ZƏLİMXAN YAQUB YARADICILIĞINDA TÜRK-ISLAM ƏXLAQI

Türk-islam dünyasının önəmli şairlərindən olan Zəlimxan Yaqubun müxtəlif illərdə xalq şeiri üslubunda ərsəyə gətirdiyi ədəbi-bədii nümunələrdə Türk-müsəlman əxlaqı özünü göstərməkdədir.Zaman-zaman Allah və ”Quran” inamına sadiq qalan türklərin cəsarəti, qəhrəmanlığı barədə dastan sayağı əsərləri hər bir türkün gözündə canlanır.Türklərin islam mədəniyyətinə bəxş etdiyi gözəl əxlaq, Allah və “Quran”a inam, islam dininə və türk dilinə sadiqlik, möhkəm etiqad, türkün al qırmızı rəngli bayrağa və torpağa ruhu, canı qədər bağlanmaq, vahid bir ad altında-böyük türk dövləti qurmaq və ərazilərini genişləndirmək türklərin zamanın astanasından süzülərək gəlmiş ənənələrin zənginliyindən xəbər verən faktlarından biridir.Təbii ki, sadalanan yüksək əxlaqi keyfiyyətlər eyni zamanda böyük türk dövlətinin, mədəniyyətinin, ədəbiyyatının, tarixinin qədimlərə gedib çımasından xəbər verən əsas və yeganə mənbələrdən hesab olunur.
Zaman etibarı ilə oğuz dillərinin ilk böyük şairi Yunus Əmrəyə ulu sayqılarla qəlbnin dərinliyindən süzülərək ərsəyə gətirdiyi ədəbi-bədii nümunəsində Zəlimxan Yaqub sufi şairin Uca Allaha bağlı olmasından, türkün ana yurdunda-Sarıcaqayadan Anadoluya qədər geniş bir ərazini əhatə etməsindən xəbər verir:

Doğulan çox olsa da, neyləsin doğan ana,
Hər gün dünyaya gəlmir nə Yunus, nə Mövlana.
Dahilik zərrə-zərrə hopur iliyə, qana,
Dünyanın yaxşi şeri hər gün yazilan deyil!

Əsərlərini fars dilində yazmasına baxmayaraq, ilk dəfə türk dilində söyləyən, XIII əsr təsəvvüf poeziyasının ilk böyük nümayəndəsi Mövlana Cəlaləddin Rumiyə həsr etdiyi “MÖVLANA TÜRBƏSİNDƏ” əsəri deyiləni ədəbi fakt kimi bir daha təsdiqləyir.
2006-ci ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən kütləvi tirajla nəşr olunan “Seçilmiş Əsərləri”nin iki cildliyinin ikinci cildində Türk-islam əxlaqının kodekslərindən çıxış edərək həmin ədəbi-bədii nümunələrini ərsəyə gətirməsi əslində Zəlimxan Yaqub yaradıcılığının əsrarəngizliyindən, möhtəşəmliyindən irəli gəlir.
Müasir dövrdə Türk-İslam əxlaqının ən gözəl xüsusiyyətlərini özündə birləşdirən Zəlimxan Yaqub əsərləri tarix boyu türk xalqının yüksək əxlaq sahibi olmasını bir daha sözün həqiqi mənasında oxucunun gözü önündə canlandırmaya bilmir.Bu da öz növbəsində əsası XIII əsrdə Yunus Əmrə tərəfindən “Vəhdəti-vücud”fəlsəfəsinin yaxud da Mövlana Cəlaləddin Ruminin zərrənin-insanın bütövə-Allaha yaxınlaşması fəlsəfəsinin qaranlığına dalmasından irəli gələn faktordur.
Qarsın xocası Fövzi paşa okul müdiri Şahmət Bilgirə ulu sevgilərlə ünvanladığı “ŞAHMƏT XOCA” şeirində poetik olunması baxımından poeziya həvəskarlarının qəlbini türk-islam əxlaqının çalarları ilə zənginləşdirir.

Qars ilə oyanırdım, Konya ilə yatırdım,
Ən şirin arzuların xoş ətrinə batırdım.
Bu torpaqla görüşə lap çoxdan can atırdım,
Yaxşı ki, ömrüm sənə tuş oldu, Şahmət Qoca!

“QOCATƏPƏ CAMESİNDƏ” şeirində bəndənin mərhəməti ilə geniş olan Uca Allahın qarşısında əyilməyini minnətdarlıq əlaməti kimi oxucunun nəzərinə çatdırır.

Qocatəpə camesi… namaz cümə namazı,
Tanrının xidmətində yüz min adam var azı.

İlk dəfə silkələndi qəlbim, quhum, varlığım,
Əyilmək-ucalığa mənim minnətdarlığım.

Türk övladının nə krala, nə şaha, nə zora, nə də silaha əyilmədiyini belə göstərir:

Türk övladı əyilməz nə krala, nə şaha,
Türk övladı əyilməz nə zora, nə silaha.

