaşına dönürəm.

Torpağın hər daşına ruh kimi hopa-hopa,
Bəzən ömrün bir günü tufan tək qopa-qopa,
Camalını düşünüb mən səni tapa-tapa,
Arayaraq dünyada göz yaşına dönürəm.

Axı sənsiz ömrümün sevinci də kədərdi,
Gözlərini görməsəm, şair ömrüm hədərdi.
Deyib kədər dastanım gözüm yaşı qədərdi,
Arayaraq dünyada göz yaşına dönürəm.

Çəkib həsrətin sənin daşlardan süzülərək,
Dastanlarla bu yurda ruh kimi düzülərək,
Gözəlliyin önündə can kimi büzülərək,
Arayaraq dünyada göz yaşına dönürəm.

Neynim şair ürəyim doğulandan utancaq,
Görən həsrətim axı nə vaxtı qurtaracaq?!
Ruhum sənsiz canımı qəbrimə aparacaq,
Arayaraq dünyada göz yaşına dönürəm.

ALLAH özü dayaqdı bəndəyə ömrü boyu,
Göz yaşı da torpaqdı bəndəyə ömrü boyu.
Kənan özü qonaqdı bəndəyə ömrü boyu,
Arayaraq dünyada göz yaşına dönürəm.

MƏNİ ŞAİR ELƏDİ

Sultanı sarayımın,
Məni şair elədi.
Fəryadı harayımın,
Məni şair elədi.

Ruhun ruha hopması,
Qiyamətin qopması,
Yarı yarı tapması,
Məni şair elədi.

“Cahargah”da enən bəm,
Gözlərində kədər, qəm,
Yanağında sevinc, nəm,
Məni şair elədi.

YARADANA imanın,
Gül ətirli məramın,
Sevinc dolu bir anın,
Məni şair elədi.

Gülüşün, zarafatın,
Məna dolu həyatın,
Dilindəki bayatın,
Məni şair elədi.

Gülüş dolu yanağın,
Sevinc dolu dodağın,
Sənin gözəl olmağın,
Məni şair elədi.

Güllərə bənzəməyin,
Ömrümü bəzəməyin,
Nazlı-nazlı gəzməyin,
Məni şair elədi.

Sənin hüsnü camalın,
Gülərüzlü amalın,
TÜRK QADINI, kamalın,
Məni şair elədi.