
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
– Sara! Qapını aç, Sara!
– Nə olub, ay qızım? Niyə qapını elə döyürsən? – qonşu qadın öz qapısından təlaşla boylandı.
– Sara… Saranı görən olub səhərdən? – Fidan qadının cavabını eşitmək üçün səbirsizləndi.
– Yox… Dünən də görməmişəm. Bir neçə gündür görünmür. Amma sən axı…
– Hə, mən hər gün gəlirdim… Dünən heç yaxşı deyildi… Telefona cavab vermir, indi də qapını açmır, – deyib barmaqlarını hirslə çeynəməyə başladı.
***
– Hara gedirik?
– Görmürsən?!
– Hə… amma…
Saranın ayağı balaca məzar daşına ilişdi. Niyə bu qədər balaca idi? Boz rəngli məzar daşı. Üstündə balaca bir insan şəkli sanki oyulmuşdu. Çox balaca idi. Qəbir də balaca idi – sanki yeni doğulmuş körpəyə aid idi.
– Gözlə! – deyə qarşıda gedən rəfiqəsinə çatmağa çalışdı.
Bu Fidanın səsi idimi? Yox… sanki öz səsi idi. Öz gülüşü. Qarşıda gedən Fidan idi, amma deyildi də. Özünün daha balacaboy, daha yüngül, daha qayğısız variantı. Fidan hündürboy idi axı…
Qəbiristanlıqda adamlar vardı, amma Sara onların üzlərini seçə bilmirdi. Hamısı sanki siluet idi. Qəbirləri tapdalamamaq üçün diqqətlə addımlayırdı.
“Atam da burda olmalıdır…” deyə düşündü. “Onun yanına da gedərəm. Amma… mənim məzarım hardadır?”
– Gəl, – dedi qarşıda gedənə. – Gedək mənim məzarıma. Bir az kənardadır…
Sara nəhayət ona çatdı. Digər özü gülürdü. Üzündə qəribə bir rahatlıq vardı.
– Çox kənardayam… Uzaqdayam. Gələ bilməyib heç kim ziyarətə. Baxımsız qalıb məzarım… yəqin…
Bu sözləri Sara dedi, yoxsa yanındakı “o”? Səsi öz qulağına yad gəldi sanki.
Ürəyi sürətlə döyünməyə başladı. Əlindəki fotoplyonkanı açıb yenidən burdu, yığdı. Sanki vaxtı geri qaytarmaq üçün mexaniki bir hərəkət edirdi.
Ayaqları ağırlaşmışdı. Addım ata bilmirdi.
Yanındakı “özünün” qorxusunu hiss etmiş kimi sakit səslə dedi:
– Kaş həyat da fotoplyonka kimi geri qaytarıla biləydi… Bu sözləri deyən kimi Sara kürəyindən, tam ürəyinin arxasından bir üşütmə hiss etdi və gözlərini açdı.
– Sara!
– Qapını sındıraq!
– Kənara çəkilin!
Qapının o biri tərəfindən səslər gəlirdi.
Sara qalxıb qapını açdı. Fidan onu görən kimi boynuna sarıldı.
– Çox qorxdum! Çox qorxutdun məni!
– Mən də… – Sara pıçıldadı və onu qucaqladı. Sanki dünyanın bütün yükü bir anlıq çiyinlərindən götürüldü.
– Uzun zamandır yata bilmirdim, düşündüm bəlkə dərmandan bir neçəsini içsəm… o da belə oldu…
– Bir neçəsini? Yəni nə qədərini? Qorxutma məni!
– Narahat olma, canıma qıyacaq qədər aciz deyiləm…
Fidan səhərdən qapını döydüyünü, qonşuları yığdığını, nə qədər nigaran qaldığını danışırdı. Sara dinləyirdi. Amma əslində hələ də yuxunun içində idi.
O, günlərlə yeməkdən-içməkdən kəsilən, evdən çıxmayan Sara deyildi sanki.
Asta-asta özünü topladı. Duşa girib çıxdı. Saçlarını qurudub səliqəyə saldı. Özünə yaşıl çay dəmlədi.
