Müqəddəs şəhidlər xiyabanı. Bığ yeri təzəcə tərləmiş, üzündə, çöhrəsində hələ uşaqlıq cizgisi itməmiş Məzahir gözlərini anasına dikib baxır, hey baxır. Ömrünün hələ ümidli bir çağında Ümid adlı məfhumdan məhrum olan Züleyxa ana. Ana…beşikdən qəbir evinədək hər bir insan övladının deyə biləcəyi ən müqəddəs söz…
Bəli, Züleyxa ana da öz oğlu Məzahirə baxır, hər ikisi gözlərini bir – birinə tuşlayıb hey baxışırlar. Heç biri tərpənmir. Heç birinin gözündə ümid çırağı parlamır.
Ana bir anlıq öz balasının dünyaya gəlməyini xatırlayır. Körpə dil açır, ana deyir. Ömür gün yoldaşını itirən Züleyxa ana öz körpəsini bir qarın ac, bir qarın tox böyüdür. Əlindən tutub məktəbə aparır. Körpə övladının mərifət və qanacağı, gözəl biliyə və bacarıqlara yiyələnmək həvəsi anaya kimsəsizliyini, arxası , dayağı olmamağı unutdurur. Anada yeni arzular baş qaldırır. Xəyallar onu lap zirvələrə aparmağa başlayır. Zaman isə qaçır, tələsirdi. Körpə Məzahir isə bir göz qırpımında böyüyür, boy – buxunlu bir gəncə çevrilirdi. Ananın sonsuz arzuları həyata keçir, gerçəkləşirdi. Onun həyatda yeganə simsarı, kimsəsi olan oğlu indi ali məktəbə daxil olmuşdu. Ana xəyalının gerçəkliyi oğlunu bacarıqlı, vətənpərvər bir insan pilləsinə aparıb çıxarmışdı. Ehh… Fikirlər, Arzular, Xəyallar… siz doğrudan da əlçatmazsınız. Siz doğrudan da elə olduğunuz kimisiniz.
Ana xəyallarında uçduğu zaman özü də hiss etmirdi ki, gözlərindən gilə – gilə yaş süzülüb dərddən, kədərdən qırışmış solğun çöhrəsini isladıb. Ən müqəddəs. ən qiymətli olan göz yaşları əbədi yoldaşı və əbədi simsarı kimi indi də onu yalnız buraxmadı. Xəyallar ananın fikirlərini uzaqlara apardı, bir anlıq keçmişə qayıtdı ana. Öz qara bəxtini həsrətlə, ağrı acı ilə vərəqləməyə başladı…
– Ana, ay ana bu gün birinci kursu bitirdim, özü də əla qiymətlərlə. Ay ana baxarsan mən millətimin keçmişini tarixini öyrənən, onu gələcək nəsillərə ötürən bir körpü olacam.
– Ol, ay bala ol. Sənin boyuna qurban, sənin ağlına qurban ay oğul. Sən bilsən ki, sənin xoşbəxt gələcəyini görmək üçün bu 20 ildə mən nələr çəkmişəm.
– Bilirəm ay ana – deyə Məzahir dilləndi. Mənim də arzum budur ki. Sənə çəkdiyin bütün əzab – əziyyətləri, dərdləri unutdurum. Düzdür, dərd insana vurduğu zərbə ömrü boyu unudulmaz olur. Amma mən bütün səylərimlə çalışacağam ki, səni heç olmasa bundan sonra xoşbəxt edim. Axı analar xoşbəxt olmaq üçün yaranıblar. Bütün analar dərd yükünü daşıyan olur… Məzahir bir anlıq fikrə getdi. Axı insan xoşbəxt olacaqsa bu qədər dərd, qübar, əzyyət çəkməyi nəyə lazımdır ? Yox, yaradan yaratdığı kimsəyə əziyyət verirsə yəqin ki, onu xoşbəxt edəcək. Bəlkə bu bir sınaqdır…Məzahir özünə təskinlik vermək istəsə də alınmadı. Həyata gələn gündən bu günədək anamda, mən də zülm – zillət içində yaşamışıq. Elə axıracan da belə gedəcək.
– Mənə nə olub belə ? Mən ki, gələcəyə ümidlə baxmışam. Ümidli arzularla yaşamışam. Qorxuram nədi ? Əsla ! Mən məqsədimə çatacam ! Mən məğlub olamayacam ! Məqsədə çatmaq üçün bir yol var – Zəhmət. Mən o yolu qət edəcəm. Öz- özündə mübahisə aparan Məzahiri anasının səsi fikirdən ayırdı.
– Ay oğul sən fikirləşmə ki, mənim dərdlərimi unutdurmaq üçün nə isə etməlisən. Sən məktəbini oxuyub qurtarsan inşallah bir işin sahibi olarsan. Evlənərsən. Mən də nəvələrimlə, gəlinimlə başımı qataram. Bax bu mənə hər şeyi unutduracaq. Züleyxa ana bundan sonrakı cümləni demədi. Ürəyində nisgil edib köks ötürdü. Ancaq qəlbində Allahına səsləndi : Allahım bu nə işdir, dərd var insanı ağladır, mənim dərdim özü ağlayır… Lakin, tez özünü ələ alıb ümidli sabahının arzularını davam etdirdi.
– Sənin toyunu demirəm hələ. Sən dünyaya gəlməmiş rəhmətlik atan övladının elə bir toyunu arzulayırdı ki, misli bərabəri görünməmiş olsun. Nə isə…görünür qismət beləymiş …amansız ölüm onu tez aldı bizim əlimizdən. Çox gördü onu mənə. Lap körpəlikdən bir həyətdə böyümüşdük onunla. Bir yerdə məktəbə getmişdik. Məktəb yaşlarından bağlanmışdıq bir – birimizə. Dost, həmdəm, sirr yoldaşı olduq bir – birimizə. Gənclik yaşlarına dolanda mən valideynlərimi itirdim. Ailənin yeganə övladı olduğun üçün, kimsəsiz yetim qaldım. Bütün varlığımla, bütün ümidlərimlə atana arxalandım. Ona sığındım. Elin adəti ilə məni bu evə gəlin gətirdi. Hər şeyi onda tapmışdım. O, mənim yeganə ümidim idi.
Züleyxa ananı qəhər boğdu. Özünü göz yaşları axıtmaqdan güclə saxladı. Gülümsədi… Amma bu gülüş saxtalığını asanlıqla biruzə verdi.
– Ana, qurban olum bəsdir. İndi mən varam. Atamın yadigarıyam sənə. Sən də mənə. Atamın üzünü görməsəm də onun nece insan olduğunu bilirəm. Mən onun yerini tuta bilməsəm də, çalışıb onun adını doğruldacağam – deyərək Məzahir anasının boynunu qucaqladı.
Köksünə sıxıb, öz göz yaşlarını gizlətmək üçün boynunu yana çevirdi. O, anasına təsəlli vermək istədi. Amma kimsəsizliklərindən, arxalarında heç kimin olmadığını düşünüb özüdə kövrəldi. Səsinin boğulduğunu görüb daha danışmadı. Danışmadı ki, doğma anası da onun aciz, gücsüz olmasını görməsin. Axı gücsüzlük elə kimsəsizliyin təsdiqi idi… Bir müddət beləcə qaldı ana bala. Həyat necədə cansıxıcı, darıxdırıcı və ümidsiz idi. Bu zaman için – için ağlayırdılar… Hər ikisi öz xəyalında bunu düşünür, hey için – için ağlayırdılar. Ağlayırdılar … Bu isə ümidlərin sonuncu közərtisini də söndürdü. Sanki həyatın işığı sönməkdə idi bu iki kimsəsiz insanlar üçün. Deyirlər insanın dərdi üzündə əks olunur. Kim deyibsə doğru deyib. Dərd insanın üzündə şer sətri kimi misra – misra həkk olunur.
İçin – için ağlayıb dərdlərini bölüşən ana bala sükutun əsiri olmuşdular elə bil. Dillənmirdilər. İstəmirdilər bu sükutu pozmağı. Dillənməyə qorxurdular ele bil. Sükut dərdlilərin əvəzsiz zamanıdır. Bu zamanı belə insanlar yəqin ki, hec bir şeylə dəyişməzlər. Çünki, hec nə onlara sükutun verdiyi fikir düşüncələrini bu qədər keyfiyyətli verə bilməz. Yaşada bilməz…
Züleyxa ana cürət edib sükutu pozdu. Oğluna indiyədək həyatında yaşanan bir neçə anı nəql etməyə başladı.
– Oğlum mənim, atan sənin xoşbəxt gələcəyini görmək üçün nələri qurban vermədi ? Bunu bir allah bilir. Hər şeydən faydalanırdı ki, sənə lazımi şəraiti qursun Amma alınmadı. Cəmi yeddi ay on üç gün ailə həyatı sürdük. Necədə müqəddəs və əvəzsiz günlər idi o günlər. Gənc ailə olsaq da qayğılarımız çox idi. Rəhmətlik olacaq övladı haqda düşünərdi. Elə övlad ki, qayğısız, cəfasız, dərd səri olmadan yaşasın. Nə biləydi ki, fələk onun arzularını ürəyində qoyacaq. Nə biləydi ki, gecə – gündüz üzünü görmək, səsini eşitmək, qulluğunda durmaq istədiyi körpə balasının üzünü görməmiş ölüm onu ağuşuna alacaq…
– Ehh… ölüm..! Necə qıydın ona, necə ? Heç öləsi insan idimi o ? Heç kimə pisliyi keçməmişdi. Heç kimin büdrəməsini istəməzdi. Çalışardı ki, zəiflərin əlindən tutsun, kömək etsin. Ehh… Göz yaşları… Nə yaxşı ki, göz yaşları var bu dünyada. Yoxsa kimsə əsla əllidən yuxarı yaşaya bilməzdi acımasız, zalım dünyada…
– Ana qurban olum sənə, ay ana ağlama – bu səs Züleyxa ananı kədər yağışı yuxusundan ayıltdı sanki. Tez özünü ələ almağa çalışsa da bunu bacarmayan anaya kimsə təsəlli verməyə cəhd elədi : – Allah o dünyasını rəhmət nuru ilə işiqlandırsın ana. Səbrli ol. Və daha nələr… nələr…
Təsəllilərin sonu olmaz bu dünyada. Lakin, dərdə dərman olanı da olmaz bu dünyada təsəllilərin. Yalnız ovudar, unutdurar bir müddət bizə kədərimizi. Ancaq əvəzləməz həyatı və həyat anlarını.
Yanında gənc, cüssəli bir zabitin təsəlli səsinə ayılan Züleyxa ana bir anlıq duruxsa da, özünü ələ alıb dilləndi : – çox sağol oğlum, sadəcə xəyallar öz ağuşuna aldı məni, ağlatdı. Ağlatdı ki, yenidən gülməyə güvvətim olsun.
– Ağlama ay ana. Mən elə yarım saat olar ki, Bakıya çatmışam. Şınıxdan gəlirəm, cəbhədən.Bu torpağın uğrunda hər gün onlarla, yüzlərlə sənin övladların şəhid olur. Uzun illər oyuncağına çevrildiyimiz bir oyunun qurbanına çevrilir. Anam mənim ! Allaha şükürlər olsun ki, bax bu qəbirdə yatan şəhidimizin. Məzahirin arxasınca ağlaya biləcək gücə sahib olan iki göz var. Hər gün şəhid olan qardaşlarımızın çoxunun adını belə xatırlayacaq kimsələri yoxdur. O ki, qalsın göz yaşı axıtmağa… Anam mənim, elə bir zamanda yaşamaq nəsibimiz oldu ki, ailəsi şəhid olan bir qadının bir tikə çörək xatirinə diləndiyinin də şahidi oldu gözlərim. Budurmu şəhidlik ? Budurmu Vətən sevgisindən doğan şəhidlik zirvəsinə qoyulan dəyər ? Baxın, ana oğlunuz Məzahirin məzarının yanında olan bu şəhid məzarı həmin vətən fədaisinin son qərargahıdır. Bu gün onun ölüm günüdür. Ancaq ziyarətinə gələni yoxdur… Yoxdur… indi onun yaşamaq həvəsindən bezib intihar edən xanımı da yoxdur. Bu gün acılara sinə gələ bilməyən, zamanın yükünə tab gətirmək taqətini itirən bu şəhid qardaşımın özünə və 2 yaşlı körpəsinə qəsd edən xanımının dəfn günüdür. Dözümsüzlükdən ölümün ağuşuna atdı özünü və kiçicik körpəsini…
Qəribə həyat, sən nə qəribəsən demirəm. Biz qəribik sənin gərdişində. Bizi yaşadan ümidlərimiz tükənəndir sənin fələyinin çərxində. Həyat isə davam edir…Ümidlər tükənən də belə…
Mən vətənəm,
Vətən də mən,
Vətənsiz mən heç kiməm..!
Kəfənsizəm..!
Vətən şəhid qanıdır…
Şəhidsə mən…EY VƏTƏN !!!
Bakı şəhəri.1993 cü il.8 yanvar.
Ümidlərin tükəndiyi bir zamanlar.
14 yaşlı gəncin şəhidlər xiyabanında
yaşadığı bir günün xatirəsi…