Kənan AYDINOĞLU

“Hüseyn Arif” Ədəbi Birliyinin üzvü.

Dünyadan böyükdür şairin dərdi

Məndən soruşsalar, şairlik asan,
Yoxsa ki, yığılan dərd qədərağır?!
Duyub-anlamazsan, inan, a quzum,
Şairin gözündən nə həsrət yağır.

Əsrlər boyunca, tarix boyunca,
Şairlər qələmin sınadı gəldi.
Gözünə qəm-kədər ələnən zaman,
Yenə cəmiyyəti qınadı gəldi.

Axı o neyləsin ömrün mayası,
Əzəldən xəbərsiz belə yoğrulmuş.
Gülsə də, hər üzə körpələr kimi,-
Qəlbində, könlündə kədər doğulmuş.

Bulaq tək gözündə coşub-çağlayan,
Nə Kürü, nə də ki Arazı qaldı.
Gülməsə, üzünə bu ömür onun,
Həyatın özündən narazı qalır.

Onun da dərdini başa düşməli,
Dünyada özünü özü axtarır.
Baxışla qəlbləri ovsunlamayan,
Qayğılı gözlərdə gözü axtarır.

Tarixdə sınanmış bir həqiqətdir ki,
Sevməsə, bir qıza salmaz meylini.
Gah düşüb səhraya Məcnunlar kimi,
Axtarır yenə də sadiq Leylini.

Yaxşı ki, əzəldən coşan qəlbində,
Nə dovşan, nə tülkü, nə də qurd qalmış.
Dünyanın özündən dörd dəfə böyük,
Bir şair dünyası bu gün yurd salmış.

Şair ilhamının coşub-daşması,
Şairin özünə yenə xoş xəbər.
Dünyası qayıdıb gəlsə yanına,
Dağılıb gedəcək gözündən kədər.

Yolunu gözləyir bu torpaq sənin

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
şimallı-cənublu şairimiz Məhəmmədhüseyn Şəhriyarın ruhuna sevgi və sayqılarla!

Bağlanan sərhədə dirəklər çəkmək,
O tayın, bu tayın həsrəti oldu.
Ustad Nizaminin böyük heykəli,
Bir qəlbin bir qəlbə hörməti oldu.

Üstündən nə qədər ötüşdü illər,
Nə sözün kəsildi, nə də əsərin.
Tökdü göz yaşını əsrlər boyu,
Geniş xatirəli ayna Xəzərin.

Tehran da, Təbriz də yanaşı durub,
Yolunu gözləyir, yolunu, şair!
O tay da, bu tay da unudarmı heç,
Bir şair oğlunu, oğlunu, şair?!

İnan ki, torpağın ehtiyacı var,
Sənin tək alovlu yanar bir cana.
Bəs niyə qayıdıb gəlmirsən, denən,
“Şairlər torpağı Azərbaycana?!”.

Gərək ki, şerinin hər bir kəsəri,
Bir elin-obanın dağ-daşı olsun!
Haraylı şeirin Kövkəb ananın,
Yanaqdan süzülən göz yaşı olsun!