KOMA
Mənimiydi aylı-aylı gecələr,
Mənimiydi qovaqların kölgəsi,
İnnən belə xəyalımda gecələr,
Ürək-ürək o çağların kölgəsi.
Aman allah, tale elə bu imiş,
Yaman yağır şübhələrin yağışı.
İndiyədək axıtdığım su imiş,
İnnən belə axacaqmı göz yaşım?!
Nahaq yerə koma yapdım özümə,
Niyə çıxdım nağılların içindən.
Nahaq yerə əmma tapdım özümə,
Di çıx görüm ağılların içindən!
Ocaq çatıb gərək koma qızdıram,
Gözlərimi çıxarsa da tüstüsü.
Gərək qaçıb sevgiləri azdıram,
Vurammasın məni bir də istisi.
Ha tuturam əllərimi üzümə,
Tanımasın məni bir də o həsrət.
Ha deyirəm oxşamayım özümə,
Tapanmasın məni heç vaxt məhəbbət.
NAR AĞACI
Qış yatıb yuxuya qaldı gecələr,
Eşqindən gözləri tutuldu yazın.
Yazıq yayı mürgü başdı gecələr,
Payız görən kimi sevdi bu qızı.
Dişi qana batan canavar kimi
Uzun gecələrin bilir dadını.
Bu gecə bir azca nağıllar kimi,–
Payız soyundurur nar ağacını.
DÜŞÜNCƏLƏR
Göy üzü gözəl.
Göy gözlər.
Görüşlər.
Ölmək istəyirəm.
Gülünc olmaqdan qorxuram.
Girinc olmaqdan qorxuram.
Kölgələr çox.
Bəlkələr çox.
Ölkələr çox.
Sərgərdan yolçular,
Kimsəsiz komalar,
Komasız kimsələr.
Dərddən, danışdıq.
Həsrətdən, danışdıq.
Olanlar, keçənlər,
Dünyadan köçənlər,
Aclıq.
İçimizi gəmirən tənhalıq
Gedək çay içməyə!
***
Qısqanc qadınlara bənzəyir yaman
Yamanca qısqanır işığa məni.
(Kövrək ümidlərin kölgəsi güman–
Gözündə, könlündə qısqanclıq çəni.)
Qorxur ulduzlara vurulmağımdan,
Qorxur vurularam ay işığına,
İşıqlı üzlərin yaraşığına.
Vurulub işığa dönərəm elə,
Qısqanc kölgələrin gözü yaşarar.
Qəmli gecələrin toranlığından
Çıxıb qarışaram yaz yağışına,
Kiminsə məhrəm baxışlarına.
İtəndə kölgəsi kirpiklərinin,
Heyfsilənməyin!
Başınız sağ olsun qısqanc kölgələr!
Başınız sağ olsun Zatalilər!
***
Başımı götürüb gedirdim elə,
Çoxdan unutmuşdum ayaqlarımı.
Qaldırıb astaca kirpiklərini,
Nə yaxşı qarşıma çıxmısan belə.
Başını götürüb qaçmaq çox asan.
Başımı götürüb həmişə qaçsam
Qurtula billəmmi ayaqlarımdan.
Ayağım altında bir ovuc torpaq,
Başımın üstündə ala buludlar.
Bir ovuc torpaqnan ev tikə billəm,
Bir ovuc torpaqda qəbrim qazılar.
Bilir niyə yağır bu yağış, bu qar,
Biz niyə yağmışıq Yer Kürəsinə?!
Dünya ayaqyalın yüyürür, Allah,
Haqqın işığına, haqqın səsinə!