Türk-müsəlman əxlaqının əsas konsepsiyası olan Yaradanların ən gözəli olan uca Allaha, bəndələrə qiyamətə qədər doğru yol göstərən ilahi, nurani, səmavi kitaba-“Quran”a tabe olmaq Zəlimxan Yaqub əsərlərindən də yan keçmir.Bu konsepsiya zaman-zaman Türk-müsəlman dünyasının ən önəmli söz sənətkarlarının yaradıcılığının əsasını təşkil edib.Müasir çağdaş dövrdə isə bu ənənəvi konsepsiyanı Zəlimxan Yaqub əsərlərində yüksək Türk və Müsəlman ruhunda davam etdirir.Hətta “Seçilmiş Əsərləri”nin I və II cildində “MƏLƏK DODAĞINDA DİNƏN NƏĞMƏLƏR”, “TƏBİƏT ALLAHIN ŞAH ƏSƏRİDİ” bölməsi deyilənləri geniş oxucu kütləsinin gözü önündə canlandırır.
1991-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən yüksək tirajla nəşr olunan və 1995-ci ildə “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram” poemaları ilə birlikdə “Hacı Zeynalabdin Tağıyev” ədəbi mükafatına layiq görülən “Ziyarətin qəbul olsun” kitabının “İstanbulda quşlar qondu çiynimə” bölməsində Yunus Əmrəyə, Mövlana Cəlaləddin Rumiyə, Şahmət Bilgirə, Məhmət Akif Ərsoya, Məhəmməd Əmin Rəsulzadəyə, Memar Sinaniyə, Nazim Hikmətə zaman-zaman haqqın süzgəcindən süzürək gəlmiş dastan-epos xarakterli əsərlərində adlara rast gəlinməsi ədəbiyyat, mədəniyyət üçün əsrarəngiz, möhtəşəm, ecaskar sənət əsərləri ərsəyə gətirməyə qadir olduğunu yenidən gözlər önündə canladırır.
Zəlimxan Yaqub kainatin fəxri, nəbilərin sərvəri, dünyanin yaradılmasının əsas və ilk şəxsi rəsulullahın,həbibullahın, sonuncu Peyğəmbər Əfəndimiz Həzrət Məhəmməd (səlləllahu əleyi və alihi və səlləm) böyük sevgi ilə ərsəyə gətirdiyi “PEYĞƏMBƏR” poeması zaman-zaman, tarix boyu peyğəmbərlərin əxlaqının dünyada hər bir bəşər övladı üçün nümunə olduğunu sübuta yetirən növbəti ədəbi-bədii nümunələrdən biridir.Türk-müsəlman dünyasının ən gözəl şairi Yunus Əmrəyə böyük türk sevgisi ilə ərməğan etdiyi “Yunus Əmrə dastanı” poeması təsəvvüf şairinə olan sevgisindən yaranıb.
Azərbaycan xalqının adət-ənənəsini dərindən bildiyi üçün daha çox heca vəznində ərsəyə gətirdiyi ədəbi-bədii nümunələrdə türk xalqının ərənlər meydanında döyüşə hər an qəhrəmanlıq ruhu ilə hazır olduğunu “DÖYÜŞƏN TÜRK,OYANAN TÜRK, QALXAN TÜRK” əsərində ən incə çalarları ilə əks etdirməklə yanaşı, həm də türk xalqının “GİLQAMIŞ”, “ALPAMIŞ”, “MANAS” dastanlarında da böyük iftixar hissi ilə əks etdirir:

“Gilqamış”dan, “Alpamış”dan, “Manas”dan,
Geri qalmaz dastan olsun bu dastan.
Qurtar bizi bu həsrətdən, bu yasdan
Dəniz kimi dalğalan, türk, çalxan, türk!
Döyüşən türk, oyanan türk, qalxan türk!

Dünya tarixi ərzində öz torpaqlarının ərazi bütövlüyünün qorunub saxlanılmasında yüksək əzmkarlıq hissi ilə digər hökmdarlara nümunə olan Ərtoğrul bəy, Osman qazi, Orxan qazinin adını yüksək və ali hisslərlə öz poeziya örnəklərində qabarıq şəkildə əks etdirir:

Yaddaşında sıralansın, anılsın,
Ərtoğrul bəy, Osman qazi, Orxan, türk!
Yenə Tanrı dağlarını qucaqla,
Dağlar olsun səngərin, türk, arxan, türk!
Döyüşən türk, oyanan türk, qalxan türk!!!

Beləliklə, Türk-müsəlman dünyasının önəmli şairi olan Zəlimxan Yaqub həm ümumtürk, həm ümummüsəlman, həm də ümumbəşəri duyğuları Türk-İslam əxlaqının ən incə çalarlarını, təsəvvüf ideyalarını öz əsərlərində əks etdirən Böyük Türk Oğludur.

Dərin hörmət və ehtiramla:
Kənan AYDINOĞLU.
“Ziyalı Ocağı” İctimai Birliyinin üzvü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri.
21 dekabr, 2011.Sumqayıt-Bakı.