
Qulu Ağsəs daha çox insanın öz vicdanı, qorxuları, Yaradanı ilə tək qaldığı məqamları sözə çevirir. Onun poeziyasında sevgi iman, zaman tale, işıq qaranlıqla toqquşur. Şair oxucunu inandırmağa çalışmır, hətta əksər şeirlərində sadəcə bir sual uzun müddət insanı düşündürə bilir. Onun poeziyasında insan daim iki dünyanın arasında qərar tutur: inanmaqla şübhə etmək, sevməklə itirmək, gözləməklə üsyan etmək. Bu ikililik onun şeirlərində ziddiyyətdən daha çox, həyatın təbii halıdır. Şair üçün harmoniya daxili gərginliyin də fəlsəfəyə çevrilməsidir. Ona görə də bu şeirlərdə çox vaxt suallar cavablardan daha çoxdur və bu da şairin poetik mövqeyi kimi qəbul edilə bilər.
Ürəyində bir arzu tut,
Di, böl onu iki yerə.
Sevgidən dönən kafirdi,
Gəl yenə həminki yerə.
Ürəyində bir arzu tut,
Bir azca qarışsın başın.
Tavanı deşilib – nədi?
Könlümə damır göz yaşım.
Şeirdə əsas poetik hərəkət ürəkdən başlayır. Sevgi hissi iman səviyyəsinə qaldırılır, ondan üz çevirmək isə mənəvi xəyanət. Lirik qəhrəman sevdiyini yaşamağa çağırır, özü isə taleyin ağır yükünü təkbaşına daşımağa razıdır. Qulu Ağsəs poeziyasında tez-tez rast gəlinən səssiz qəhrəmanlıq modelini onun bir çox şeirlərində görürük. Bu poeziyada zaman nə dostdur, nə də düşmən. O, sadəcə, amansızdır. Ömür qorxudula, saxlanıla bilmir, yalnız hiss edilə bilir. Şairin sözündəki yorğunluq isə məğlubiyyətdən çox, ayıqlıqdır. Qulu Ağsəs insanın zamana qarşı acizliyini etiraf edir, amma bundan dramatik effekt yaratmır, onu sakit, daxili bir müqavimətə çevirir.
Hardasa, çölün düzündə
Su köşkü olmalıydı.
Ürəyimin alt gözündə
Son eşqim olmalıydı.
Bu axşam bir niyyət tutaq:
Gün batsın, qürub qalsın.
Bəs ömrü nəylə qorxudaq,
Yerində durub qalsın?!
Məkan anlayışı real coğrafiyadan çox, xəyali və psixoloji ölçüdə, zaman və ömür fəlsəfəsi üzərində qurulub. İnsanın zaman qarşısında acizliyi, ömrü saxlamaq üçün əlində heç bir vasitənin olmaması şeirin fəlsəfi qatını təşkil edir. Şair ömrü qorxutmaq istəyir, eyni zamanda bunun mümkünsüzlüyünü də yaxşı bilir. Bu isə, daha öncə də qeyd etdiyimiz kimi, Qulu Ağsəs poeziyasında tez-tez rast gəlinən daxili üsyanın səssiz formasıdır. İnsanın öz dərdini rol oynamadan yaşamaq arzusu, ən azı bir dəfə tamaşasız ağlamaq istəyidir. Şeir bütövlükdə sevginin gecikməsi, zamanın amansızlığı və insanın sosial rolu arasında qalan ruh halının təcəssümüdür.

Qulu Ağsəsin şeirlərində sevmək, bəzən dindən-imandan çıxmaq kimi görünür, bəzən isə Tanrıya ən yaxın yol olur. Şair üçün sevgi nə xilasdır, nə də günah. O, insanın özünü tanımaq üçün keçdiyi ən ağrılı mərhələdir. Bu mərhələdə lirik qəhrəman, ya özünü aldadır, ya da həqiqətlə üzləşir.
Hamı aldadır özünü,
Aldada-aldada sevir.
Hərə bir küncə çəkilib,
Hərə bir daldada sevir.
