Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”SEVGİ BURULĞANI”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor

Həsrət alovunda şam tək əridim,
Ürəyim bələndi çənə, əzizim.
Sözün işığında bəxtəvər idim,
Onu da çox gördün mənə, əzizim.

Eşqin öləziyən bir xırda közdü,
Ayrılıq yelləri əsir deyəsən.
Təkcə umacağım bir quru sözdü,
Onu da sən məndən əsirgəyirsən…

Deyirsən əlini üz sarı simdən, –
Ömür qısadı ha, tələsməliyik!
Imtina eləsək biz sarı simdən,
Sevgi nəğməsindən əl üzməliyik…

Baş aça bilmirəm özüm-özümdən,
Yanılır, kim bizə ağıllı deyir!
Mənə ağıl verib düşmə gözümdən,
Mən dəli sevmişəm, ağıllı deyil…

Sevgini qorumaq deyilmiş asan,
Çalış verməyəsən ayaza məni…
Mən dərya dibində üzən qəvvasam,
Sənsə hey çəkirsən dayaza məni.

Gözlərin nur saçır bəxt ulduzu tək,
Həsrət at oynadır içində sənin.
Mənim məhəbbətim yetim quzu tək
Büzüşüb qəlbinin künsündə sənin…

Kösöv nə söyləsin sinə dağlıya? –
Közdən bərk qorxursan, od arasan da!
Nə qova bilirsən, nə də saxlaya,
Qalmısan su ilə od arasında.

Elə düşünmə ki, məni unutsan
Həyat yollarında xoşbəxt olarsan.
Nur gələn yeganə deşiyi tutsan,
Sən zülmət içində tənha qalarsan…

Bacar al həyatdan arzu-kamını,
Bir gül tək vədəsiz solmaq istəmə.
Sən öz taleyinin intiqamını
Gizli sevgimizdən almaq istəmə…

Tale yazdığını poza bilməzsən,
“Unutmaq” havayı söz-söhbət imiş…
Sevgi dumanında aza bilməzsən,
Sevgi burulğanı müsibət imiş…

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir