Azərbaycan Yazıçılar Birliyində (AYB) «Bir bənd şeir» müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbiri açan AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza müsabiqə haqqında ətraflı məlumat verib: «Ötən ilin dekabrında Ayb.az saytı fəaliyyətə başlayıb. Bundan təxminən bir həftə sonra yanvarın 2-də «Bir bənd şeir» müsabiqəsinə start verdik. 31 yanvaradək davam edən müsabiqəyə 148 şeir təqdim edilib. Seçimlərin ədalətl olması məqsədilə münsiflərin adı açıqlanmayıb. Müsabiqənin birinci mərhələsində münsiflər heyətində Elmin Nuri, Cavid Zeynallı və Fərid Hüseyn təmsil olunub. 148 şeirdən 30 şeir seçilərək Qulu Ağsəs, Rövşən Danyeri və Elşad Ərşadoğludan ibarət növbəti jüri heyətinə təqdim edilib. Həmin 30 şeirdən 7-si təkrar olduğu üçün qalan 23 şeirin içərisindən ilk onluğa düşən şeirlər müəyyənləşib». X.Rza bildirib ki, müsabiqənin qalibini Yazıçılar Birliyi, ikinci yerin sahibini «Kitabçı» jurnalı, yarışmanın üçüncüsünü Akademiya Kitab Mərkəzi mükafatlandırıb. Müsabiqənin birincisi Furqan Sadıq, ikincisi Mais Təmkin, üçüncüsü isə Firdovsi Rəsul olub. Onluqda növbəti yerləri müvafiq olaraq Anar Gülümsoy, Vasif Əlihüseyn, Elxan Yurdoğlu, Vasif Zöhraboğlu, Elçin Aslangil, Roma Xosrov və Hicran Hüseynova bölüşüb. Qaliblərə qiymətli hədiyyələr və sertifikatlar təqdim olunub. «Kitabçı» jurnalının baş redaktoru Səlim Babullaoğlu çıxışında Xəyal Rzanın AYB-nin mətbuat katibi seçildikdən sonra təşkilatın işində daha da isinmə müşahidə olunduğunu diqqətə çatdırıb: «Saytın yaradılması, ədəbi proyektlərin təşkilində qurumun mətbuat katibi Xəyal Rzanın böyük əməyi var. Məlum olduğu kimi bu yaxınlarda «Kitabçı» jurnalını təsis etdik və «Bir bənd şeir» müsabiqəsinin nəticələrini ekskluziv olaraq jurnalımızda vermək üçün Xəyal Rzaya müraciət etdik. Təşəkkür edirəm, xahişimizi yerinə yetirdi. Biz də bunun əvəzində ikinci yerin qalibini mükafatlandırmağı üzərimizə götürdük. Şairin, yazıçının mükafatlandırılması gələcək yaradıcılığı üçün stimul verir. Bu baxımdan belə müsabiqələrin təşklini mühüm hesab edirəm. Mən münsiflərin obyektivliyinə və qərəzsizliyinə şübhə etmirəm. Sadəcə, zövq məsələsi var. Zövqlər dartışılmaz».Səlim Babullaoğlu müsabiqənin mükafatlandırılması qisimində iştirakına görə Akademiya Kitab Mərkəzinə və Nizami Kino Mərkəzinə minnətdarlığını bildirib. Şair Qulu Ağsəs müsabiqəyə yaxşı şeirlərlə yanaşı zəif mətnlərin də təqdim olunduğunu deyərək münsif kimi obyektivliyin qorunub saxlanmasına çalışdıqlarını dilə gətirib. Q.Ağsəs bildirib ki, AYB-də nəsrlə bağlı layihələrin təşkli də arzuolunandır. Şairə Fərqanə Mehdiyeva, tanınmış jurnalist Nicat Dağlar, şair Fərid Hüseyn belə müsabiqələrin təşkilini gənc yaradıcı insanlara verilən yüksək qiymət kimi səciyyələndirib. Tədbirdə çıxış edən müsabiqənin ikincisi, Lerik rayon sakini Mais Təmkin qaliblər adından çıxış edərək müsabiqənin təşkilatçılarına təşəkkürünü çatdırıb.