Rafail TAĞIZADƏ.Yeni şeirlər

Narahat ruhlar

Böyük alim Rafiq Əliyevə

Kimsəsiz evlərin eyvanlarından
kədərli, narahat ruhlar boylanır.
Baxışlar kiminin tək üst-başına,
mənim ətrafımı baxıb, yoxlayır.

Küçələr, səkilər buraxmır məni,
hər yerdə cüt, qoşa addım izləri.
Addım izlərində maqnit gücü var,
tutub ayağımdan saxlayır məni,
bağlayır özünə, bağlayır məni,
öldürüb, basdırıb, ağlayır məni…
Bu yolda, bu yerdə qəbirlər artır,
təsəlli söylənir, səbirlər artır…
Bu gecə özümü harda basdırım?
İçimdə özümə qəbir yerim yox,
bu gecə dözüm yox, səbir yerim yox.

Döşəmə daşları qəbirdi, Allah.
Yanaşı uzanan, yanaşı yatan,
tanımır bir-birin, nə sirdi, Allah?

* * *

Kimi özünü həyata uyğunlaşdırır,
kimini həyat özünə.
Kimi cərgəni düzəldir,
kimi düzən verir.
Gəlmək hələ yerində olmaq deyil.
Ya sən həyatın nəbzini tutacaqsan,
ya həyat sənin.
Özünü tanıt,
oturacağın yeri göstərəcəklər sənə.
Səmtinə işarə verən,
çiyninə əl qoyan tapılar.
Boş yuva hamıya aid deyil,
qurduğundu sənin.
Komanın ev, evin koma olması
içindəki varlığın işığından bəlli.
Nizamlar pozulanda qarışıqlıq başlar.
Biz düzəni sevərik,
həyat pərakəndəliyi.