1507969_175052592704102_1336503134_n
Ramiz Qusarçaylı (Həmzəyev Ramiz Mürsəl oğlu) 1958-ci ilin dekabr ayının 25-də Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur. 8 illik təhsilini Çartəpə kəndində, orta təhsilini isə Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbdə (1974-1976) almışdır. 1977-1979-su illərdə ordu sıralarında xidmət etmişdir. Xidmət zamanı Piyada Döyüş Maşınında (BMP) atıcı-operator olmuş, təlimlərdə göstərdiyi şücaətlər barədə Moskvanın “Krasnaya Zvezda”, Zaqafqaziya Hərbi Dairəsinin “Leninskaya Znamya” qəzetlərində oçerk və məqalələr dərc edilmişdir. Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Bakı Politexnik Universiteti) mexanika, Moskva Dövlət Sosial Universitetinin hüquqşünaslıq fakultələrində təhsil almış, Bakı Baş Tikinti İdarəsində, “Elm və Həyat” jurnalı redaksiyasında, “Zaman” Beynəlxalq qəzetində. Tula və Donetsk vilayətlərində müxtəlif vəzifələrdə çalışmışdır. Erkən uşaqlıq illərindən yaradıcılığa başlamış, “Bağban” adlı ilk mətbu şeiri 1975-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilmişdir. 17 yaşında ikən xalq şairi Osman Sarıvəlli ona “Qusarçaylı” təxəllüsünü vermiş, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edərək uğurlu yol diləmişdir. 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaratmış, 1994-cü ildə həmin məclisin bazasında AYB–nin Quba bölməsi təsis edilmişdir.. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2002-ci ildən isə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədridir. Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Söhrab Tahir, Musa Yaqub, Famıl Mehdi, Məmməd Aslan, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Vaqif Arzumanlı, Şahin Fazil, Vaqif Yusifli, Nazif Qəhrəmanlı, Həmid Abbas, İlham Abbasov, Əjdər Ol, Əli Rza Xələfli, Firuzə Məmmədli, Zakir Məmməd,Aynur Cəfərqızı və başqaları onun yaradıcılığına həsr edilmiş məqalələrlə respublika mətbuatında çıxış etmişlər. “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə ğözəldi yolun, Allah”, ”Almalı kitab” və “Eşşəknamə” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitablarının, “Quba” adlı foto-albomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir. Professor Vaqif Arzumanlı Ramiz Qusarçaylının həyat və yaradıcılığına həsr etdiyi “Təbiət, qeyrət, həqiqət şairi” adlı, şair-tənqidçi Zakir Məmməd “Haqqın cəlalı Qusarçaylı şeirində” adlı, Gülarə Aydın isə “Məni yaman tutub şeir havası” adlı kitablarını dərc etdirmişlər. Şeirləri ingilis, rus, ukrayna, fars və Dağıstan xalqlarının dillərinə tərcümə edilmiş, Donetsk şəhərində “Buz örtüyü” adlı topluda dərc olunmuşdur. Kitabları Rusiya, Ukrayna, Iran və Türkiyədə nəşr olunmuşdur. Macar, italyan, ingilis, rus, ukrayna dillərindən tərcümə etdiyi şeirləri “Göyəm ağacı” adlı kitabda dərc olunmuşdur. “Ay işığı” ədəbi məclisinin rəhbəri kimi Dərbəndin ədəbi qüvvələri ilə sıx əlaqələr yaratmış, bu da milli tərkibi müxtəlif olan bir bölgədə dostluğa, qardaşlığa və sivil mədəniyyətimizin işıqlı sabahına xidmət edən ədəbi mühitin yaranmasına gətirib çıxarmışdır. 2009-2010-cu il üçün Prezident təqaüdünə layiq görülmüşdür. *** Bir ölüm günüdü hər doğum günü, dünyaya gəlmək də özünə qəsddi. Beşik də məzardı, ana bətni də, Dünya ömür-ömür qırılan səsdi… Nə ürəyim təzə, nə ağlım təzə, ağlın adı ağır, ürəyin yükü. Ürəyə, ağıla işığa bənzər bir-iki misranın sarısı çöküb. Daha bu yollara nə sirr düşəcək, nə də heyrətimi yol aparacaq. Ürəyim bir sözə əsir düşəcək, bir söz ürəyimi qul aparacaq.. YUXU Bu yuxu gör harda haqladı məni, Torpağın altında, Yerin gözündə. Bu yuxu gör harda ağladı məni , Ağlaya bilərdim elə özüm də… …Gecələr yuxumu ərşə çəkənlər Səhərlər yuxuma bal qatıb mənim. Ayıq baxışlara yuxu əkənlər Yuxu becərənlər aldadıb məni. O xəzəl illərin sarısı dən-dən, Yerində inadım yarpaqlayıbdı. Yuxulu günlərim quyu dibində Özü öz üstünü torpaqlayıbdı. Nə çıxar təzədən kükrəyəm,daşam, Yuxulu əllərim heç yana çatmır , Özüm illər boyu yatıb qalmışam, Sinəmdə hisslərim qiyamı yatmır… Məni fikir-fikir geyən qayğılar, Məni misra-misra soyunur indi. Günəş işığında ölən duyğular Fanar işığında yuyunur indi. Yarımçıq əmrə də,günə də yadam, Fərqi yox,budaqda çürü,ya tökül… Özüm öz əlimi yandıran odam- Özüm öz gözümə səpələnən kül. Ayırıb özümü duyğudan ,hissdən Başımı yuxu ilə qatan deyiləm. O qədər yatmışam torpağın üstdə Torpağın altında yatan deyiləm…