1460002_227674277401365_1286119474_n

OLMADI

Əridim mum kimi, amma,
Dildə nalə, ah olmadı.
Hamı yandı bu halıma,
Nə sirdir?-Agah olmadı.

Dedi kimsə məni görcək,
Nə xəyaldır, nə də gerçək.
Hər kəs oldu, ancaq bir tək,
Öz eşqinə şah olmadı.

Sözüm özümə tor qurdu,
Özüm sözümün gor yurdu.
Hər kəs ürəyimə vurdu,
Qəlbim nişangah olmadı.

Kim əl açdı gündə sənə,
Haram qatdı kündəsinə.
Allah, məndən bəndə sənə,
Olmadı, vallah, olmadı.

BAĞLA QAPINI

Ürək, bir vaxt bəzəmişdin,
Təmtəraqla qapını.
İndi yaman səs eyləyir,
Bir az yağla qapını.

Yolun yoxuş, yolun hamar,
Hərdən oyaq, hərdən xumar.
Birdən kimsə mədət umar,
Açıq saxla qapını.

Mənli həyat, mənsiz rahat,
Gedirəm mən, qal salamat.
Yola sal, arxamca su at,
Sonra bağla qapını!