Şeir Qulu Ağsəs poeziyasında insanın özü, Tanrı və qaçılmaz sonla münasibətinin ən sərt, ən açıq formalarından biridir. Əsərdə sevgi də var, amma bu sevgi illüziya üzərində qurulmuş, özünü aldatmaqla davam edən ruh halının təsviridir. Şeirdə “aldatmaq” ifadəsi xəyanət deyil, bir növ yaşam biçimidir. İnsan özünü aldada-aldada sevir, çünki bəzən həqiqət sevgini daşımaq üçün çox ağırdır. Bu şeir bütövlükdə Qulu Ağsəsin poeziyasına xas olan sərt realizmi və metafizik düşüncə tərzini birləşdirir. Sevgi də, iman da, mübarizə də illüziya pərdəsindən keçərək təqdim olunur. Lirik qəhrəman nə hökm verir, nə də yol göstərir. O, insanı öz həqiqəti ilə üz-üzə qoyur və bu üzləşmə oxucuda təlatüm yaradır.
Hara baxıram, şairlər:
bu çığıran şairlər, bu bağıran şairlər…
Bayatı, ağı deyən ağıstan şairlər,
Qayanı, dağı döyən dağıstan şairlər…
Təşbehi bəndin içinə iki əllə atanlar,
mikrofon önündə kəllə atanlar…
Şeir Qulu Ağsəsin poeziyasında poetik etiraz nümunəsidir. Şair sevən, ağlayan, ölümü düşünən liriki bir kənara qoyub, sözün taleyi üçün narahat olan tənqidçi mövqeyinə keçir. Əsər etiraz ruhlu başlasa da, paradoks ondadır ki, bu, qışqıranlara qarşı yönəlib. Əsər Qulu Ağsəsin poeziyada səsin yox, sözün tərəfini tutduğunu açıq şəkildə ifadə edir. O, şeirin dərindən duyulmasını müdafiə edir. Bu şeir oxucuya da məsuliyyət yükləyir; şeirə həmsöhbət kimi yanaşmağı təklif edir.
Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı… fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu,
Nə qədər imkan var, rahatlan, uyu…
Qəflətən bir çağa salar hay-həşir,
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.
Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş?
Körpəsi hanı?
Görsən, hər tərəfdən əlin üzülür,
Görsən, üşüyürsən… yandır özünü…
Şeir Qulu Ağsəs poeziyasında işıq-qaranlıq qarşıdurmasının fəlsəfi ölçüyə keçdiyi əsərlərdəndir. Qaranlıq – ümidsizlik, ruh yorğunluğu və zamanın insanı sıxan axarıdır. Şair oxucunu bu qaranlıqla qorxutmaq istəmir. Belə demək mümkünsə, ona münasibətini dəyişməyi təklif edir. Şeirdəki çağırışlar təskinlik kimi səslənsə də, alt qatında acı bir reallıq yatır ki, insan çox vaxt çarəsizlik qarşısında yalnız gözləməyi bacarır.
Gecənin “uçuq yuxu”ya bənzədilməsi qaranlığın müvəqqəti, keçici olduğunu xatırladır. Fəqət eyni zamanda təhlükəli bir rahatlıq hissi də yaradır. İnsan qaranlığa öyrəşdikcə o, artıq mübarizə aparmır, sadəcə uyğunlaşır. Şeirin ən dramatik nöqtəsi insanların bu “körpəni” ovutmaq adı ilə yenidən axşamı salmasıdır. Bu, bir növ, cəmiyyətin dəyişiklikdən qorxan davranış modelini simvolizə edir. İşıq doğur, amma onu qorumaq əvəzinə, yenidən qaranlığa qaytarırlar. Müəllif çox incə şəkildə sosial və mənəvi tənqidi gizlədir. Bəzən insan özü öz işığını boğur, çünki işıq məsuliyyət, oyanış və dəyişmə tələb edir. Finaldakı “yandır özünü” çağırışı isə intihar metaforası olmaqdan ziyadə, daxili alovun, iradənin, müqavimətin oyadılmasıdır. Şair deyir ki, kənardan istilik gəlməyəndə insan özü işığa çevrilməlidir. Bu, Konfutsinin məşhur “Qaranlığı lənətləməkdənsə, bir şam yandır” ifadəsini də mənə xatırladır…
Şeir bütövlükdə Qulu Ağsəs poeziyasında tez-tez rast gəlinən bir ideyanı təsdiqləyir: ümid göydən düşmür, onu qorumaq və yaşatmaq insanın öz işidir. Qaranlıq gəlir, axşam düşür, amma günəşin taleyi insanların seçimindən asılıdır.