Fidan ona qəribə baxırdı.
– Sən yaxşısan?
– Hə. Yaxşıyam. Daha da yaxşı olacağam, – dedi Sara.
Sonra birdən ciddi bir ifadə aldı.
– Seminarım var.
– Nə seminar? Nə danışırsan sən? Bu halda?
– Halıma nə olub ki?
– Sara…
– Qalx! Çox işimiz var – etiraz etməsin deyə Fidanın sözünü kəsdi.
Yaşıl çayından son bir qurtum alıb fincanı masaya qoydu və qapıya doğru qətiyyətlə addımladı.
***
Sara auditoriyaya daxil olan kimi gecikdiyinə görə üzr istədi. Səsi sakit idi. Hətta həddindən artıq sakit.
Kürsüyə keçdi. Zal demək olar ki, dolu idi.
Seminar gedirdi. Sara auditoriya ilə diqqətlə danışır, suallara cavab verir, məsələlər üzərində düşüncələrini paylaşırdı. Səsi sakit, ritmi nizamlı, amma hər sözündə auditoriyanı düşündürən bir enerji vardı.
Seminarın sonuna yaxın Sara üzünü yenidən auditoriyaya tutdu. Bir anlıq dayandı, baxışları zalın hər küncünü süzdü, sonra sakitcə dedi:
– İndi isə bir nümunə ilə mövzunu bir az daha aydınlaşdırmaq istəyirəm… Bir yuxu haqqında danışacağam. Təbii ki, anonim bir nümunədir.
(Anonim.)
Özü bu sözə içində acı-acı gülümsədi. Sonra yuxunu gördüyü kimi danışdı.
– Qəbiristanlıq… Qəbiristanlıqda çox adam var, amma heç kimin üzü seçilmir. Sanki hamı var, amma heç kim yoxdur.
(İzdiham içində tənhalıq…)
– Bu çox tipik simvoldur. Üzlərin görünməməsi insanın öz emosiyalarından dissosiasiya etməsini göstərir. Yəni, hiss var, amma əlaqə yoxdur.
Əlləri masanın üstündə sakit dayanmışdı. Heç kim onun barmaqlarının titrədiyini görmürdü.
– Daha sonra yuxuda balaca bir məzar görünür. Ölçüsü uşaq məzarı kimidir.
Zalda bir neçə nəfər qeydlər apardı.
– Bu, əksər hallarda uşaqlıq travmasına işarədir. İçimizdə basdırdığımız “uşaq mən”. Biz böyüdükcə onu susdururuq. Güclü olmaq üçün. Tərk edilməmək üçün. Sevilmək üçün.
(Sevilmək üçün nə qədər dəyişdin, Sara?)
– Yuxudakı ata fiquru. Yuxunu görən şəxsin atası illər əvvəl dünyasını dəyişmişdi. Köhnə “mən” onun ölümünü tam qəbullanmayıb, bir hissəsi hələ itki ilə barışmamışdı. Yuxuda onun yoxluğu göstərir ki, qorunma və dəstək ehtiyacı artıq fiziki deyil, daxili prosesdir. Yeni “mən” bu yuxuda həm uşaqlıq travmasını, həm də atanı itirməyi qəbul etməyə başlayır. Bu, transformasiyanın bir hissəsidir – köhnə və yeni versiyalar arasında inteqrasiya.
(Bilirəm… qəbul etməliyəm… barışmalıyam… Səni çox sevirəm, ata!)
– Yuxudakı digər detal – insanın öz məzarını axtarmasıdır.
Bir anlıq susdu. Zalda qəribə bir sakitlik yarandı.
– Öz məzarını axtarmaq nə deməkdir? Bu, köhnə identikliyin artıq funksiyasını itirdiyini göstərir. Psixika deyir ki: “Bu versiya artıq yaşaya bilmir.”
(Köhnə Sara… sən hələ də burdasan.)
– Maraqlı məqam odur ki, yuxu görən şəxs o məzarın “kənarda” olduğunu deyir. Uzaqda. Ziyarət olunmayan. Baxımsız.
