Bismillahir-rəhmanir-rəhim!
ALLAHIN BİRLİYİNİN TƏRƏNNÜMÜ
(Tövhid)
Salehə,möminə bir də qullara,
Allahdan savayı sığınacaq yox.
Əməldə Allaha yaxın olana,
Allahdan savayı sığınacaq yox.
Mayadan yoğrulan təmiz diləyə,
“Quran” oxunanda əsən ürəyə,
Əməl dəftərini yazan mələyə,
Allahdan savayı sığınacaq yox.
Nazil ediləni bilən kəslərə,
Sevinci Allahla bölən kəslərə,
Din,iman uğrunda ölən kəslərə,
Allahdan savayı sığınacaq yox.
Şükürlər eyləyib,oruc tutana,
Saleh zirvəsinə gəlib çatana.
Aşını savabla hər an qatana,
Allahdan savayı sığınacaq yox.
Dünyada göyü də, yeri də bilən,
Bu qədər dünyada sirri də bilən.
Əməldə mini də,biri də bilən,
Allahdan savayı sığınacaq yox.
Gizlini,aşkarı bir yerdə bilən,
Hər işdən bəndəni agah eyləyən.
Şəninə hə zaman tərif deyilən,
Allahdan savayı sığınacaq yox.
Tanrı dərgahına çatan xoşbəxtə,
Müqəddəs torpaqda yatan xoşbəxtə.
Şeytana çay daşı atan xoşbəxtə,
Allahdan savayı sığınacaq yox.
ALLAHIN FƏZİLƏTLƏRİNİN TƏRƏNNÜMÜ
(Minacat)
Cilovlayım hissiimi buxovlu bir at kimi,
Dinsin doaqlarımda nəğmə bir həyat kimi.
Qoy ensin dərgahından ulu mərhəmət hər an,
Axı sənsən dünyanı dünən, bu gün yaradan.
Zaman-zaman, anbaan gəlməsin cana qada,
Zikr edə-edə səni yenə də salaq yada.
Külə çevrilsin hissim yönəlsin sənə sarı,
Həsrətimdən dağların ərisin dümağ qarı.
Bu yolda şeirlərim dəstə-dəstə düzülsün,
Dağların arasından haqqın nuru süzülsün.
Qüdrətli mələklərin yol gəlsin qatar-qatar,
Sən olmasa denən kim köməyimizə çatar?!
Bağışla günahımı Muhəmmədin*1 xətrinə,
Qərq eylə bu ömrümü gül-çiçəyin ətrinə.
Möhlət ver mənə yenə sənin səcdəndə durum,
Dan yeri söküləndə şeir mülkünü qurum!
Qərq eyləyib ömrümü nura boyadın bütün,
Yenə cana gətirdin şair qəlbimi bu gün.
Bax, beləcə hərdən də düşünəndə özümə,
Qayğıların içində şölə gələr gözümə.
Bilirəm ki, cahanda ixtiyarım səndədir,
Yığılan dərdi-sərim dumandadır, çəndədir.
Hədərdən qazanılan günahların hamısı,
Nəfsimin ucbatından yenə, yenə məndədir.
Ehtiyacsız olduğun qavrayıb analyıram,
Səhvlərim də artdıqca özümü danlayıram.
Sevinirəm, düzü, mən QUL BƏNDƏ doğulmuşam,
Atam, anam üçün mən şair oğul olmuşam.
Sevməliyim ömrümün sonuna qədər səni,
Allah, şükür hökmünə şair yaratdın məni.
*Həzrəti Muhəmməd peyğəmbər ( s.ə.s.) işarədir
PEYĞƏMBƏRİN TƏRİFİ HAQQINDA
( Nət)
Həzrəti Muhəmməd-sadiq peyğəmbər,
Qövminə seçildi yeni bir rəhbər.
Çağırdı bəndəni haqqın yoluna,
Namazda baxmadı sağı-soluna.
O, haqqın nurunu gətirdi bizə,
Rukuda qoyardı əlini dizə.
Səhərdən-axşama namaz qılardı,
Qıldığı namazdan ilham alardı.
Fəqət o heç zaman qeybət etməzdi,
Şeytanın yolunu tutub getməzdi.
Yaradan Allaha bel bağlayardı,
Düşünüb, düşünüb,hey ağlayırdı.
Üzündən, gözündən nur tökülərdi,
Günəş oyanmamış dan sökülərdi.
Səcdə ibadətlə keçərdi günü,
Hələ də qalıbdı dillərdə ünü.
Varlığı, vücudu heç solmamışdı,
Onun tək peyğəmbər heç olmamışdı
.
Dilində, sözündə “Allahu Əkbər”,
Qövminə seçildi yeni bir rəhbər.
Allahın adını eşidən zaman,
Fəqət titrəyərdi bədəni, inan.
BİLİRƏM Kİ, ALLAHDAN SAVAYI TANRI YOXDU
(Mədhiyyə)
Haqqı inkar eyləyən tayfanın yüzü keçdi,
Dağı dolaşıb bir-bir aranı, düzü keçdi.
Çox şükür ki, ay Allah, peyğəmbər sözü keçdi,
Fitnə-fəsad törədən bəndənin sayı çoxdu.
Bilirəm ki, Allahdan savayı Tanrı yoxdu!
Mömin bəndələrin də cənnətçün çalışacaq,
Sonda dünya özünün dərdini danışacaq.
Bəs kafirlər nə vaxtı təkliklə barışacaq,
Qəlbləri yarıb keçən: kamandı, neydi, oxdu.
Bilirəm ki, Allahdan savayı Tanrı yoxdu!
Zəlimxanın dilində unudulmaz qəzəl var,
Yaradana səcdəyə neçə mömin, gözəl var.
El-obanın içində sınanılmış məsəl var:
“Kafirin gözü acdı, möminin gözü toxdu!”.
Bilirəm ki, Allahdan savayı Tanrı yoxdu!
Din, imana gələnin titrədi qəlbi əsdi,
Yolunu nə şaxta, qar, nə də ki, boran kəsdi.
Bilməm, bu ömür niyə sonluğuna tələsdi,
Yenə namaz əhlinin gözləri haqdan qorxdu
Bilirəm ki, Allahdan savayı Tanrı yoxdu!
Haqqı inkar eyləyən tayfanın yüzü keçdi,
Dağı dolaşıb bir-bir aranı, düzü keçdi.
Çox şükür ki, ay Allah, peyğəmbər sözü keçdi,
Fitnə-fəsad törədən bəndənin sayı çoxdu.
Bilirəm ki, Allahdan savayı Tanrı yoxdu!