Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Kəlbəcərim”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Mark xatırladıqca mən də yada salıram…

(Kəlbəcər alınandan sonra bir anlıq özümü orda hiss etdim)

Qoynunda keçibdir uşaqlıq çağım,
Necəsən a çiçək, gül Kəlbəcərim.
Doyub həsrətindən cana gəlmişəm,
Kösövdü ağzımda dil, Kəlbəcərim.

Gəzib dağlarının çəmən üzünü,
Sinəmə tuş etdim bulaq gözünü,
Sənli günlərimin həsrət izini,
Apardı nə yaxşı yel, Kəlbəcərim.

Ana qucağıdı köksü hər daşın,
Nə yaxşı qalmadı yerdə göz yaşın,
Sənə zülm edəni tutdu qarğışın,
Yudu həsrətini sel, Kəlbəcərim.

Çəkdim nəfəsimə çiçək ətrini,
Qeyrətli, həyalı ləçək ətrini,
Anama bənzərli göyçək ətrini,
Tutdun ürəyimə tül, Kəlbəcərim.

Saysam, saya gəlməz tər yaylaqların,
Sinəndən süd əmən buz bulaqların,
O cənnət qoxulu, cənnət suların,
Eyləyir həsrətə əl, Kəlbəcərim.

Baxıram, hər yerdə yaz gülüşün var,
Könlümü oyadan söz gülüşün var,
Dağında, daşında qız gülüşün var,
Ağlama, hər zaman gül, Kəlbəcərim.

  1. 11.2020.