Qələt eləyərəm desəm:
Hamı qələt eləyir…
Allah bizi xəlq eyləyib,
Yoxsa lənət eləyib?!
Qaç bu xain yuvasından,
Əri, yox ol havada.
Qorx ki, yenə yerdən çıxa,
Buluddan dama adam…
Qulu Ağsəs poeziyasında etirazın, şübhənin və metafizik narahatlığın ən sıx, ən gərgin ifadələri intişar tapır. Şair nə təkcə cəmiyyəti, nə də insanı mühakimə edir. O, yaranışın özünü sual altına qoyur və bu sualın cavabsız qalacağını əvvəlcədən qəbul edir. Şeir paradoksal bir etirafla başlayır. Üsyankar suallarla dolu inam ən ağır şübhədir. Bütövlükdə bu əsər Qulu Ağsəsin poeziyasında insanın öz yaratdığı dünyada yadlaşmasını, qorxu ilə ayıqlıq arasında qalmasını və son olaraq sükuta doğru çəkilməsini əks etdirir. Çünki nə ümid açıq şəkildə deyilir, nə də ümidsizlik elan olunur. Şair oxucunu rahat cavablarla yola salmır. Onu düşüncənin ağır yükü ilə üzləşdirir.
Kimsən, nəçisən, ay Allah,
Heç səndən baş tapammadıq.
Özün qurduğun dünyada
Sənə bir iş tapammadıq.
Şeir Qulu Ağsəs yaradıcılığında Tanrı ilə ən açıq, ən riskli və ən səmimi dialoqlardan biridir. Şairin ona ünvanladığı suallar məhz inanmaq ehtiyacından doğur. Ümumi məzmununda o, uzaq, anlaşılmaz və insan taleyinə biganə kimi təqdim olunsa da, şairin sualı Yaradanın varlığına yox, onun insan həyatındakı roluna yönəlib. Şair Tanrını “bəndə salmaq” istəyir, onu insana məxsus keyfiyyətlər ilə dərk etməyə çalışır. Şair Yaradana sual verməklə yaxınlaşır və bu əlaqə oxucunu da eyni suallarla tək buraxır.
Nə olur mənə, haqq olur,
Sən də bir yandan olursan.
Günü-gündən sevildikcə
Dindən-imandan olursan.
– Bu üzü daşlı dünyanı
Sənin üzündən sevirəm.
Tanrını min ağaclıqdan,
Səni özündən sevirəm…
Şeir Qulu Ağsəs poeziyasında sevginin imanla toqquşduğu, amma onu dağıtmayıb yenidən mənalandırdığı nümunələrdəndir. İnsanın dünyaya və öz taleyinə baxışını dəyişən güc elə budur. Çünki sevdikcə iman itmir. Qulu Ağsəs sevginin Tanrıya alternativ olmadığını, Yaradan anlayışını insaniləşdirən bir mərhələ olduğunu sezdirir. Sevilən varlıq ilahiləşmir, amma onun yerini tutur. Şair ağlamağı ünsiyyət vasitəsinə çevirərək poeziyasında sevginin metafizik ölçüsünü açır. Lirik qəhrəman sevgini yaşayır və oxucunu da bu yaşantının içinə çəkir.
Qulu Ağsəs şeirləri oxucunu müşahidəçi mövqeyində saxlamır, onu düşüncənin içinə çəkir və orada tək qoyur. Şair nə yol göstərir, nə hökm verir, nə də təsəlli paylayır. Onun poeziyasında söz məsuliyyətdir, sükut mövqe. Qulu Ağsəs poeziyasının əsas gücü də məhz buradadır.
Mənbə: https://edebiyyatqazeti.az/
Bir cavab yazın