Səsi bir az yavaşladı.
– Bu, çox vaxt insanın öz ehtiyaclarını illərlə ikinci plana atmasının nəticəsidir. Özünü kənara qoymaq. Özünü tərk etmək.
(Səni yalnız o tərk etməyib. Sən özünü daha əvvəl tərk etmişdin.)
Sara nəfəsini dərindən aldı.
– Bir başqa simvol isə fotoplyonkadır. Həyatı geri qaytarmaq istəyi. Keçmişə müdaxilə etmək arzusu. Bu, kontrol ehtiyacıdır. Çünki dəyişiklik qorxuludur.
(Köhnə versiyanı buraxmaq daha qorxuludur.)
Zaldan bir tələbə əl qaldırdı:
– Bəs belə yuxu görən insan nə etməlidir?
Sara ona baxdı. Baxışları sakit idi. Amma içində bir şey qırıldı.
– Qəbrin üstünə torpaq atmaq yox – onun qarşısında dayanmaq lazımdır, – dedi. – Qorxmadan baxmaq. Üzləşmək. Yas tutmaq. Çünki transformasiya silmək deyil. Transformasiya qəbul etməkdir.
Bir neçə saniyəlik sükutdan sonra davam etdi:
– Hər dəyişimin içində kiçik bir ölüm var. Amma bu ölüm fiziki deyil. Bu, köhnə “mən”in ölümüdür.
(Köhnə Sara, sən həqiqətən ölməlisən?)
Səsi yenidən sabitləşdi.
– Əgər belə bir yuxu görsəniz, bilin ki, beyniniz sizi qorxutmur. Hazırlayır. Bəli, hazırlayır. Nəyə? Bəzən insanın tutmalı olduğu ən ağır yas – başqasına yox, öz köhnə versiyasına tutduğu yasdır.
Sara lövhəyə tərəf döndü.
Markerı yenidən əlinə aldı.
“TRANSFORMASİYA” sözünün altından xətt çəkdi və altına yazdı:
Qəbul.
Yas.
Buraxmaq.
Sonra bir anlıq dayandı və əlavə etdi:
– Yeni identiklik seçimi.
Arxaya çəkildi.
– Transformasiya bir seçimdir.
Zalda qəribə bir hərəkətlilik yarandı. Seminar bitmişdi, amma heç kim tələsmirdi. Bir neçə nəfər yaxınlaşıb sual verdi. Biri qeyd etdiyi fikri dəqiqləşdirmək istədi. Digəri şəxsi bir vəziyyətindən danışdı. Sanki hamının içində danışılmamış bir “məzar” var idi.
Sara hamısını dinlədi. Gülümsəyərək qısa, konkret cavablar verdi. Əvvəlki kimi emosional deyil, amma məsafəli də deyildi.
Zal tədricən boşaldı. Fidan ona yaxınlaşdı.
– Saram… başqa cür idin bu gün, – dedi.
Sara çantasını açıb kağızlarını səliqə ilə yerləşdirdi.
– Mən də hiss etdim, – dedi sakitcə.
Telefonu çantaya qoymaq istəyəndə ekran işıqlandı. Buraxılmış zəng – “Sevgim”
Telefon yenidən titrədi. Fidan baxışlarını ondan çəkmirdi.
– Odur? – deyə astadan soruşdu.
Sara cavab vermədi. Sakitcə ekrana baxırdı. Barmağı isə tam ortada idi – nə yaşıl, nə də qırmızı düymədə. Zəng susdu. Sara bir anlıq dayandı. “Sevgim” adını sildi. Sonra adsız nömrəni qara siyahıya əlavə etdi və telefonu çantasına qoydu.
– Gedək? – dedi.
Fidan nə deyəcəyini bilmədi. Sadəcə başını tərpətdi.
Onlar birlikdə auditoriyadan çıxdılar.
Lövhədə hələ də bir söz qalırdı: TRANSFORMASİYA. Və ilk dəfə idi ki, bu söz Sara üçün nəzəri termin deyildi.